RU

Əhalinin nəzərinə: Gələn il...

Gələn il iki dəfə Günəş və Ay tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Publika.az-a verilən xəbərə görə, 2026-cı ilin ilk Günəş tutulması fevralın 17-də baş verəcək.

Bu, tutulma 2008-ci il fevralın 7-də baş vermiş halqavari Günəş tutulmasının təkrarı olacaq. Buna oxşar növbəti tutulma isə 2044-cü il fevralın 28-də baş verəcək.

Qismən tutulma saat 13:56:14-də başlayıb, saat 18:27:30-da sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 31 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 16:11:45-ə təsadüf edəcək və maksimumda davametmə müddəti 2 dəqiqə 20 saniyə olacaq. Mərkəzi tutulma saat 15:42:38-də başlayıb, saat 16:41:21-də başa çatacaq. Ay Yerdən daha uzaq məsafədə olduqda görünən bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə mərkəzi tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında üzüyə bənzər parlaq halqa yaranır. Bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır. Ay kölgəsinin orta uzunluğu 373 320 km-dir, lakin 2026-cı il fevralın 17-də Ayın Yerdən məsafəsi 387 663 km təşkil edəcək. Buna görə də Ayın kölgəsi Yer səthinə çatmayacaq. Nəticədə Ay Günəş diskinin yalnız 0,963 hissəsini örtəcək və Günəşin nazik parlaq halqası görünəcək. Halqavari tutulma zamanı Günəşin bu parlaq halqası Günəş tacını (koronanı) və Günəşin yaxınlığında yerləşən ulduzları görməyə imkan vermir.

Halqavari tutulma Antarktida və Hind okeanının cənub akvatoriyasında müşahidə olunacaq. Qismən tutulma fazaları isə demək olar ki, bütün Antarktidada (yalnız Yeni Zelandiya istiqamətinə baxan sahil zolaqları istisna olmaqla), həmçinin Çilinin və Argentinanın cənubunda, Cənubi Afrikada, Madaqaskarda, Botsvananın mərkəzi və cənubunda (qərb və şimal-qərb rayonları istisna olmaqla), Zimbabvedə, Malavidə, Mozambikdə, Tanzaniyanın cənubunda, həmçinin Atlantik okeanının cənub zonasında və Hind okeanının cənub-qərb və cənub hissələrində müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Избранный
25
27
publika.az

10Источники