“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib.
Vəkil bildirib ki, məhkəmə tərkibi dəyişsə də, proses yenidən başlamayıb: “İşə yenidən baxılmalıdır".
Digər vəkillər vəsatəti müdafiə edib. Vəsatət təmin edilməyib.
Prosesə sədrlik edən hakim bildirib ki, məhkəmə bu məsələyə münasibətini bildirib.
Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib:
Vəkil hadisə baş verən zaman körpələrin başqa xəstəxanalara hospitalizasiyasını həyata keçirən tibb personalının məhkəməyə şahid qismində çağırılmasını istəyib.
Vəkil bildirib ki, körpələr Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər körpələrin yanına buraxılmayıb və onlara tibbi yardım göstərilməsinə icazə verilməyib, ona görə də körpələr ölüb.
Zərərçəkmiş şəxsin hüquqi varisi vəkilin vəsatətinə münasibət bildirib.
O qeyd edib ki, Kliniki Tibbi Mərkəzə aparılan körpələr qəbul edilsə də, vəziyyətləri ağır olduğu üçün həkimlər onlara baxmayıb. Həmin körpələrə elə Perinatal Mərkəzin həkimləri baxıb. Kliniki Tibbi Mərkəz onlara yalnız yer və müalicə avadanlıqları verib.
Mehriban Abasquliyeva isə bildirib ki, körpələr Yeni Klinika ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin Perinatal Mərkəzin həkimləri Kliniki Tibbi Mərkəzə buraxılmayıb.
Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib. Vəsatət təmin edilməyib.