RU

2026-cı il üçün DƏHŞƏTLİ PROQNOZ – Bu ölkələr arasında müharibələr BAŞLAYACAQ

Yola salmaqda olduğumuz 2025-ci il dünyada bir çox münaqişələrin alovlanması ilə yadda qaldı. Xüsusilə də, Rusiya-Ukrayna savaşı əvvəlki illərdən daha qanlı mərhələyə qədəm qoydu.

ABŞ Prezidenti Donald Trampın sülh istiqamətində göstərdiyi səylərə rəğmən hələ də Ukraynada savaş davam edir. 

Cari ildə İsrailin Qəzza zolağında apardığı müharibə isə əsasən dayanıb. Amma buna baxmayaraq, onun yenidən alovlanması da istisna edilmir. 2025-ci il həm də İsraillə İran arasında 12 günlük müharibə ilə yadda qaldı. Pakistanla Əfqanıstan, Pakistanla Hindistan da bir-birilərinə qarşı hərbi güclərini nümayiş etdirdilər. Digər müharibə ocağı isə Kamboca ilə Tailand arasında baş verib. 

Eyni zamanda, hələlik birbaşa toqquşmalar baş verməsə də, Avropa İttifaqı ilə Rusiya, həmçinin Çinlə Tarvan arasında da ziddiyyətlər olduqca kəskindir.    

Görəsən, 2026-cı ildə dünyamızı nələr gözləyir, hansı yeni müharibələr başlaya bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov gələn il üçün əsas müharibə ocağının Rusiya-Ukrayna müharibəsi olaraq qalacağını deməklə yanaşı, İrana qarşı yenidən hərbi əməliyyatların başlanması ehtimalını da yüksək hesab edir: 

“2026-cı ildə yer üzünü daha hansı müharibələrin bürüyəcəyini söyləmək o qədər də asan deyil. Çünki bəzən kiçik bir anlaşılmazlıq hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər. Ancaq közərən ocaqlar mövcuddur. Pakistanla Hindistan, habelə Əfqanıstanla Pakistan arasında cari ildə baş qaldıran toqquşmalar yenidən təkrarlana bilər. Hətta Trampın dayandırdığını söylədiyi müharibə ocaqlarının da yenidən alovlanması ehtimalı var. Yəni bu cür xırda qarşıdurmalar yəqin ki, 2026-cı ildə yenidən təkrarlanacaq.  

Söhbət qlobal miqyaslı, dəyişikliklərə səbəb olacaq müharibələrdən gedirsə, buna İsrail-İran qarşıdurmasını göstərmək olar. İranın nüvə proqramı ətrafında razılaşma yoxdur və gələn il üçün də bu istiqamətdə razılaşmanın olması ehtimalı aşağı səviyyədədir. Belə olan halda, 2026-cı ilin birinci yarısında yenidən İrana qarşı hərbi əməliyyatların başlanması ehtimalı istisna deyil”. 

Ekspert Yaxın Şərqdə də gərginlik ocaqlarının yenidən davam edəcəyi qənaətindədir: 

“Qəzza zolağı ilə bağlı məsələdə də müəyyən gərginliklər ola bilər. İsraillə Livan, İsraillə Fələstin arasında hərbi qarşıdurmanın yenidən olması ehtimalı da qalmaqdadır”. 

Həmsöhbətimizin fikrincə, 2026-cı ildə Rusiya ilə Ukrayna arasında toqquşma daha da
şiddətlənəcək: 


“Ukrayna müharibəsi də davam edəcək. Tərəflər arasında gələn il üçün də sülhün əldə edilməsi çətin məsələdir. Sülh planındakı bəzi bəndləri Ukrayna qəbul etmir. Kiyevlə Avropa İttifaqının təklifləri isə Rusiyanı qane etmir. Hətta 2026-cı ildə tərəflər arasında toqquşmalar bir qədər də şiddətlənəcək”. 

Rüfət Sultan, Bizim.Media 
 

Избранный
65
50
bizim.media

10Источники