Madrid “Real”ın sabiq dayaq yarımmüdafiəçisi Klod Makelele PSJ-nin futbolçusu Markinyosu İspaniya nəhəngində görməyi arzulayır.
Arena.az keçmiş fransalı futbolçunun müvafiq fikrini təqdim edir:
“Markinyosu “Real”da görmək istərdim. Bu oğlana valehəm. Onunla PSJ-də, Karlo Ançelottinin heyətindən olduğum vaxt çalışmışam – keyfiyyəti, əməksevərliyi, şövqü, səbri… O, inanılmaz dərəcədə tərəqqi edib”, deyə Makelele Paris klubunun braziliyalı mərkəz müdafiəçisi və kapitanı haqda vurğulayıb.
Xatırladaq ki, Markinyos PSJ-yə 2013-cü ilin iyul ayında 31,4 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Braziliyalı müdafiəçinin Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə braziliyalı müdafiəçi PSJ-nin heyətində bütün yarışlarda 8 oyuna çıxıb, 1 qol vurub.
Markinyosun Fransa nəhənginin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 499 oyun, 42 qol və 12 məhsuldar ötürmə.
Braziliyalı futbolçu PSJ ilə 10 dəfə Fransa Liqa 1-in, 8 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 10 dəfə Fransa Super Kubokunun, həmçinin UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun qalibi olub.
Markinyos 2013-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinində 101 oyuna 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2016-cı il Rio-de-Janeyro Olimpiadasınını qalibi olub, həmçinin, 2019-cu il Amerika Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

