525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Südabə AĞABALAYEVA
İntiqam Qasımzadənin bir bəndlik... upuzun bir şeirini ilk dəfə oxuyanda bu ilk misrasını qüssəsi ürək çatladan tənhalıqlara elegiya kimi qavramışdım. Sonra bir başqa ovqat bu misranı başqa cür göstərmişdi: "milyon illərdi yol gələn" gələnini yox, gedənini gözləmək intizarının şəkli kimi. Bəs "ulduz işığı"?.. Ümidin çalarıydımı? Bunun cavabını tapa bilməmişdim.
Yusif Səmədoğlunun obazını bir cümlə ilə ifadə etmək, bu obrazın başlıca cizgilərini "yığmaq" istəyəndə... qəflətən başa düşdüm: "uzaq ulduzların işığı kimi" ifadəsi həm də Yusif Səmədoğlunun mükəmməl obrazıdır; nurdan tökülmüş əbədi xatirəsinin şəffaf ruhudur, gümüşü rəngidir, qeyb aləminin heç vaxt susmayacaq sədasıdır: gəldi-gedər dünyaya amanat nişanasıdır. Bu bir bəndlik şeir, hansı kontekstdə yazılmasından, ünvanından asılı olmayaraq, həm də İntiqam Qasımzadənin Yusif Səmədoğluya qibtəolunacaq vəfadarlığının rəmzidir. Bunu ona görə əminliklə yaza bilirəm ki, jurnalda işlədiyim 25 ilin elə bir gününü görmədim ki, İntiqam Qasımzadə - "Azərbaycan" jurnalının Baş redaktoru - redaksiyada Yusif Səmədoğlunun adını dilinə gətirməsin, onun haqqında, onunla danışmasın, onunçün darıxmasın... təkcə varis kimi yox, redaktor kimi yox, mükəmməl dialoq ustası kimi yox, ən əziz dost, ən əziz insan kimi, böyük qardaşı kimi, həmdəm kimi... təkrarsız, əvəzolunmaz... Və bu anlarda vaxtın əqrəbləri yalnız "indiki zamanda" donur: Yusifdən "dünəndə" danışmaq çətin...
Uzaq ulduzların işığı kimi
Milyon il yol gəldin məndən xəbərsiz.
Bütün bu illəri oturub mən də
Yolunu gözlədim səndən xəbərsiz.
lll
Vəkilovlar soyadının şöhrətini gün işığına çıxaran şair Səməd gözünün ilk ovu olan övladına Qori ənənələri üslubunda təhsil vermək istəmişdi; oğlunu adi məktəbdə yox, musiqi təmayüllü məktəbdə oxutmuşdu. Yusif "başqa təmayülə" - ədəbiyyata yönələndə də etiraz etməmişdi. Verdiyi təhsildən, təlqin etdiyi tərbiyədən əmindi. Uzaqdakı yaxın mühitdə - paytaxt Moskvanın ali ədəbiyyat məktəbindəki ilk sınaqda övladının etiraf olunan uğurundan ürəyi dağa dönmüşdü, sözsüz ki... Elə həmin il 18 yaşlı Yusifin ilk hekayəsi ("Qanlı çörək") "Azərbaycan gəncləri" qəzetində çıxmışdı. Moskva mühiti, fərqli ədəbiyyat-mədəniyyət gənc Yusifi qandan-gendən ayrı sala bilməmişdi; şöhrətli Azərbaycan sovet şairi olan Ata onun ruhunun donunu milli zəmindən biçmişdi. Az sonra atanın vaxtsız vəfatı ilə gənc yazıçının yolu da dəyişdi; Bakıya qayıdan Yusif ali təhsilini Azərbaycan Dövlət Universitetində tamamladı və həmin il Yazıçılar İttifaqına üzvlüyə qəbul