RU

Məktəblərə, sadəcə, “hədiyyə paylayanlar” kimi getmirik - Nigar Bayramlı

Yazını böyüt
Yazını kiçilt

Uşağı anlıq sevindirmək deyil, onun özünəinamını bərpa etmək lazımdır...”

Müasir dövrdə yardım anlayışı getdikcə daha dərin məna kəsb edir. Çox vaxt bu anlayış maddi yardımların göstərilməsi ilə məhdudlaşır.

Mövzu ilə bağlı Hafta.az-a “Güvən” Xeyriyyə İctimai Birliyinin rəhbəri Nigar Bayramlı danışıb.

- “Güvən” Xeyriyyə İctimai Birliyinin bugünədək məqsəd və məramında nə kimi yeniliklər oldu?

- Təşkilatımızın fəaliyyəti, əslində, daha köklüdür; ötən il bizim bir qrup kimi fəaliyyətimizin 16-cı ili tamam oldu. Rəsmi İctimai Birlik (QHT-red.) kimi isə artıq 3 ildir fəaliyyət göstəririk. Bu illər ərzində ən vacib prinsipimiz fəaliyyətimizin kəsilməzliyi olub.

Bizim əsas məqsədimiz cəmiyyətə sağlam köklər bəxş etməkdir. Məramımız şərti olaraq 100 uşaqdan heç olmasa birinə elə toxunmaqdır ki, o uşaq gələcəkdə öz növbəsində başqa birinə dəstək olsun. Bizim üçün yardım sadəcə maddi ləvazimat deyil, insanın ruhuna toxunmaq və cəmiyyət üçün faydalı fərd yetişdirməkdir. Hesab edirəm ki, əslində Vətənə sevgi də elə budur. Axı Vətənin gələcəyi sağlam düşüncələrdə olmalı, ideyalar gözütox nəsillərin daxilində böyüməlidir.

- “Güvən”in məktəblərdə həyata keçirdiyi layihələr uşaqların güvənini nə qədər qazana bilir?

- Uşaqların etibarını qazanmağın yeganə yolu onlarla səmimi və bərabərhüquqlu təmas qurmaqdır. Yəni uşağın güvənini ona yuxarıdan aşağı baxaraq qazanmaq olmaz. Biz məktəblərə, sadəcə, “hədiyyə paylayanlar” kimi getmirik. Bizim layihələrimiz uşaqların daxili dünyasına xitab edir. Onlar hiss edəndə ki, biz onlara şəfqət obyekti kimi deyil, gələcəyin bir şəxsiyyəti kimi baxırıq, o zaman aradakı güvən baryeri qırılır. Bizim dərdimiz uşağı anlıq sevindirmək deyil, onun özünə olan inamını bərpa etməkdir.

- Məlumdur ki, kasıb uşaqlar deyilən şagirdlərimiz də var məktəblərdə, onların güvənini necə qazana bilirsiniz və nə kimi yardımlarınız olur?

- Mən “kasıb” ifadəsindən qaçmağı üstün tuturam. Uşaqların dünyasında belə bir anlayış olmamalıdır. Bizim məqsədimiz uşaqlara maddi yardım göstərməklə yanaşı, onların mənəvi rahatlığını təmin etməkdir. İstəmirik ki, o uşaqların gözü başqalarının əlində qalsın, özlərini kimdənsə əskik hiss etsinlər. Onlara hədiyyə verərkən məqsədimiz sadəcə sevindirmək deyil, həm də onların ehtiyac hissini kökündən aradan qaldırmaqdır. Onların güvənini "acıyaraq" deyil, rasional həllər təqdim edərək qazanırıq. Xeyriyyəçilik bizim üçün emosional deyil, rasional qərardır: problem varsa, onu fundamental şəkildə həll etmək lazımdır. Yardım fəlsəfəmiz acıma hissi üzərində deyil, fundamental dəstək üzərində qurulub. Bəlkə də buna görə cəmiyyət olaraq kiçik bir yaxşılıq görəndə belə təəccüblənirik. Biz vəziyyəti artıq mərhəmət anlayışından çıxarmışıq; yardımı daha çox "yazıqlıq" hissinə bağlayaraq etməyə çalışırıq ki, bu da yanlış yanaşmadır.

- Bir çox şəhər, rayon və kənd məktəblərində uşaqlarla təmas quran bir cəmiyyət rəhbəri olaraq, gəncliyimizi o uşaqların baxışlarında necə görürsüz?

- O baxışlarda mən böyük bir potensial və eyni zamanda böyük bir məsuliyyət görürəm. Regionlardakı uşaqların gözlərindəki işıq bizə gəncliyimizin nə qədər saf və güclü olduğunu göstərir. Bizim borcumuz o işığın sönməsinə imkan verməməkdir. Mən o baxışlarda gələcəyin həkimini, müəllimini, mühəndisini görürəm. Əgər biz onlara düzgün şəkildə toxuna bilsək, o uşaqlar Azərbaycanın ən parlaq gələcəyi olacaqlar. Çox təəssüf edirəm, hazırda o uşaqlara özlərini tapmaq üçün daha böyük şərait yaratmağa geniş imkanlarım yoxdur. Amma bu 16 il ərzində bilirəm ki, heç bir işimiz boşa getməyib və ardı daha gözəl olacaqdır.

Regionlardakı uşaqların yanında mütəmadi olan bir insan kimi sizi əmin edirəm ki, onların hər biri artıq bir şəxsiyyətdir; kimisi çox mərhəmətli, kimisi çox ağıllı, kimisi isə bəlkə də dahidir…

- Qəbul etməsək də, təəssüflər olsun, “kasıb şagird” məfhumu var və hər zaman dəstəyə ehtiyac duyur. “Güvən” olaraq kasıb şagirdlərə nə kimi yardımlar edə bilirsiniz?

- Bizim yardımlarımız, sadəcə, maddi ləvazimatlarla bitmir, onlar daha çox fundamental xarakter daşıyır. Məsələn, ağır xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün möcüzə lazımdır, bəli, amma rasional baxdıqda, o möcüzə də düzgün tibbi və mənəvi dəstəklə mümkündür. Bizim üçün ən böyük yardım uşağın mənəviyyatına toxunmaq, onun "mən tək deyiləm" deməsini təmin etmək və cəmiyyətə sağlam fərd kimi yetişməsinə kömək etməkdir. Biz hədiyyə paylamırıq, biz gələcəyə yatırım edirik.

Sizi növbəti layihələrimizdən birində qonaq qismində görməkdən şad olarıq. Bu, bizim fəaliyyətimiz zamanı uşaqlarla qurduğumuz o səmimi bağı, onların gözlərindəki işığı və "sağlam köklər" fəlsəfəmizi real mühitdə görmək üçün gözəl bir fürsət olar. Mətbuatı aramızda görməkdən məmnun olarıq.

Arzu Zeynallı

Избранный
32
hafta.az

1Источники