AZ

Perinatal Mərkəzin həkimlərini Kliniki Tibbi Mərkəz niyə qəbul etməyib? - Məhkəmədə yeni faktlar açıqlandı

Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Mehriban Abasquliyevanın vəkili Əlövsət Abbasov vəsatət verib. O bildirib ki, Cinayət-Prosessual Məcəlləsinin 308 və 309-cu maddələrinə əsasən məhkəmə tərkibi dəyişib və iş yenidən başlanmalıdır: "Birinci şahidin dindirilməsinə etiraz etmədik. Çünki həmin şahid hərbi qulluqçu idi. Məhkəmə tərkibində iki hakim dəyişib, buna görə də iş yenidən başlanmalıdır. Dövlət ittihamçısınln çıxışından sonra təqsirləndirilən şəxslərin, daha sonra zərərçəkmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri, sonda isə şahidlərin dindirilməsi ilə davam etdirilməsi istəyirik".
Bundan əvvəlki heyətdə olan hakimlər Novruz Kərimov və Rasim Sadıxov yaş həddi ilə bağlı təqaüdə çıxıblar. Buna görə yeni hakim heyəti formalaşdırılıb.
Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi yeni hakimlər heyətində Mahirə Kərimova və Fəxri Məmmədov yer alıb.
Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxslərdən biri əvvəlki proseslərdə ifadə verməkdən imtina edib, onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Hakimin sözlərinə görə, bundan əvvəlki iclasda tərəflərin fikirləri öyrənilib və sonra qərar qəbul edilib. Hakim əlavə edib ki, bütün məhkəmə iclasları audio-video yazılıb, istənilən tərəf işlə tanış ola, sual yaranarsa, həmin hissədə araşdırma aparıla bilər.
Daha sonra şahid qismində Aqşin Səmədov ifadə verib. O bildirib ki, Dövlət Yanğın Nəzarəti Xidmətində böyük inspektor işləyib: "Mən hadisənin şahidi olmamışam. Amma həmin mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı təlimlər keçmişik. Mərkəzdə gecə yoxlamaları aparılıb. Hazırda təqaüdəyəm. 2023-cü ilin noyabrında təqaüdə çıxmışam. Həmin ilin yay aylarınadək yoxlamada, təlimlərdə iştirak etmişəm. Təlimlər mərkəzin akt zalında həyata keçirilib. Yanğın zamanı nə etmək lazımdır, qaydalar necə olmalıdır, bütün bunları izah etmişik".
Şahid qeyd edib ki, mərkəzdə yoxlama zamanı yanğın təhlükəsizliyinin pozulması halında inzibati qaydada cərimə təyin olunub. Hüquqi şəxslərə yazılan protokollar məhkəməyə göndərilib, fiziki şəxslərə yazılan cərimələr isə yerində tətbiq edilib.
Daha sonra Əlövsət Abbasov əlavə şahidlərin dindirilməsi barədə vəsatət verib. Bildirib ki, mərkəzdən təxliyə olunan körpələr digər tibb müəssisəsində qəbul etsələr də, mərkəzin mütəxəssis həkimlərini Kliniki Tibbi Mərkəzə buraxmayıblar. Bununla bağlı Perinatal Mərkəzinin üç həkiminin əlavə şahid qismində dindirilməsini istəyib.
Mehriban Abasquliyeva bildirib ki, mərkəzin müalicə altında olan körpələr Səhiyyə Nazirliyinin göstərişi ilə Kliniki Tibbi Mərkəzə və Yeni Klinikaya göndərilib. Amma Kliniki Tibbi Mərkəz Perinatal Mərkəzin həkimlərinin xəstələrə baxmasına icazə verilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi vəkilin vəsatətinə münasibət bildirib. O qeyd edib ki, Kliniki Tibbi Mərkəzə aparılan körpələr qəbul edilsə də, vəziyyətləri ağır olduğu üçün həkimlər onlara baxmayıb. Həmin körpələrə elə Perinatal Mərkəzin həkimləri vaxıb. Kliniki Tibbi Mərkəz yanlız onlara yer və müalicə avadanlıqları verib.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses fevralın 4-dəmdavam edəcək.
Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
Seçilən
66
21
yenilik.az

10Mənbələr