AZ

QHT-lərə Dövlət Dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Prezident Fərmanı

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirsinlər.

2. “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi (bundan sonra – Sistem) yaradılsın.

3. Müəyyən edilsin ki:

3.1. Sistem, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində “bir pəncərə” prinsipi əsasında əlaqələndirməni təmin edir;

3.2. Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Sistemin əsasnaməsinin layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qaydanı üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi:

5.1. Sistemin formalaşdırılmasını altı ay müddətində təmin etsin;

5.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət qurumları ilə birlikdə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirmə üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak etsin;

5.3. Agentliyin yeni strukturu, işçilərinin say həddi və əməyin ödənişi fondu ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1126 (Cild I); 2025, № 8, maddə 748) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nın 8-ci hissəsində “Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilsin.

7. “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 11, maddə 1018) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nın 29.32-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 29.33-cü bənd əlavə edilsin:

“29.33. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi İdarə Heyətinin sədri.”;

7.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 42-ci hissəsi ləğv edilsin.

8. “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 322 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 5-ci hissə üzrə:

8.1.1. 5.1-ci bənddə “11 (on bir)” sözləri “7 (yeddi)” sözləri ilə əvəz edilsin;

8.1.2. 5.2-ci bənddə “8 (səkkiz)” sözləri “4 (dörd)” sözləri ilə, “qeyri-hökumət təşkilatlarının” sözləri “vətəndaş cəmiyyəti institutlarının” sözləri ilə əvəz edilsin;

8.1.3. 5.3-cü bənddə “İcraçı direktor” sözləri “3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti” sözləri ilə əvəz edilsin;

8.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi” üzrə:

8.2.1. 1-ci hissə üzrə:

8.2.1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra – Agentlik) qeyri-hökumət təşkilatlarının inkişafı, onların dövlət və cəmiyyət üçün əhəmiyyətli təşəbbüslərinin, proqram və layihələrinin dəstəklənməsi, bu istiqamətdə müvafiq əlaqələndirmə aparılması, dövlət–özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi sahəsində fəaliyyət göstərən, Azərbaycan Respublikasının dövlət büdcəsindən
qeyri-hökumət təşkilatlarının bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında müvafiq dövlət qurumları ilə birlikdə həyata keçirən publik hüquqi şəxsdir;

8.2.1.2. 1.4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.”;

8.2.1.3. aşağıdakı məzmunda 1.6-1-ci bənd əlavə edilsin:

“1.6-1. Agentliyin rəsmi adı aşağıdakı kimidir:

1.6-1.1. tam halda – “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs, qısaldılmış halda – QHT Agentliyi;

1.6-1.2. ingilis dilində tam halda – “Agency on State Support to Non-Governmental Organizations of the Republic of Azerbaijan” public legal entity, qısaldılmış halda – NGO Agency.”;

8.2.2. 2.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.4. qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyət üçün əhəmiyyətli təşəbbüslərini, proqram və layihələrini dəstəkləmək, bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək, habelə dövlət–özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini təkmilləşdirmək və təşviq etmək;”;

8.2.3. 3-cü hissə üzrə:

8.2.3.1. 3.1.7-ci yarımbənddən “təqvim ili üzrə” sözləri çıxarılsın və həmin yarımbəndə “şəxslərinə” sözündən sonra “, habelə bələdiyyələrə” sözləri əlavə edilsin;

8.2.3.2. aşağıdakı məzmunda 3.1.11-1-ci və 3.1.12-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.11-1. qeyri-hökumət təşkilatlarının səriştəliliyinin və məsuliyyətinin artırılmasına, onların dayanıqlı inkişafına yönəlmiş tədbirlər görmək;”;

“3.1.12-1. Azərbaycan Respublikasının dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarının bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında müvafiq dövlət qurumları ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun təşkil etmək;”;

8.2.3.3. 3.2.13-cü yarımbəndə “əməkdaşlarını” sözündən sonra “və qeyri-hökumət təşkilatlarının nümayəndələrini” sözləri əlavə olunsun və həmin yarımbənddə “onların” sözü “habelə Agentlik əməkdaşlarının” sözləri ilə əvəz edilsin;

8.2.4. 4-cü hissə üzrə:

8.2.4.1. 4.2-ci bənddə “İcraçı direktordur” sözləri “İdarə Heyətidir” sözləri ilə əvəz edilsin;

8.2.4.2. 4.4-cü və 4.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 7 (yeddi) üzvdən ibarətdir. Şuranın 4 (dörd) üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri Şuranın iclasında Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 (dörd) il müddətinə seçilir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.”;

