AZ

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11 min 260 nəfər rəsmi qeydiyyatdadır

Bakı, 1 dekabr, AZƏRTAC

İİV infeksiyası – İnsanın İmmunçatışmazlığı Virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. İİV infeksiyasının gedişində dörd mərhələ müəyyən edilir. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar görünə bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar- dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər görünür.

QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromu adlanır və İİV infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə İİV-ə yoluxmuş şəxslərdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək 11 min 260 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır. Onlardan 70 faizini kişilər, 30 faizini isə qadınlar təşkil edir.

“İİV-ə yoluxmaya yüksək meyilli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir.

İnsan İmmunçatışmazlığı Virusuna qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir. Hazırda ölkəmizdə İİV/QİÇS-lə bağlı xidmətlərin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İİV-in aşkarlanma strategiyasının təkmilləşdirilməsi, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ilə dövlət və özəl tibb müəssisələri arasında səmərəli əməkdaşlığın qurulması, RQMM tərəfindən risk qrupları ilə yanaşı, ümumi əhali arasında da maarifləndirici tədbirlərin və kütləvi müayinələrin təşkili, diaqnostikada yüksək həssaslığa, spesifikliyə malik testlərdən istifadə olunması bu istiqamətdə atılan addımlardandır.

Ölkəmizdə İİV-in aşkarlanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə uyğun olaraq, RQMM-də və regionlarda yaşayan insanların müayinələrə əlçatanlığının təmin olunması məqsədilə 10 regional laboratoriya fəaliyyət göstərir. Bunlarla yanaşı, İİV-ə yoluxmaya daha yüksək meyilli və nisbətən cəmiyyətə qapalı olan risk qruplarının İİV-ə testləşməsi RQMM tərəfindən təşkil olunan səyyar və stasionar könüllü müayinə məntəqələrində aparılır. Müayinələr ödənişsiz, anonimlik və konfidensiallıq prinsipinə tam əməl olunmaqla icra olunur. Bu, fərdlərin sosial stiqmadan azad, qorxu hissi olmadan testdən keçmələrinə şərait yaradır və İİV diaqnozunun məxfiliyini təmin edir. Bütün bu tədbirlər İİV infeksiyasının vaxtında və erkən mərhələdə aşkarlanması, effektiv müalicənin başlanması üçün zəruri şərtlər yaradır. Nəticədə İİV testləşməsi təkcə tibbi diaqnostika və müalicə prosesinin əsas elementi deyil, həm də sağlam və məlumatlı cəmiyyətin qurulması üçün vacib sosial alətdir”, - deyə direktor vurğulayıb.

Antiretrovirus Terapiyasının (ART) İİV-ə qarşı mübarizənin əsasını təşkil edən, virusa qarşı yüksək effektivliyə malik müalicə üsulu olduğunu bildirən F.Məmmədov əlavə edib ki, ART-nin əsas məqsədi virusun orqanizmdə replikasiyasının qarşısını almaqla, qanda virusun səviyyəsini təyin olunmayan səviyyəyədək endirməkdir. Nəticədə virusun ötürülməsinin qarşısı alınaraq epidemioloji təhlükəsizlik təmin edilir, immun sistemin fəaliyyəti bərpa olunaraq orqanizmdə digər opportunistik infeksiyaların, yanaşı xəstəliklərin və ağırlaşmaların inkişafının qarşısı alınır, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması və ölüm hallarının azaldılmasına nail olunur. Müntəzəm və düzgün tətbiq olunan müalicə nəticəsində İİV infeksiyası artıq ölümcül xəstəlik deyil, idarəolunan xroniki bir xəstəliyə çevrilib. “Ölkəmizdə İİV-lə yaşayan şəxslərə ART 2006-cı ildən etibarən tətbiq edilir. İİV-lə yaşayan şəxslərin müalicəsi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən uğurla həyata keçirilir və koordinasiya olunur. Hazırda 10 mindən artıq İİV-lə yaşayan Azərbaycan vətəndaşı antiretrovirus müalicə proqramı çərçivəsində daimi nəzarət və müalicə altındadır. Ölkəmizdə tətbiq edilən müalicə sxemləri ÜST-nin tövsiyələrinə əsasən, milli protokola uyğun olaraq İİV-lə yaşayan insanlara ödənişsiz qaydada, anonimlik və konfidesiallıq prinsipi qorunmaqla təyin edilir. Regionlarda yaşayan vətəndaşların müalicəyə əlçatanlığını təmin etmək məqsədilə ARV preparatların verilməsi regional İİV laboratoriyaları tərəfindən həyata keçirilir”.

