Qadağa qərarı ixtisaslı səs çoxluğu ilə qəbul edilib, Budapeşt də iddia qaldırmağa hazırlaşır...
Poliqon xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitso Avropa İttifaqının Rusiya qazının idxalına qadağa qoyulması barədə qərarını məhkəmədə mübahisələndirəcəklərini açıqlayıb. Onun sözlərinə görə, sözügedən qərar Aİ-də ixtisaslı səs çoxluğu əsasında qəbul olunub və Bratislava bu yanaşmanı hüquqi baxımdan qəbuledilməz hesab edir.
Reuters Agentliyi yazır ki, Macarıstan da analoji addım ataraq məhkəməyə müraciət etməyi planlaşdırır. Robert Fitso bildirib, Slovakiya bu prosesdə Budapeşt ilə hərəkətlərini əlaqələndirəcək və mövqelərini uzlaşdıracaq.
Baş nazirin fikrincə, Rusiya qazının idxalına qadağa həm Slovakiyanın, həm də regionun enerji təhlükəsizliyinə ciddi zərbə vurur, eyni zamanda enerji qiymətlərinin artmasına və sənaye sektorunda problemlərin dərinləşməsinə səbəb ola bilər. O vurğulayıb ki, belə strateji qərarlar üzv ölkələrin razılığı olmadan qəbul edilməməlidir.
Məlumata görə, Slovakiya və Macarıstan Aİ-nin enerji siyasətində daha çevik yanaşmanın vacib olduğunu bildirir və Rusiya qazından imtinanın mərhələli şəkildə, alternativ mənbələr tam təmin olunandan sonra həyata keçirilməsini tələb edir.
Poliqon.info