AZ

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AFN.az-a verilən xəbərə görə, 2026-cı ilin ilk Günəş tutulması fevralın 17-də baş verəcək. Bu, tutulma 2008-ci il fevralın 7-də baş vermiş halqavari Günəş tutulmasının təkrarı olacaq. Buna oxşar növbəti tutulma isə 2044-cü il fevralın 28-də baş verəcək.

Qismən tutulma saat 13:56:14-də başlayıb, saat 18:27:30-da sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 31 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 16:11:45-ə təsadüf edəcək və maksimumda davametmə müddəti 2 dəqiqə 20 saniyə olacaq. Mərkəzi tutulma saat 15:42:38-də başlayıb, saat 16:41:21-də başa çatacaq. Ay Yerdən daha uzaq məsafədə olduqda görünən bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə mərkəzi tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında üzüyə bənzər parlaq halqa yaranır. Bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır.

Halqavari tutulma Antarktida və Hind okeanının cənub akvatoriyasında müşahidə olunacaq. Qismən tutulma fazaları isə demək olar ki, bütün Antarktidada, həmçinin Çilinin və Argentinanın cənubunda, Cənubi Afrikada, Madaqaskarda, Botsvananın mərkəzi və cənubunda, Zimbabvedə, Malavidə, Mozambikdə, Tanzaniyanın cənubunda və Hind okeanının cənub-qərb hissələrində müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

İlin 2-ci Günəş tutulması avqustun 12-də baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarıdır. Qismən tutulma saat 19:34:01-də başlayıb, saat 23:57:48-də sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 21:46:06-da olacaq. Tam tutulma zamanı Ayın kölgə konusu Yer səthini kəsir. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2026-cı ilin ilk Ay tutulması martın 3-də baş verəcək və tam Ay tutulması olacaq. Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Yarımkölgəli Ay tutulması saat 12:44:25-də, qismən Ay tutulması saat 13:50:00-da, tam tutulma isə saat 15:04:26-da başlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 15:33:46-da olacaq. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2026-cı ilin 2-ci Ay tutulması avqustun 28-də baş verəcək və qismən Ay tutulması olacaq. Yarımkölgəli Ay tutulması saat 05:23:55-də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən və yarımkölgəli tutulmalar saat 09:51:55 və 11:01:41-də sona çatacaq. Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yalnız yarımkölgəli Ay tutulmasının bir hissəsini səhər saat 05:23-dən 05:55-ə qədər müşahidə etmək mümkün olacaq.

Seçilən
10
26
afn.az

10Mənbələr