RU

ABŞ və Rusiyanın gizli sülh planı ortaya çıxdı – Ukraynasız qərar verilir... "Torpaq müqabilində pul" formulu...


Tramp administrasiyasının Ukraynadakı müharibəyə son qoymaq məqsədilə Rusiya ilə gizli məsləhətləşmələr apararaq yeni bir sülh planı üzərində işləyır. Amerikanın “Axios” saytı ABŞ və Rusiya rəsmilərinə istinadən xəbər verir ki, 28 maddəlik əhatəli plan üzərində işlər davam etdirilir.

Planın hazırlanmasına bir başa Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. Uitkoff planın konturlarını Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə də müzakirə edib. Burada diqqət çəkən əsas məqam Ukrayna və Avropa ölkələrinin danışıqlarda birbaşa iştirak etməməsidir.

Plan dörd əsas bənddən ibarətdir: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri.

ABŞ prezidenti Trampın 28 maddəlik planı təsdiqlədiyi bildirilir. “NBC News”a danışan yüksək vəzifəli ABŞ rəsmisi isə planın bu həftə prezidentin təsdiqini aldığını və Stiv Vitkoff, C.D. Vens, Marko Rubio və Cared Kuşnerin onun hazırlanmasında rol oynadığını bildirib.

"Axios" planın bəzi detallarını da paylaşıb. Bildirilir ki, plan Krım və Donbasın Rusiya əraziləri kimi tanınmasını ehtiva edir: “ABŞ və digər ölkələr Krım və Donbası Rusiya əraziləri kimi tanıyacaq, lakin Ukraynadan bunu etməsi tələb olunmayacaq” – deyə nəşr yazır.

Qeyd edilir ki, bu plan Donbasda Ukraynanın güzəştə gedəcəyi ərazilərin demilitarizasiya olunmuş zona kimi qəbul edilməsini nəzərdə tutur. Sözügedən ərazilər Rusiyanın nəzarətində olsa da, Ukraynanın güzəştə gedəcəyi Donbas bölgələri demilitarizasiya zonası sayılacaq və Rusiya orada hərbi qüvvə yerləşdirə bilməyəcək.

“Financial Times” isə mənbələrə istinadən yazır ki, planda Ukraynada rus dilinin dövlət dili kimi tanınması da nəzərdə tutulur. Sənəddə həmçinin Rus Pravoslav Kilsəsinin yerli nümayəndəliyinə rəsmi status verilməsi və Kiyevə hərbi yardımın azaldılması da yer alır.

Bu arada, “The Telegraph”ın məlumatına görə, ABŞ sülh planı Rusiyanın Donbasa faktiki nəzarəti müqabilində Kiyevə icarə haqqı ödəməsini nəzərdə tutur. "Torpaq müqabilində pul" kimi təsvir edilən formul çərçivəsində Ukrayna bölgəyə nəzarətdən imtina edəcək, lakin bölgənin qanuni sahibi kimi onlar qəbul ediləcək.

ABŞ dövlət katibi Marko Rubio tərəfləri "çətin, lakin zəruri güzəştlər" etməyə çağırıb.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, o, plana nikbin yanaşır. Rusiyanın mövqeyinin nəzərə alındığını deyən Dmitriyev bildirib ki, planın əsas məqsədinin avqust ayında Alyaskada keçirilən Tramp-Putin görüşü zamanı razılaşdırılmış prinsiplərə əsaslanaraq, Ukrayna münaqişəsinin həlli, ABŞ-Rusiya münasibətlərinin bərpası və Rusiyanın təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün təklif hazırlamaqdır.

Onun sözlərinə görə, hədəf sənədi növbəti Putin-Tramp görüşünə qədər hazırlamaqdır. O əlavə edib ki, Vaşinqton hazırkı yanaşmasının "üstünlüklərini" Ukrayna və Avropa tərəfdaşlarına da açıqlayıb. Bir ABŞ rəsmisi də Vaşinqtonun Avropa və Ukrayna nümayəndələrini yeni plan barədə məlumatlandırdığını təsdiqləyib.

Maraqlıdır ki, rəsmi Moskva iddialara tam fərqli münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, əgər Amerika tərəfinin hər hansı bir təklifi olsaydı, onlar iki ölkənin xarici işlər nazirlikləri arasında qurulan rəsmi kanallar vasitəsilə çatdırılardı. Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentindən bu barədə heç bir təklif almayıb. Kreml sözçüsü Dmitri Peskov da deyib ki, "hazırda bildirə biləcəyimiz yeni bir şey yoxdur".

Ukrayna rəsmiləri isə ABŞ-ın sülh planını rədd edərək, onun "Kremlin maksimalist tələblərinə uyğun, qəbuledilməz güzəştlər" ehtiva etdiyini bildiriblər. Planın 28 bəndi arasında Ukraynanın Donbasdan geri çəkilməsi, ordusunu yarıya endirməsi, Qərbdən uzaqmənzilli silahlar almaqdan imtina edilməsi və rus dilinə rəsmi status verilməsi də daxildir.

Hazırda tərəflərin çərçivə sazişi üzrə razılığa gəlməyə yaxın olduqları bildirilir. Qeyd edilir ki, Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağı hədəfləyən sülh planı bu həftə elan edilə bilər.

Ağ Evdəki yüksək vəzifəli bir mənbə isə "Ukraynaya təklif edəcəyimiz şey ağlabatandır" deyərək, Kiyev administrasiyasının Rusiya ordusunun irəliləyişi və daxili siyasətdəki korrupsiya qalmaqalları səbəbindən bu şərtləri qəbul etmək məcburiyyətində qalacağını iddia edib.

Bu hadisələr Ukrayna münaqişəsinə diplomatik həll yolu axtarışının sürətləndiyini göstərsə də, tərəflərin rəsmi açıqlamalarla media iddiaları arasında ciddi uyğunsuzluqlar diqqət çəkir. Ukrayna ətrafında pərdə arxasında baş verdiyi yaxın yəqin ki, günlərdə aydınlaşacaq...

Bu arada, sözügedən hadisələr fonunda öncədən planlaşdırılan bir diplomatik görüş ləğv edilib. Məlumata görə, Trampın xüsusi elçisi Stiv Uitkoffun 19 noyabrda Türkiyədə Ukrayna prezidenti Zelenski ilə görüşü gözlənilirdi, lakin Ukrayna və Amerika rəsmiləri gözlənilmədən səfərin ləğv olunduğunu açıqlayıblar. Görüşün ləğv edilmə səbəbi kimi Ukraynada Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın da adı keçən korrupsiya qalmaqalı göstərilib.

Tahir TAĞIYEV

Избранный
29
7
baki-xeber.com

7Источники