edildi. Çox az müddət "Kommunist" qəzetində işlədikdən sonra - 1957-ci ildə "Azərbaycan" jurnalına gəldi (əvvəl ədəbi işçi, 1960-1965-ci illərdə isə, nəsr şöbəsinin müdiri). Qılman İlkin "Azərbaycan" jurnalının 70 illik yubileyi ilə bağlı müsahibəsində belə bir fikir söyləmişdi ki, jurnalda o vaxt İsa Hüseynov, Yusif Səmədoğlu, Əli Kərim işləyirdilər. Yaxşı yazıçı olan redaktor Əbülhəsən yaxşı jurnalist deyildi; o vaxt onlardan yaxşı istifadə edə bilmirdi. Hər halda, Yusif burdan getdi C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına (ssenari redaksiya heyətinin üzvü), 1969-76-cı illərdə isə baş redaktor, direktor müavini işlədi. Həmin dövr Azərbaycan kinosunun, kinostudiyanın "qızıl dövrü" adlandırılır və Yusif Səmədoğlunun peşəkar ssenarist kimi uğurlu fəaliyyəti milli kinomuzu "Yeddi oğul istərəm" (1970) bədii filmi ilə zənginləşdirdi. Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında yazdığı bu ssenari ilə Yusif Səmədoğlu həm də yaradıcılığının yeni, son dərəcə parlaq səhifəsini açdı. Onun ssenariləri əsasında 12 sənədli, 3 bədii film çəkildi ki, bu sıralamada Bakı ilə Praqanın birgə istehsalı olan "Səmt küləyi" (1973) bədii filmi də xüsusi xatırlanır. Kinematoqrafiyaya töhfələri sırasında "Qətl günü" filmi (rejissor Gülbəniz Əzimzadə) yüksək qiymətləndirildi. Yazıçının eyni adlı əsəri S.Vurğun adına Rus Dram Teatrında da səhnəyə qoyulub, eləcə də, müəllif haqqında "Deyilənlər gəldi başa" (rejissor Namiq Babayev) sənədli filmi çəkilib (1999).

lll
Sonrakı 11 ili "Ulduz" jurnalına rəhbərlik etmiş Yusif Səmədoğlu 1987-ci ildən "Azərbaycan" jurnalının baş redaktoru oldu. Bu illər ərzində Yusif Səmədoğlu Əməkdar incəsənət xadimi (1979) fəxri adına layiq görülmüşdü. 3 nəsr kitabı nəşr olunmuşdu: 25 yaşlı nasirin "220 nömrəli otaq" kitabını "Gənclik" nəşriyyatı 10 000 tirajla buraxmışdı. "Qalaktika" (1973) hekayələr kitabı, məşhur "Qətl günü" romanı (1987) çapdan çıxmışdı. Elə həmin il bu romana görə müəllifə SSRİ Yazıçılar İttifaqının mükafatı verilmişdi.
"Azərbaycan"da Cabir Novruzu əvəz edən Yusif Səmədoğlunun "dönüşünü" necə qiymətləndirmək olar? Hər şeydən əvvəl, ölkədə ictimai-siyasi mürəkkəbliyin xaosa aparması fonunda 60-cıların parlaq nümayəndəsinin jurnalın rəhbərliyinə gətirilməsi burada müəyyən korrektələrin aparılacağına ümidləri doğrultdu. Yusif Səmədoğlunun intellektual, çevik ədəbi siyasətində hiss olunan dönüşün uğurunda onun kollektivin gücünə inamı xüsusi rol oynayırdı. Silahdaşları həmin dövrdə daha çox ictimai-siyasi fəaliyyətə yönəlmiş baş redaktorun dəst-xəttini peşəkarlıqla davam etdirirdilər.
