“Reuters”-in məlumatına görə isə Donald Tramp Ağ Evdə Zelenski ilə danışıqlar zamanı təkcə Ukraynaya deyil, həm də Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsi ideyasını irəli sürüb. “Tramp hər iki tərəf üçün təhlükəsizlik təminatlarından danışıb və bu, ukraynalıları çaşdırıb”, - agentliyin mənbələri bildirib. “Reuters” də təsdiqləyir ki, danışıqlar zamanı Tramp Zelenskini müharibəni dayandırmaq üçün Rusiyaya ərazi güzəştinə getməyə çağırıb.
“Politico” nəşri isə yazır ki, ABŞ Prezidenti sonda ukraynalı həmkarına müharibənin hazırkı cəbhə xəttində dayandırılmasını təklif edib. Zelenski isə bundan öncə Ukraynanın Rusiyanın hələ işğal etmədiyi ərazilərdən imtina etməsi tələbi ilə razılaşmayıb. “Nəhayət, Tramp görüşü “Yaxşı, indiki cəbhə xəttində buna son qoymağa çalışaq” deyərək yekunlaşdırdı”, – mənbə bildirib. Xatırladaq ki, Tramp və Putin yaxın iki həftə ərzində Budapeştdə növbəti təkbətək görüş keçirmək barədə razılığa gəliblər. Qərb mediası bu dəfə də Alyaska ssenarisinin təkrarlanmasından - Putinin vaxt udmasından və Trampı “barmağına dolamasaından” ehtiyat edirlər.Eyni zamanda, iddia olunur ki, Putin Donbasın qalan hissəsinin Rusiyaya verilməsi müqabilində Ukraynaya Zaporojye və Xerson vilayətlərindəki bəzi kiçik əraziləri geri qaytarmağı təklif edib. Bu da bir növ guya Putinin öz mövqeyində güzəştə getməsi kimi təqdim olunur. Lakin əksər analitiklər Donetskin qalan hissəsinin Rusiyaya döyüşüsüz təhvil verilməsini mümkünsüz sayır və qeyd edirlər ki, bunu Putin də yaxşı bilir. Buna baxmayaraq, Rusiya başçısının müxtəlif “güzəştlər” təklif edərək, bunun müqabilində həmin ərazini istəməsi, bir tərəfdən Trampda guya danışıqlara və sülhə meylli olması barədə təsəvvür yaratmaq, vaxt qazanmaq, digər tərəfdən isə müharibədən yorulmuş Ukrayna cəmiyyətində qarşıdurma və hakimiyyətdən narazılıq yaratmağa hesablanıb.