Heydər Əliyevin Şuşaya 1982-ci ildə tarixi səfərləri Həmin illərdə Ümummilli lider Heydər Əliyevin Şuşaya göstərdiyi diqqət və qayğı daha da artmış, geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə kompleksi tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Heydər Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdır. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində, bu məqbərə, eyni zamanda gözəl memarlıq abidəsi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya evini açaraq, Vaqif poeziya günlərində iştirak etmişdi. Eyni zamanda, Ümummilli lider Heydər Əliyev Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəylinin və peşəkar vokal sənətinin banisi Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Bununla yanaşı, Heydər Əliyevin Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Heydər Əliyev erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi. 1982-ci il iyulun 29-dan avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Qeyd etmək lazımdır ki, bir ildə iki dəfə Şuşaya gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə görkəmli dövlət xadimi Heydər Əliyev ziyalıları Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, Şuşaya tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.
1984-cü ildən Şuşa Şəhər Uşaq Musiqi Məktəbi Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi adlandırılmış və həmin tarixdən Niyazinin adını daşıyır. Həmin il iyulun 29-dan Mehmandarovların malikanə kompleksinə daxil olan məhəllə məscidi bərpadan sonra Dərman bitkiləri muzeyi kimi istifadəyə verilmişdir. Daha sonra 1987-ci ildən Xurşidbanu Natəvanın evində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı, həmin il mayın 19-dan isə Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlamışdır. 1990-cı ildə Bülbülcan adına Uşaq musiqi məktəbi yaradılmışdır. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin Şuşa filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. 1993-cü ilin ikinci yarısından, yəni Ümummilli liderin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi və qətiyyətli addımların atılması dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində mümkün olmuşdur. Həmçinin, 1993-cü ilin ikinci yarısından başlayaraq ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətini beynəlxalq aləmə çıxararaq təcavüzkarın ifşası, ölkəmizin ərazi bütövlüyünün bərpası və regionda sülhün bərqərar olması üçün qətiyyətli addımlar atmışdır. Eyni zamanda, doğma yurdlarından didərgin salınmış, məcburən köçkün düşmüş insanların bütün qayğı və problemləri Azərbaycan dövlətinin gündəlik fəaliyyətinə çevrilmişdir. Bununla yanaşı, Ümummilli lider Heydər Əliyev 1996-cı il mayın 6-da Prezident sarayında doğma yurdlarından məcburən köçkün düşmüş Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə Şuşanın Azərbaycan üçün nə dərəcədə müstəsna əhəmiyyət kəsb etdiyini qiymətləndirərək demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Şuşanın inkişafı üçün XX əsrin 70-ci illərində görülən işləri, bir neçə xüsusi qərar qəbul edildiyini bildirən ümummilli lider bu qədim şəhəri böyük bir muzeyə bənzədərək demişdir: “Şuşa həqiqətən bir şəhər kimi, eyni zamanda vahid bir muzey – Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən muzeydir. Şəhər özü həm quruluşu, həm də abidələri, yüksək memarlıq səviyyəsində olan binaları, Cıdır düzü ilə, təbii gözəlliyi ilə böyük bir muzeydir”.
Şuşanın işğaldan azad edilməsi Zəfər günü kimi tarixə yazıldı 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Əcdadlarımızdan bizə miras qalmış əziz, müqəddəs və qədim Şuşa şəhərinin 28 il, 6 aydan sonra rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayaraq bildirmişdir: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik...O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”. Bununla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Bununla yanaşı dövlət başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalıdır. Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzi oldu 2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zaman gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. 2021-ci il mayın 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm “Xarıbülbül” musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də cavab oldu. Nəticədə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi. 2021-ci il avqustun 30-da isə 1982-ci ildə ilk dəfə keçirilmiş Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə yenidən təşkil olundu. Həmin gün Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, eləcə də bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri keçirildi. Bununla yanaşı, Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirən “Yaddaş. Fotoqrafik tarix” adlı fotosərgi nümayiş olundu. Qeyd etmək lazımdır ki, 2022-ci il aprelin 22-23-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtı Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyır. Qeyd etmək lazımdır ki, Zəfər Qurultayında 230-a yaxın xarici ölkə vətəndaşı olan azərbaycanlı, o cümlədən 36 alim və 36 iş adamı iştirak etmişdir.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il oktyabrın 16-da, 44 günlük İkinci Qarabağ müharibəsinin 20-ci günündə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”. Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. 2022-ci il, noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında bir daha diqqətə çatdırdı ki, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır: “...Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Nəticədə, İkinci Qarabağ müharibəsi son yuz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qururla dalğalanır. Artıq işğaldan azad edilmiş Şuşa şəhərində keçirilən mühüm tədbirlər – hər il keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, müxtəlif beynəlxalq toplantılar, xüsusilə üç mühüm Şuşa Qlobal Media Forumu və digər tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilmişdir. Bu baxımdan, 2021-2025-ci illərdə keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzinə çevrilməkdədir. Bütün qeyd edilən faktlara və təhlilə əsaslanaraq əminliklə söyləmək olar ki, Azərbaycanın müasir tarixinin yeni və sərəfli dövrü yazılır.