RU

Şəhid övladlarının çəkdiyi rəsmlər əsasında poçt markaları təqdim olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər – şəhid övladlarının gözü ilə” adlı poçt markalarının təqdimatı və möhürlənmə mərasimi keçirilib.

Tədbir şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə giriş sözü ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov layihənin uşaqların yaradıcı baxışını Vətən sevgisi ilə birləşdirdiyini vurğulayıb. “Bu markalar sadəcə filatelistlər üçün maraqlı kolleksiya nümunəsi deyil. Onlar torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yaşadan dərin mənalı əsərlərdir”, – deyə nazir müavini vurğulayıb.

Tədbir iştirakçıları şəhid övladlarının çəkdiyi rəsmlərlə tanış olublar və həmin rəsmlər əsasında hazırlanan poçt markalarının söndürülməsi uşaqların özləri tərəfindən həyata keçirilib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında layihənin mənəvi məzmununu diqqətə çatdırıb: “Bu uşaqların baxışında, rəsmlərində və xatirələrində böyük bir Vətən sevgisi var. Onların hisslərini markalarda əbədiləşdirməklə həm şəhidlərimizin xatirəsinə ehtiramımızı göstərir, həm də uşaqlarda güclü vətəndaşlıq ruhunu bir daha görürük”.

Layihə şəhid övladlarının Vətənə bağlılığını, qürur və xatirə hisslərini incəsənət vasitəsilə ifadə etmək, onların duyğularını cəmiyyətə çatdırmaq və şəhid ailələrinə mənəvi dəstək göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, rəsmlər uşaqların baxışını təcəssüm etdirdiyi üçün marka kompozisiyası göz formasında tərtib edilib. Dizayn müəllifi Orxan Qarayevdir. İki blokdan ibarət buraxılış hər biri 3000 tirajla Belarusda çap olunub.

Tədbir çərçivəsində son illərdə Zəfər Gününə həsr olunmuş poçt markaları və zərflərdən ibarət kiçik sərgi də nümayiş etdirilib. Mərasim uşaqlara hədiyyələrin təqdim edilməsi və xatirə fotosu ilə yekunlaşıb.

Məlumat üçün bildirək ki, bu, “Azərpoçt” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin eyni qəbildən olan ikinci layihəsidir.

Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid Şəhid
Избранный
40
10
apa.az

10Источники