Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət sosial müdafiə fondunun
2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9
dekabr tarixli 293-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi
haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.3-cü, 3.4-cü
bəndlərində və 4-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin 3.3-cü bəndində
"orqan (qurum)" dedikdə Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-cü maddəsinin 3.4-cü bəndində
"orqan (qurum)" dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Sosial Müdafiə Fondu qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 4-cü maddəsində birinci halda "orqan
(qurum)" dedikdə Dövlət Sosial Müdafiə Fondu, Dayanıqlı və Operativ Sosial
Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Sosial Müdafiə Fondu qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 4-cü maddəsində ikinci halda "orqan
(qurum)" dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Dövlət
sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan
Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanunundan irəli gələn
məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi
haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ
nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş məcburi dövlət
sosial sığorta haqları üzrə gəlirlərin yerinə yetirilməsi üçün tədbirlər görsün
və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
3.2. həmin Qanunun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə
tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük
bölgüsünü 10 (on) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla təsdiq etsin;
3.3. büdcə təşkilatlarının 2026-cı il yanvarın 1-dək
yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarına dair məlumatları
20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsin;
3.4. "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi
haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ
nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər
görsün.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi:
4.1. dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin xərclərinin
yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin;
4.2. "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi
haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ
nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
5.1. bu Fərmanın 3.2-ci bəndində qeyd olunan bölgü nəzərə
alınmaqla, 2026-cı il üçün dövlət sosial müdafiə fondunun büdcəsinin
balanslaşdırılması məqsədilə dövlət büdcəsi öhdəliklərinin maliyyələşdirilməsi
ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitin (transfertin) aylıq və rüblük
bölgüsünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində təsdiq etsin;
5.2. büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər
üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə
borclarını 2026-cı il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsın;
5.3. "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi
haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ
nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər
görsün.
6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər
və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən
təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini
təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki
qurumlarla birlikdə tədbirlər görsünlər.
7. Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2025-ci il