RU

ÇL: “Qarabağ” Bakıda “Çelsi” ilə üz-üzə - ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 4-cü turu çərçivəsində İngiltərə nəhəngi “Çelsi” ilə üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı oyun Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sebastyan Qişamer olacaq. FIFA referisinə yan xətt hakimləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Şuettenqruber, AVAR-da Jozef Spurnı əyləşəcəklər. Qarşılaşmaya saat 21:45-də start veriləcək.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə uğurlu start verib. Ağdam klubu ilk turda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. İkinci turda isə Azərbaycan çempionu Danimarka nəhəngi “Kopenhagen”i diz çökdürüb – 2:0. Üçüncü turda İspaniya təmsilçisi “Atletik”lə oyuna da yaxşı başlamış Ağdam klubu Bilbao təmsilçisi ilə görüşdə sonadək davam gətirə bilmədiyi üçün 1:3 hesabıyla uduzmuşdu.

“Çelsi” də ÇL-in Liqa mərhələsində keçirdiyi 3 oyundan 1 məğlubiyyət, 2 qələbə ilə ayrılıb. Premyer Liqa təmsilçisi ilk turda səfərdə Almaniya nəhəngi “Bayern”ə 1:3 hesabıyla uduzub. Amma “zadəganlar” sonrakı turlarda “Benfika”nı (Portuqaliya) evdə 1:0, “Ayaks”ı (Niderland) isə 5:1 hesabıyla üstələyib.

Bir sözlə, hazırda hər iki komandanın hesabında 6 xalı var. “Çelsi” Liqa mərhələsinin yarış cədvəlində 13-cü, “Qarabağ” isə 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Çelsi” “Qarabağ” üçün tanış rəqibdir. London təmsilçisi ÇL-in 2017/2018-ci illər mövsümündə də Azərbaycan çempionuna rəqib olmuşdu. Həmin vaxt evdə 6:0 hesablı qələbə qazanmış “zadəganlar” Bakıdan da 4:0 hesablı qələbə ilə dönmüşdülər.

İndi ağdamlıların həmin məğlubiyyətlərin qisasını almaq üçün yaxşı şansı var. Rəqib nə qədər güclü olsa da, düzgün və inamlı oyunla ondan xal almaq, hətta qələbə qazanmaq da mümkündür.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr

“Qarabağ” – “Çelsi”
Hakimlər: Sebastyan Qişamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann (Avstriya).
VAR: Manuel Şuettenqruber (Avstriya).
AVAR: Jozef Spurnı (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
24
24
arena.az

10Источники