AZ

“Qarabağ” “Çelsi” üzərində qələbəni əldən verdi - ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 4-cü turu çərçivəsində İngiltərə nəhəngi “Çelsi” ilə üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı oyun Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Sebastyan Qişamer olub.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə uğurlu start vermişdi. Ağdam klubu ilk turda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlmişdi. İkinci turda isə Azərbaycan çempionu Danimarka nəhəngi “Kopenhagen”i diz çökdürmüşdü – 2:0. Üçüncü turda İspaniya təmsilçisi “Atletik”lə oyuna da yaxşı başlamış Ağdam klubu Bilbao təmsilçisi ilə görüşdə sonadək davam gətirə bilmədiyi üçün 1:3 hesabıyla uduzmuşdu.

“Çelsi” də ÇL-in Liqa mərhələsində keçirdiyi 3 oyundan 1 məğlubiyyət, 2 qələbə ilə ayrılmışdı. Premyer Liqa təmsilçisi ilk turda səfərdə Almaniya nəhəngi “Bayern”ə 1:3 hesabıyla uduzmuşdu. Amma “zadəganlar” sonrakı turlarda “Benfika”nı (Portuqaliya) evdə 1:0, “Ayaks”ı (Niderland) isə 5:1 hesabıyla üstələmişdi.

Bir sözlə, bu oyundan öncə hər iki komandanın hesabında 6 xalı vardı. “Çelsi” Liqa mərhələsinin yarış cədvəlində 13-cü, “Qarabağ” isə 14-cü pillədə qərarlaşmışdı.

Bu oyunda hesabı qonaqlar açıblar. Amma erkən toparlanan Azərbaycan çempionu qısa zaman kəsiyində 2 qol vurmaqla hesabda önə keçməyi bacarıb. İkinci hissədə “zadəganlar” hesaba tarazlıq gətirməyi bacarıblar.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr

“Qarabağ” – “Çelsi” 2:2
Qollar: Leandro Andrade, 29. Marko Yankoviç, 39-pen – Estevan, 16. Alexandro Qarnaço, 53.
Hakimlər: Sebastyan Qişamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann (Avstriya).
VAR: Manuel Şuettenqruber (Avstriya).
AVAR: Jozef Spurnı (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Çelsi: 1. Robert Sançes, 3. Mark Kukurelya, 4. Tosin Adarabioyo, 11. Ceymi Gittens, 17. Andrey Santos, 20. Juan Pedro, 21. Jorrel Hato, 24. Ris Ceyms (k), 32. Tayrik Corc, 41. Estevan, 45. Romeo Laviya.
Ehtiyat oyunçular: 12. Filip Yorgensen, 50. Maks Merrik, 8. Entso Fernandes, 9. Liam Delap, 23. Trevo Çaloba, 25. Moyzes Kaysedo, 27. Malo Qusto, 29. Uelsi Fofana, 34. Coşua Açimponq, 38. Mark Qiu, 40. Fakundo Buonanotte, 49. Alexandro Qarnaço.
Baş məşqçi: Entso Mareska.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
5
24
arena.az

10Mənbələr