RU

Yoluxma sayı artıb -

İnsan immunçatışmazlığı virusu (İİV) və onun son mərhələsi olan qazanılmış immunçatışmazlığı sindromu (QİÇS) bu gün də ciddi sağlamlıq problemləri sırasında qalır. Belə ki, ötən il insan immunçatışmazlığı virusu (İİV) ilə yaşayan şəxslərin sayı 11 min 844 nəfərə, qazanılmış immunçatışmazlığı sindromu (QİÇS) diaqnozu ilə rəsmi qeydiyyatda olanların sayı isə 2964 nəfərə çatıb. Eyni zamanda, 2024-cü il ərzində İİV-in törətdiyi xəstəlik üzrə ilk dəfə qeydə alınan yeni hallar 1152 nəfər təşkil edib. Bu şəxslərin 834-ü kişi, 318-i isə qadın olub. Bu xəstəliklərdən qorunma və müalicə yolları hansılardır? Metbuat.az-ın məlumatına görə, düzgün məlumatlanma və vaxtında tədbirlər bu xəstəliklərdən qorunmaqda əsas rol oynayır. İİV əsasən steril olmayan tibbi alətlərdən istifadə, yoluxmuş qanın köçürülməsi və cinsi yolla yol ilə ötürülür. Buna görə də təhlükəsiz cinsi davranışa əməl etmək, tibbi və kosmetoloji prosedurları yalnız rəsmi və etibarlı məkanlarda həyata keçirmək vacibdir. Şəxsi gigiyena vasitələrinin, xüsusilə iynə və ülgüc kimi əşyaların paylaşılmaması da yoluxma riskini azaldır. Müasir tibbin imkanları İİV-ə yoluxmuş şəxslərin uzun və keyfiyyətli həyat sürməsinə şərait yaradır. Xəstəlik erkən mərhələdə aşkarlandıqda və müalicəyə vaxtında başlandıqda virusun orqanizmdə inkişafının qarşısını almaq mümkündür. Antiretrovirus dərmanlar virusun aktivliyini azaldır və immun sistemini qoruyur. İnsan immunçatışmazlığı virusu (İİV) uzun müddət özünü göstərməyə bilər və buna görə də insanlar çox vaxt yoluxduqlarını bilmir. Bu xəstəliyi yalnız tibbi testlə müəyyən etmək mümkündür. Bəzi hallarda yoluxan şəxslərdə halsızlıq, tez-tez soyuqdəymə, limfa düyünlərinin böyüməsi, səbəbsiz qızdırma və arıqlama kimi əlamətlər görülə bilər. Lakin bu əlamətlər digər xəstəliklərdə də müşahidə oluna bildiyi üçün yalnız simptomlara əsaslanmaq düzgün deyil. Risk altında olan şəxslər mütəmadi olaraq İİV testi verməli, nəticə mənfi olsa belə müəyyən müddətdən sonra testlərini təkrarlamalıdırlar. Dövlət tibb müəssisələrində və ixtisaslaşmış mərkəzlərdə testlər anonim və pulsuz şəkildə həyata keçirilir. Qeyd edək ki, vaxtında test vermək həm şəxsin sağlamlığı üçün, həm də başqalarına yoluxmanın qarşısını almaq üçün çox önəmlidir.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
46
10
metbuat.az

10Источники