Yusif Səmədoğlu jurnala rəhbərlik etdiyi on il ərzində həm də milli-azadlıq hərəkatının təşkilatlanması, tarixi milli yaddaş xəritəsində milli yaddaşın konturlarının daha aydın, daha qabarıq işlənməsində fəal vətəndaş mövqeyini milli düşüncənin ədəbi siyasətdə aparıcı mövqeyə keçməsi səyləri ilə üzvi şəkildə birləşdirirdi. Ədəbi düşüncənin müstəqillik ideyalarının güclənməsinə verə biləcəyi enerjini sistemli şəkildə təqdim etmək jurnalın bu dövrdəki fəaliyyətində aparıcı xəttə çevrilmişdi. Bütün bunlar həm də yeni konsepsiya tələb edirdi ki, bu yeniləşməni jurnala rəhbərlik edən yazıçının cəsarətli mövqeyi sürətləndirirdi. Tarixi-publisistik yazılar, tərcümə siyasəti, yeni imzaların cəlb olunması nəşrin ideya-estetik xəttini gücləndirirdi. Heç şübhəsiz, Yusif Səmədoğlu ədəbiyyatı mənəvi yaddaşın bütövlüyü kimi dərk etmək, dövrün mürəkkəb reallıqları fonunda bu funksiyanı, bir növ, norma yaradılması niyyətinə yönləndirməyin vacibliyini sərvaxt çevikliklə hesablaya bilirdi.
"...hamı özünün A məntəqəsindən çıxıb B məntəqəsinə gedir və gedir ki, baxıb görsün nə var, doğrudan, bəlkə, elə bir şey var ki, nəinki hesab kitablarında, heç dünyanın ən nadir kitablarında da bunun izahını tapmazsan". Yusif Səmədoğlu A-dan B-yə getdiyi yolda nə axtarırdı? "Görən bu dünyada çörəyi halal adamların diyarı hardadı?" - sualının cavabını atasının fəlsəfi ritorikasında tapmağa çalışırdı: "Şair, hökmdarın hüzurundasan!" Elə qardaşı Vaqif də atasının "Qalib gələcəkmi cahanda kamal?!" sualının fəlsəfəsini axtara-axtara yorğun düşürdü hərdən: "Allah, məni yarı öldür,// Yarı saxla ağlamağa".
Di gəl ki, Yusif başa düşürdü ki, bu suallara, bu fəlsəfəni açmağa ömür yetməz: Əcəldən möhlət istədim, // möhlətini əsirgədi.
Əcəl olanda nə olar, bu sualın ağırlığında kim əzilməz?! "Görəsən, bu dünyada çörəyi halal adamların diyarı hardadı?"
lll
İntiqam Qasımzadənin bir söhbətini xatırlayıram ki, 10 illik rəhbərliyi dövründə Yusif Səmədoğlu "Azərbaycan"da Səməd Vurğun haqqında yazıların dərcinə imkan vermədi, atasını "müdafiə edən" bircə sətir yazmadı.
...Yusif Səmədoğlu sözün bütün mənalarında Ziyalı idi!
lll
Səməd oğlu Yusif Vəkilovun Seçilmiş taleyinin özü bir işıqlı naxışdı. Boyuna biçilmiş "əlahiddəlik" statusunda belə:
Söz istemez,
yaşlı göz istemez,
Çelenk - melenk lazım degil...
Susun!
Sıra neferi uyusun... (Nazim Hikmət)
Bu sıra nəfəri nə önə can atırdı, nə daldaya çəkilirdi; həmişə sıradadır: sıramızda, aramızda. Bu gün də, sabah da.
Sıralarımız Seçilmişlərlə dəyər qazanır, sərvət olur; milli sərvət!
O isə, xəfif-xəfif gülümsəyən kübar təmkinin qəfil gedişləriylə "gərdişi-dövranı" mat qoydu: "Yuxunuz şirin olsun..."
Güzgünün "o biri üzü" bu diləyi bir başqa cür yazır: yaşamaq nə gözəlmiş...
