“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
1.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.2.1-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176 (Cild I); 2024, № 1, maddə 34, № 2, maddə 153, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 6, maddə 549) 2-ci hissəsinin iyirmi altıncı–iyirmi səkkizinci abzasları müvafiq olaraq iyirmi yeddinci–iyirmi doqquzuncu abzaslar hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda iyirmi altıncı abzas əlavə edilsin:
“həmin Qanunun 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;”.
4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 4 (I kitab), maddələr 325, 338, № 6, maddə 549, № 8, maddə 773) aşağıdakı məzmunda 5.11-3-cü bənd əlavə edilsin:
“5.11-3. həmin Qanunun 45.2.1-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2025-ci il