RU

Mehdiyev haqda yazılmış məddah kitablar və məqalələr istintaq materiallarına əlavə oluna bilər(?)...


Məhərrəm Zülfüqarlı: “...İstintaq tərəfindən çox ciddi araşdırılmalıdır”

Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun haqqında bəzi deputatlar, vəzifəli şəxslər, professor və akademiklər elə mədhiyyələr yazıblar, elə sözlər söyləyiblər ki...Onun kitablarına bir çox deputatlar resenziyalar yazıb, tərif dolu məqalələr həsr ediblər. Biri deyirdi ki, “Ramiz Mehdiyev çox dərin dövlət adamıdır”, başqa biri “Azərbaycan dövlətinin faktiki ikinci adamıdır”, “Azərbaycan dövlətinin sütunudur”, başqa birisi onu “dahi şəxsiyyət, filosof” adlandırırdı. Bu şit, bayağı, əttökən mədhiyyələrlə çoxlarınız mətbuatdan, sosial şəbəkələrdən yaxşı tanışsınız.

Məsələn, elə deputatlar da vardı ki, R.Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutduğu dövrdə onun haqqında yazdığı məqalədə onu “böyük dövlət və elm adamı”, “müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli Heydər Əliyevin ən yaxın silahdaşı, görkəmli siyasi və dövlət xadimi”, “böyük filosof, akademik” kimi qiymətləndirib, amma Mehdiyev vəzifədən gedəndən sonra əvvəlcə yazdıqlarını unudub onun haqqında ittihamedici və kəskin fikirlərlə dolu məqalə ilə çıxış edib.

“Ramiz Mehdiyev siyasətin akademikidir”, “Ramiz Mehdiyev böyük şəxsiyyətdir”, “Ramiz Mehdiyev müstəsna şəxsiyyətdir” deyən deputatlar da olub.

Bəzi indiki və keçmiş deputatların onun haqqında əvvəl və sonra dediklərinə baxaq:

“Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, bu dəyərli insanın mövqeyi və cəsarəti, kişiliyi çoxları üçün örnək olmalıdır”-“Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər”, “Hörmətli Ramiz müəllim olduqca ciddi dövlət adamı, böyük xidmətləri olan şəxsiyyətdir”- “Ramiz Mehdiyev belə qanunazidd addım atıb”, “Ramiz Mehdiyevi Azərbaycan dövlətinin onurğa sütunu hesab edirəm” – “Ramiz Mehdiyevin bu addımı atması qeyri-etikdir”, “Ramiz müəllimin Azərbaycanın inkişafında yüksək xidmətləri var” – “Ramiz Mehdiyevin dövlət çevrilişi planı ən böyük xəyanətdir”.

Vaxtilə R.Mehdiyevə mədhiyyə demək üçün sıraya düzülənlərin xeyli bir hissəsi indi onu ağır şəkildə itihham etmək üçün sıraya düzülüb. Vəzifədə olanda ona “atam”, “ağsaqqalım”, “böyüyüm” deyənlər də indi dedikləri sözləri geri götürür, əksini söyləyirlər.

O dövrdə Ramiz Mehdiyevin bir dövlət adamı kimi mədh edildiyi, tərifləndiyi, təbliğ olunduğu o mədhiyyələr bu gün məhkəmə istintaqında material, fakt kimi istifadə oluna bilərmi? İstintaqda o yazılanlara istinad etmək mümkündürmü? İstintaqda o məsələlər də qaldırıla bilərmi ki, məsələn, filankəs, gəl ifadə ver, sən Ramiz Mehdiyevi yaman tərifləyibsən, onu niyə belə mədh edibsən, onunla nə kimi əlaqələriniz var? Sən o vaxt nə bilirdin ki, Ramiz Mehdiyev dövlətin sütunudur? Onun haqqında bəzi məmurların, bəzi deputatların yazdıqları istintaqın araşdırma materialı ola bilərmi?

Bəzi ekspertlərin fikrincə, bu çox ciddi məsələdir və ətraflı şəkildə araşdırılmalıdır. Ekspetlərə görə, hazırda istintaq gedir və R.Mehdiyev baradə mədhiyyə dolu məqalələr, kitablar yazan, çıxışlar edən şəxslərin yazdıqları, zərurət olarsa, prosesdə nəzərə alına bilər. Yəni hər şey istintaqın gedişindən asılıdır.

“Ramiz Mehdiyev vəzifədə olanda ona mədhiyyələr deyənlər...”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu gün mətbuatda və sosial şəbəkələrdə bu mövzu çox hallanır, bu da xoşagələn hal deyil. O hesab edir ki, normal cəmiyyətlərdə hər şey vaxtında tənqid edilir və nöqsanlar aradan qaldırılır: “Mənə belə gəlir, bu, Sovet rejiminin qalıqlarıdır ki, hələ də bizdə yaşayır. Sovet dövründə rəhbər şəxslər ölənə qədər təriflənirdi, əl çalınırdı, öləndən sonra düşmən elan olunurdu. Yəni XXI əsrdə belə bir halın olması xoşagələn deyil. Özü də 87 yaşlı bir adam haqqında. Dünən onun qarşısında diz çökməyə hazır olan, mədhiyyələr deyən adamların şəxsiyyətsizcəsinə onun əleyhinə danışması əxlaqi dəyərlərlə normal hesab oluna bilməz...