Yusif gözəl yaşamağı da gözəl bacardı...
lll
Kimdir Yusif Səmədoğlu? - sualının çeşid-çeşid cavablarının hər biri tərifə - təəssübə, məqsədli (gərəksiz) şişirtməyə, xəbis qısqanclığa, uğursuzun sükutuna, səxavətli şöhrətə... məhəl qoymadan, Namiq Kamalın bu misralarında birləşir:
Ayinəsi işdir kişinin, lafə baxılmaz,
Şəxsin görünür rütbeyi-əqli əsərindən.
lll
Yusif Səmədoğlu yaddaşın hökmünə inanırdı, inanırdı ki, "həqiqətin, haqq sözün müəyyən dövrlərdə "qeyri-leqal" vəziyyətdə yaşadığı məqamları da olur. Kiminsə, nə vaxtsa verdiyi yanlış bir qərarın ucbatından həqiqət bəzən illərlə, on illərlə üzə çıxmır, kölgədə, qaranlıqda qalır. Lakin insanlığın bəlkə də ən böyük xoşbəxtliyi ondadır ki, heç bir hökm - sözlə deyilmiş, ya qılıncla həyata keçirilmiş olsa da - həqiqəti əbədi susdura bilmir. Çünki yalanı yalnız "reanimasiya vəziyyətində" yaşatmaq mümkündür. Heç kəs bəşər tarixində onu bu haldan çıxara bilməmişdir..."
lll
"...Əlbəttə ki, "şəxsiyyətə pərəstiş" anlayışı ilk növbədə yalnız bir adamın - Stalinin adı ilə bağlıdır. Lakin bu anlayışın tutumu daha ağırdır, daha dərinqatlıdır. Bu anlayışın arxasından üzü qırış, üfunət qoxuyan bir varlıq boylanır: Qorxu!.. O qorxu ki, indiyə kimi, qızdırmalı üşütməsi ilə canımızdan çıxmaq istəmir, daxilimizdə gecə gözünə yuxu getməyən senzor kimi oturub, bizi hətta divarlara da şübhə ilə boylanmağa məcbur edir.
Böyük ədəbiyyatın, əsl sənətin qüdrəti də ondadır ki, bu ədəbiyyat, bu sənət o qorxunu da müəyyən mənada məhv etməyə qadirdir. Təəssüf ki, yalnız müəyyən mənada... Əgər biz bu gün keçmişin acı həqiqətini bərpa ediriksə, bu günün həqiqətindən ürək dolusu danışırıqsa, bəlkə də həm keçmişimizdən, həm də bu günümüzdən daha çox, gələcəyimizi düşünürük. Çünki gələcəyimizi yalansız görmək istəyirik".
lll
Yaddaşın epik salnaməsi kimi qavranılan bu yazıçının yaradıcılığı sözün geniş mənasında sintez hadisəsidir; tarixi yaddaşla milli yaddaşın sintezi Yusif Səmədoğlunun Səsini Zamanın ruhuna yazdı. Əgər bir gün Zamanın yaddaşını bərpa etmək üçün, kosmosa azərbaycanlı kimliyinin rəsmini göndərmək lazım gələrsə, Yusif Səmədoğlunun müdrik təbəssümlü şəklini göndərmək ən uğurlu seçim olardı. Bu, bəlkə bir xəyaldır.
Reallıqsa budur ki: nəsr texnologiyasının gücü nəzm dramaturgiyasından qaynaqlanan Yusif Səmədoğlunun lüğətinin hazırlanması vacibdir! Həm də ona görə vacibdir ki, bu lüğət təkcə bir yazıçının yaradıcılığının tədqiqatı baxımından əhəmiyyətli deyil; Milli Dilin zənginliyi, diriliyi, dərinliyi, bədii-estetik siqlətinin nümunəvi faktı kimi Onun dili xalq yaddaşının, kənd, şəhər folklorunun təcəssümü nümunəsidir həm də.
Yusif Səmədoğlunun Biblioqrafiyasını hazırlamaq lazımdır!
Yusif Səmədoğlunun xatirəsinin layiqincə əbədiləşdirilməsi vacibdir!
Yusif Səmədoğlu Böyük Sözün bətnindən gəlmişdi, Böyük Həqiqətin bətninə döndü. Bütün həqiqətlərin cəm olduğu Böyük Sözdən Zamanın yaddaşına süzülür:
"Uzaq ulduzların işığı kimi"...
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.