GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Noyabrın 1-də təsis olunan Crossmedia.az Analitik-İnformasiya Portalının 1 yaşı tamam olur.
Globalinfo.az Crossmedia.az-ın redaktoru Kənan Novruzovla müsahibəni təqdim edir:
– Bir il ərzində Crossmedia.az-ın fəaliyyətini necə qiymətləndirirsiniz?
– Komandaya bir qədər gec qoşulmuşam. İlk redaktorluq təcrübəm olmasına baxmayaraq, təklif gəldiyi zaman tərəddüd etmədim. Çünki hara gəldiyimi və kimlərlə işləyəcəyimi bilirdim. Crossmedia.az birdən-birə ictimai mühitdə və siyasi elitada tanınmadı. Bu proseslərin şəxsən şahidiyəm – haradan başlayıb hara gəldiyimizi yaxşı bilirəm. Bu, asan olmadı. Yeni yaradılan hər bir layihə müəyyən çətinliklər və mərhələlərdən keçir. Seçdiyimiz düzgün strategiya sayəsində qısa müddətdə özümüzü müsbət mənada tanıda bildik.
– Bir illik fəaliyyətiniz ərzində hansı layihə və təşəbbüslər daha çox diqqət çəkdi?
– Crossmedia.az yarandığı gündən obyektivlik və qərəzsizlik prinsipinə sadiq qalmağa çalışıb. Dövlət və dövlətçilik məsələlərinə, o cümlədən Prezident İlham Əliyevin səfərlərinə, görüşlərinə və çıxışlarına geniş yer ayırmaq portalın prioritet istiqamətlərindəndir. Bu baxımdan “Prezident gündəliyi” bölməsi xüsusi qeyd olunmalıdır.
Portal həmçinin analitik materialların dərcinə xüsusi önəm verir. Crossmedia Təhlil Mərkəzinin üzvləri cəmiyyəti maraqlandıran mövzularla bağlı mütəmadi olaraq araşdırma və təhlillər təqdim edirlər.
Portal orijinallığını qorumağa da böyük diqqət yetirir. “Yüksəliş” müsabiqəsinin qalibləri ilə müsahibələri əhatə edən “Yüksəliş hekayəsi”, Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Mətbuat–150”, İkinci Qarabağ müharibəsinin beş illiyinə ithaf edilən “Vətən müharibəsi–5”, eləcə də “Dünya iqtisadiyyatı və Azərbaycan”, “Doktor danışır” layihələri bu baxımdan səciyyəvidir.
– Gələcək üçün əsas hədəfləriniz və ikinci il üçün prioritet istiqamətlər hansılardır?
– Sayt çərçivəsində 4 aylıq təcrübə proqramı həyata keçirilib. Bu proqramı uğurla başa vuran könüllülər sertifikatla təmin olunublar. Onların bir çoxu hazırda kollektivimizin üzvüdür, digərləri isə artıq müxtəlif media orqanlarında fəaliyyət göstərirlər.Crossmedia.az həm analitik yazıların dərinliyi, həm də gündəlik xəbərlərin operativliyi ilə fərqlənir. Saytın əsas məqsədi – cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün etibarlı platforma təqdim etməkdir. Dediyim kimi, portalda “Doktor danışır” rubrikası çərçivəsində müxtəlif sahələrin tanınmış mütəxəssisləri ilə müsahibələr, həmçinin “Yüksəliş”, “Dünya iqtisadiyyatı”, “Azərbaycan” rubrikalarında milli və beynəlxalq miqyasda baş verən hadisələrin dərin analitik təhlili dərc olunur.
Gələcəkdə daha fərqli rubrikalar və layihələrlə oxucuların qarşısına çıxmağı, həmçinin TV layihələrinə keçidi də planlaşdırırıq.
– Media sahəsində sürətlə dəyişən şəraitdə Crossmedia.az-ı fərqləndirəcək əsas yeniliklər nələr olacaq?
– Sadalanan rubrikalar və layihələr bunun ən yaxşı nümunəsidir. Bundan əlavə, Crossmedia.az Milli Məclisin deputatları, ictimai xadimlər və ekspertlərlə mütəmadi əməkdaşlıq edərək, informasiya ilə yanaşı, fikirlərin toqquşduğu və həqiqətin önə çıxdığı bir analitik meydan formalaşdırıb.
– Bir il ərzində qazandığınız ən vacib təcrübə nə oldu və onu gələcəkdə necə tətbiq etməyi planlaşdırırsınız?
– Ən böyük təcrübəmiz komanda şəklində işləməyi öyrənmək oldu. Vaxtilə öz redaktorlarımdan və müəllimlərimdən öyrəndiklərimi indi tələbələrimə həm nəzəri, həm də praktiki şəkildə çatdırmağa çalışıram. Bu, asan deyil, amma nəticəsini gördükcə bütün yorğunluq unudulur. Bizim üçün “iş saatı” anlayışı yoxdur – uğurumuzun əsasında da məhz bu fədakarlıq dayanır. Bir də görürsünüz, gecənin bir saatında baş redaktoruma, yaxud hansısa əməkdaşa nə isə yazıram. Onlar artıq bu rejimə öyrəşiblər. Bir yaşlı portal bu gün artıq etibarlı informasiya mənbəyi, analitik düşüncə mərkəzi və ictimai rəyin formalaşmasında fəal iştirakçı kimi tanınır.
Yeni yaşına qədəm qoyan Crossmedia.az komandası baş redaktor Mübariz Göyüşlü və redaktor Kənan Novruzovun rəhbərliyi ilə bundan sonra da obyektiv, məsuliyyətli və yenilikçi media prinsiplərini qorumağa, informasiya məkanında aydın sözün və dəqiq fikrin ünvanı olmağa çalışacaq.
Globalinfo.az kollektivi Crossmedia.az-ı təbrik edir, uğurlar arzu edir.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.