Kimin cinayəti, kimin günahı varsa, kim qanunazidd hərəkət edibsə vaxtında cəzalandırılmalıdır. Bu, məsələnin bir tərəfi. İkinci, kitablara və məqalələrə gəldikdə, bir tarixçi kimi bilirdim ki, Ramiz Mehdiyevin adına çıxan kitabların əksəriyyətini özü yazmayıb. Hətta bəzi müəllifləri də bilirdim ki, onun kitablarını kimlər yazıb və buna görə hansı mükafatlar, hansı vəzifələr qazanıblar. Bunu müxalifət partiyalarının bəzi liderləri də bilirdilər. Onlar dəfələrlə bu adları çəkiblər, mən təkrar etmək istəmirəm. İndiki dövrdə həmin kitablara münasibətə gəlincə, məsələn, Şah İsmayıl haqqında Ramiz Mehdiyevin adına bir tədqiqat əsəri çıxıb. Əlbəttə ki, o, nə o dövrün mütəxəssisidir, nə tarixçi kimi tədqiqat aparıb. Düzdür, baza təhsili tarix olsa da, fəlsəfədən tamamilə başqa səpkidə olan mövzuda müdafiə edib. Amma indiki dövrdə biz duraq “Ramiz Mehdiyev Şah İsmayıl haqda kitab yazıb” deyib o kitaba mənfi yanaşaq, bu düzgün deyil. Biz bununla Şah İsmayılın şəxsiyyətinə hörmətsizlik etmiş olarıq. O ki qaldı Ramiz Mehdiyev haqda mədhiyyələr yazanlara, tərif deyənlərə, əlbəttə, onların mədhiyyələrində dövləti cinayətlərlə əlaqə, hakimiyyəti mənimsəməklə bağlı cəhd varsa o məsələlər istintaq tərəfindən araşdırılmalıdır.

Məsələn, indi elə faktlar üzə çıxır ki, bunlar hamısı istintaq tərəfindən çox ciddi araşdırılmalıdır. Uzun müddət Ramiz Mehdiyev Elmin İnkişafına Dəstək Fonduna rəhbərlik edib, bu fonda ayrılan pullar necə olub, hara gedib, bu prosesdə kimlər iştirak edib? Bunlar araşdırılmalıdır. Çünki ayrılan o pulla alimlər kitablar yazmalı idi, ona görə onlar qonarar almalı idilər və sair. Amma bu vəsaitin çox hissəsi mənimsənilib. Bunu istintaq araşdırmalıdır ki, o pullar kimin vasitəsilə kimlərə gedib, əsas hissəni kim götürüb, qalan hissə kimlər arasında paylaşdırılıb? Buna görə elmə nə qədər zərbə vurulub? Yəni belə iqtisadi məsələlər istintaqı daha çox maraqlandırmalıdır, nəinki hansısa məclisdə kimlərinsə Mehdiyevə mədhiyyə deməsi...”

M.Zülfüqarlının fikrincə, çalışmalıyıq gələcəkdə elə bir sistem quraq, elə cəmiyyətdə yaşayaq ki, nöqsanlar vaxtında tənqid olunsun, cinayətkarlar vaxtında cəzalandırılsın və vəzifədə ola-ola bunlara münasibət bildirilsin, bunlar cəzalarına çatdırılsın. “Yoxsa Sovet dövründəki kimi vəzifədən çıxandan sonra bu proses başlamasın. Bunlar Sovet cəmiyyətinə uyğun proseslərdir, 20-30-cu illərə xas bir metodla olan proseslərdir. Vəzifədə olan şəxsə mədhiyyə deyib əl çalanlar, o gedəndən sonra onu tənqid edirlər. Ramiz Mehdiyev vəzifədə olanda ona mədhiyyələr deyənlər, indi onun əleyhinə danışanlar, istina deyil ki, sabah daha yüksək vəzifəli şəxslər, hətta dövlət başçısı haqqında da eyni hərəkətləri edə bilər. Çünki bunlar üçün əqidə, dövlətçilik maraqları, sədaqət kimi məsələlər yoxdur,gələnə əl çalırlar, gedəni ittiham edirlər. Görə-görə gəlmişik, biz belələrini çox görmüşük. Onlar Kamran Bağırovun, Vəzirovun, Mütəllibovun vaxtında da belə idilər, sonra cilddən-cildə düşdülər. Hesab edirəm ki, bu cür yanaşmaya son qoymaq lazımdır. Azərbaycan gəncliyi gələcəkdə özünü rahat hiss etməlidir, cəmiyyətdə onların mal-mülkünə, şəxsiyyətinə qarant olmalıdır, onlara mane olan ünsürlər isə aradan çıxarılmalıdır”-deyə M.Zülfüqarlı bildirdi.

M.Zülfüqarlı hesab edir ki, məhkəmə istintaqı R.Mehdiyev işində bütün detalları nəzərə almalı və bütün materialları araşdırmalıdır.

İradə SARIYEVA

Избранный
129
50
baki-xeber.com

10Источники