Direktor İİV-ə yoluxmanın qarşısının alınması istiqamətində aparılan profilaktik tədbirlərdən danışıb: “RQMM tərəfindən həyata keçirilən profilaktik tədbirlərə Təmasdan Öncə (PrEP) və Təmasdan sonra Profilaktika (PEP), Anadan uşağa ötürülmənin profilaktikası (AUÖP), risk qrupları arasında zərərin azaldılması proqramı üzrə həyata keçirilən tədbirlər aiddir.

Təmasdan öncə profilaktika (PrEP) İİV-lə yoluxmamış, lakin yüksək yoluxma riski altında olan şəxslərdə virusun qarşısının alınmasına yönəlmiş profilaktik tibbi tədbirdir. Bu üsul təmasdan öncə antiretroviral preparatın müəyyən müddət ərzində profilaktik məqsədlə qəbuluna əsaslanır. PrEP insan orqanizmində virusun hüceyrələrə daxil olub çoxalmasının qarşısını alır və beləliklə, İİV-ə yoluxma ehtimalını 90–99 faiz azaldır.

Təmasdan Sonra Profilaktika (PEP) İİV -ə yoluxmuş şəxslə təmasdan sonra virusun orqanizmdə çoxalmasının qarşısını almağa yönəlmiş ARV preparatların 28 günlük qəbuluna əsaslanan profilaktik tədbirdir. PEP-in effektivliyi yalnız vaxtında müraciət və dərmanların düzgün qəbulundan asılıdır. İİV-li şəxslə təması olan insanlar və peşə zədələnməsi olan tibb işçiləri təmasdan sonrakı ilk 72 saat ərzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər.

Təmasdan Sonra Profilaktika 2006-cı ildən ölkədə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən həyata keçirilir. Tibb işçiləri arasında aparılan profilaktika nəticəsində İİV-ə yoluxma halı qeydə alınmayıb.

İİV-in parenteral yolla yoluxmasını nəzərə alaraq, xüsusilə tibbi prosedur və manipulyasiyalar zamanı bir dəfəlik və steril tibbi avadanlıqlardan istifadə tövsiyə olunur. Tibb müəssisələrində qan, cərrahiyyə, ginekoloji, stomatoloji kimi tibbi müdaxilələr zamanı tibb işçilərinin universal ehtiyat tədbirlərinə riayət etməsi mütləqdir. Bu məqsədlə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçiləri arasında silsilə təlimlər keçirilir. Həmçinin RQMM tərəfindən “Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” çap olunaraq tibb işçiləri arasında paylanılıb.

Anadan uşağa ötürülmənin profilaktikası – İİV-in anadan uşağa bətndaxili inkişaf dövründə, doğuş zamanı və südəmər dövrdə ötürülməsinin qarşısını almağa yönəlmiş tədbirlər kompleksindən ibarətdir. Bütün qadınların hamiləlik dövründə qadın məsləhətxanalarında qeydiyyata durması, İİV-ə və digər infeksiyalara müayinə olunması, İİV-lə yaşayan qadınların mütləq şəkildə sağlam ailə planlaması məqsədilə ART proqramına cəlb olunması, həkim nəzarətində olmaları tövsiyə olunur.

AUÖP-ə, həmçinin yenidoğulmuşun profilaktikası da aiddir. RQMM tərəfindən yenidoğulmuşların İİV-ə yoluxmasının qarşısının alınması məqsədilə suspenziya şəklində 28 günlük profilaktik dərman verilir və yenidoğulmuş nəzarətə götürülür. Qeyd etmək vacibdir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan uğurlu profilaktika proqramları nəticəsində mərkəzdə qeydiyyata götürülən və müalicə proqramına cəlb olunan bütün hamilə qadınlardan doğulan uşaqlar cəmiyyətə sağlam təhvil verilib”.

 

 

 

 

Seçilən
105
5
azertag.az

10Mənbələr