8.2.4.3. 4.7.4-cü yarımbənddə “İcraçı direktoru və onun müavinini” sözləri “Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini” sözləri ilə əvəz edilsin;

8.2.4.4. 4.7.9-cu və 4.7.11-ci yarımbəndlərdə “İcraçı direktorun” sözləri “İdarə Heyətinin” sözləri ilə əvəz edilsin;

8.2.4.5. 4.8-ci bənd üzrə:

8.2.4.5.1. birinci cümlədə “rübdə bir” sözləri “ildə 2 (iki)” sözləri ilə əvəz edilsin;

8.2.4.5.2. ikinci cümlədə “İcraçı direktor” sözləri “İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin;

8.2.4.5.3. altıncı cümlədə “Şura sədrinin (və ya onu əvəz edən müavinin)” sözləri “iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;

8.2.4.6. 4.9-cu bənddə “İcraçı direktora” sözləri “İdarə Heyətinin sədrinə” sözləri ilə əvəz edilsin;

8.2.4.7. 4.10-cu bənddə “İcraçı direktor da” sözləri “İdarə Heyətinin sədri də” sözləri ilə əvəz edilsin;

8.2.4.8. 4.13-cü bəndin üçüncü cümləsində “İcraçı direktora” sözləri “İdarə Heyətinin sədrinə” sözləri ilə əvəz edilsin;

8.2.4.9. 4.16-cı bənd üzrə:

8.2.4.9.1. 4.16.1-ci yarımbənddə “İcraçı direktorun” sözləri “İdarə Heyətinin” sözləri ilə əvəz edilsin;

8.2.4.9.2. 4.16.3-cü yarımbənddə “İcraçı direktorun” sözləri “İdarə Heyəti sədrinin” sözləri ilə əvəz edilsin;

8.2.4.10. 4.17-ci bənddən “Şura sədrinin müavini, Şura sədrinin müavini olmadıqda isə” sözləri çıxarılsın;

8.2.4.11. 4.20-ci bənd üzrə:

8.2.4.11.1. birinci cümlədə “İcraçı direktor” sözləri “İdarə Heyəti” sözləri ilə əvəz edilsin;

8.2.4.11.2. ikinci cümlədə “İcraçı direktor” sözləri “İdarə Heyətinin sədri və onun müavinləri” sözləri ilə əvəz edilsin;

8.2.4.11.3. üçüncü cümlədə “İcraçı direktorun” sözləri “İdarə Heyəti sədrinin” sözləri ilə əvəz olunsun və həmin cümləyə “azad edilən” sözlərindən sonra “2 (iki)” sözləri əlavə edilsin;

8.2.4.12. 4.21-ci bənddə “İcraçı direktor” sözləri “İdarə Heyətinin sədri” sözləri ilə, “müavini” sözü “müavinlərindən biri” sözləri ilə əvəz edilsin;

8.2.4.13. 4.22-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.22. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.22.1. Agentliyin fəaliyyətini təşkil etmək;

4.22.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4.22.3. Şuranın qərarlarını icra etmək;

4.22.4. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.22.5. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.22.6. bu Nizamnamənin 3.1.19-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.22.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4.22.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.22.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.22.10. Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.”;

8.2.4.14. aşağıdakı məzmunda 4.22-1-ci və 4.22-2-ci bəndlər əlavə edilsin:

“4.22-1. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.22-1.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.22-1.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.22-1.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.22-1.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.22-1.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.22-1.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.22-1.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.22-1.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.22-1.9. Agentlik işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.22-1.10. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.22-1.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.22-1.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.22-1.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.22-1.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.22-1.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.22-1.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.22-2. İdarə Heyətinin üzvləri:

4.22-2.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.22-2.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.22-2.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.22-2.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.22-2.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.”;

8.2.4.15. 4.23-cü bənddə “İcraçı direktor və onun müavini” sözləri “İdarə Heyətinin üzvləri” sözləri ilə əvəz edilsin;

8.2.5. 5.1-ci bənddə “100 000 (yüz min)” sözləri “134 945 (yüz otuz dörd min doqquz yüz qırx beş)” sözləri ilə əvəz edilsin.

9. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942 (Cild I) birinci hissəsində ikinci halda “sədri” sözü “üzvü” sözü ilə əvəz edilsin.

10. “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 493 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) 1-ci hissəsinin “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri” abzası ləğv edilsin.

11. “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637 (Cild I) 1-ci hissəsində dördüncü halda “sədri” sözü “üzvü” sözü ilə əvəz edilsin.

12. “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 aprel tarixli 2609 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 378 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2025-ci il

Seçilən
6
10
qht.az

10Mənbələr