Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2026-cı ilə doğru Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətlər sistemində ən həlledici faktor olaraq qalmağa davam edəcək. Müharibənin uzanması tərəflərin hərbi potensialını tükəndirməklə yanaşı, siyasi iradəni də ciddi sınaq qarşısında qoyur.
Rusiya üçün uzunmüddətli müharibə iqtisadi sanksiyaların dərinləşməsi, texnoloji təcrid və daxili sosial narazılıqların artması ilə müşayiət olunur. Ukrayna isə hərbi müqaviməti davam etdirməklə yanaşı, Qərbdən asılılığını daha da artırır və bu, onun gələcək suveren qərarvermə imkanlarına müəyyən təsirlər yaradır. Bu mənzərədə 2026-cı il daha çox hərbi qələbədən çox, siyasi yorğunluq və kompromis axtarışlarının ön plana çıxdığı mərhələ kimi görünür.
Eyni zamanda, beynəlxalq aktorların mövqeləri də dəyişməkdədir. ABŞ və Avropa İttifaqı daxilində müharibənin maliyyə və təhlükəsizlik yükü ilə bağlı müzakirələr intensivləşir. Qərb artıq təkcə hərbi yardım deyil, diplomatik mexanizmlərin aktivləşdirilməsini də gündəmə gətirir. Bu kontekstdə Çin, Türkiyə və bəzi neytral ölkələrin vasitəçilik təşəbbüsləri daha ciddi qəbul edilə bilər. 2026-cı ildə əsas hədəf müharibəni tam dayandırmaqdan çox, onun idarəolunan fazaya keçirilməsi və nəzarətsiz eskalasiyanın qarşısının alınması ola bilər. Bu isə regional təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına yol aça bilər.
Sülh planının 2026-cı ilin əvvəlində rəsmi şəkildə icraya başlanması ehtimalı mövcuddur, lakin bu, tam miqyaslı razılaşmadan çox mərhələli modelə bənzəyəcək. Belə bir model ilkin olaraq atəşkəs, humanitar dəhlizlərin genişləndirilməsi və bəzi mübahisəli zonalarda beynəlxalq müşahidə mexanizmlərinin tətbiqini nəzərdə tuta bilər. Ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və NATO faktoru isə daha uzunmüddətli danışıqların predmeti olaraq qalacaq. Tərəflərin mövqeləri hələ də bir-birindən kəskin şəkildə fərqləndiyi üçün sürətli razılaşma real görünmür. Buna baxmayaraq, müharibənin sonsuzadək davam etməyəcəyi və siyasi həll üçün zəminin tədricən formalaşacağı artıq daha aydın görünür.
Ümumilikdə, 2026-cı il Ukrayna-Rusiya müharibəsində dönüş nöqtəsi ola bilər, lakin bu dönüş sülh deyil, daha çox “nəzarət olunan sabitlik” mərhələsi kimi xarakterizə edilə bilər. Bu prosesdə böyük güclərin maraqları, regional təhlükəsizlik balansı və beynəlxalq hüququn gələcək taleyi əsas rol oynayacaq. Məhz buna görə də qarşıdakı dövr yalnız iki ölkənin deyil, bütövlükdə Avropa təhlükəsizlik sisteminin gələcəyini müəyyən edən kritik mərhələ olacaq.
Ruslan Zəngəzur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.