RU

Qaranlıq səmada parlayan türk ulduzu

Hazırda dünya üzrə qlobal səviyyədə gərgin siyasi, iqtisadi və hərbi qarşıdurmalar var və bu proses getdikcə daha amansız xarakter alır. Bununla yanaşı, qütbləşmənin və hərbi-siyasi gərginliyin coğrafiyası genişlənir. Belə olan halda hər bir dövlət bu proseslərdə öz yerini müəyyənləşdirməyə çalışır. Prezident İlham Əliyev əbəs yerə demir: "Yerimiz türk dünyasıdır".

Uzun illər Türkiyə istisna olmaqla türk dövlətləri müstəqilliklərini itirmişlər.  Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan əvvəlcə rus imperiyasının, sonra da onun başqa siyasi forması olan sovetlər birliyinin tərkibində olmuşlar. Hətta sovetlər birliyi dağılandan sonra da yeni Rusiya bu ölkələri özünün "arxa bağça"sı hesab etmişdir. Lakin türk dünyasında olan milli həmrəylik ideyalarını artıq boğmaq mümkün deyildi, türk xalqları uzun illər tarixin bir dönəmində olduğu möhtəşəm qüdrətini geri qaytarmaq istəyirdi. 

Amma türk dünyasının birləşməsinə ilk qarşı çıxanlar da vardı - Rusiya və İran. Bu məsələ indiyəcən hər iki ölkənin xarici siyasətində əsas istiqamətlərdən biri olaraq qalır. Lakin heç bir qüvvə tarixin yaratdığı yeni fürsətin qarşısını ala bilməz. Dünya bir neçə ildir Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin siyasi, iqtisadi, maliyyə və mədəni əlaqələrinin genişləndiyinə şahidlik edir. Tezliklə bu ölkələr arasında hərbi əməkdaşlıq sahəsində də sıx əməkdaşlıq quruculuğunu görəcəyik. 

Türk dünyasının birləşməsi istiqamətində ilk uğurlu addımları Ulu Öndər Heydər Əliyev atmışdır. Ümummilli Liderin sovetlər birliyinə daxil olan türk dövlətlərinin rəhbərləri ilə yaxşı münasibətləri olmuş və onlar da Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləmişlər. Sonrakı proseslər göstərdi ki, bu, uzaqgörən və siyasi cəhətdən özünü doğruldan siyasi bir gediş imiş. 

Elə həmin səbəbdən Prezident İlham Əliyev bu siyasəti daha inamla davam etdirərək türk dünyası və Turan ideyasını gerçək bir siyasi, iqtisadi və mədəni bir gücə çevirdi. Dövlətimizin başçısı Türkiyə ilə Orta Asiyadakı türk ölkələri arasında birləşdirici lider rolunu oynadı. Türk Dövlətləri Təşkilatının bünövrəsinin 2009-cu ildə Naxçıvan müqaviləsi ilə qoyulması bunun sübutudur. Yeni türk birliyinin təməlinin Azərbaycanda qoyulması isə o deməkdir ki, dövlətimiz qardaş ölkələrin birliyinin yaradılmasında önəmli rol oynayır. 

O üzdən Prezident İlham Əliyevin türk dünyasının birliyi və təşkilatlanması üçün gördüyü işlər qardaş ölkələr tərəfindən təqdir edilir. Xüsusən Türkiyədən başqa heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınmayan Şimali Kipr Türk Cümhuriyyətinin TDT sammitlərinə dəvət olunması yüksək dəyərləndirilməlidir, hərçənd bu addımı atmaq istəyən ölkələrin Qərb tərəfindən ciddi müqavimətlə rastlaşması ehtimalı böyükdür. Buna baxmayaraq, dövlətimizin başçısı qarşılaşa biləcək riskləri heçə alaraq TDT-nin Azərbaycanda keçirilən bütün tədbirlərinə Şimali Kipr Türk Cümhuriyyətinin liderini dəvət edir. Bu baxımdan  Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən Ersin Tatar Prezident İlham Əliyevə ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlıq etdikdə dövlətimizin başçısının "Azərbaycan bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyini davam etdirəcək" deməsi təbiidir. Bu, Prezident İlham Əliyevin sözünün söz olmasının növbəti təsdiqidir. 

Bütün birliklər kimi, türk dünyası birliyinin möhkəmlənməsində də inteqrasiya önəmli rol oynayır. Çünki hər bir ittifaqın güclü olması bu ölkələrin siyasi, iqtisadi, maliyyə, təhlükəsizlik və hərbi baxımdan bir-birləri ilə sıx inteqrasiya olmasından asılıdır. Son dövrlər türk dövlətləri arasında güclü əlaqələrin qurulması onu göstərir ki, yaxın bir dövrdə Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzi kimi qlobal səviyyədə baş verən proseslərə təsir etmək imkanına malik olacaq.

Bəs Türk Dövlətləri Təşkilatını qarşıdakı illərdə nə gözləyir? Dünya xəritəsinə diqqət yetirdikdə aydın görünür ki, türk dövlətləri coğrafi cəhətdən dünyanın mərkəzində yerləşir. Bu o deməkdir ki, türk dövlətləri Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm coğrafiyadır və tezliklə dünya ticarətinin təhlükəsizliyi və çevikliyi bu coğrafiyadan və deməli, TDT-dən asılı olacaq. 

Türk dünyası maddi zənginlik və insan resursları baxımından da dünya üçün böyük əhəmiyyət daşıyır. İlk növbədə bu ölkələr zəngin neft-qaz yataqlarına sahibdir. Qazaxıstan və Özbəkistan isə həm də dünyanın ən zəngin uran yataqlarına malikdir. Bu xammal isə təkcə dağıdıcı silah yaratmaq üçün deyil, həm də enerji istehsalında əsas rol oynayır. İndi dünya "yaşıl enerji" istehsalından danışır. Burada da türk dünyasının bəxti gətirib. Belə ki, TDT ölkələrinin  bərpaolunan enerji istehsalı üçün geniş imkanları var. Bir sözlə, hansı tərəfdən baxılsa, türk dövlətləri dünya üçün xüsusi əhəmiyyət daşıyır. 

TDT türk dövlətləri ilə məhdudlaşacaqmı? Dünyada baş verən geosiyasi proseslərin gedişinə diqqət yetirdikdə birmənalı "xeyr" cavabı vermək lazım gələcək. İndidən baş verən regional və qlobal proseslər onu göstərir ki, Türk Dövlətləri Təşkilatının işində iştirak etmək istəyən ölkələrin sayı artacaq. Öncə qeyd edək ki, bir ara ABŞ bölgədən müəyyən qədər geri çəkilmişdi. İndi yenidən daha güclü şəkildə qayıtmaq barədə qərar verib. Donald Tramp Administrasiyasının Orta Asiya ölkələri və Azərbaycanla əlaqələri yenidən qurması onu göstərir ki, ABŞ-nin bölgədə maraqları var. Avropa İttifaqının Orta Asiyadakı türk dövlətlərinin iqtisadiyyatına və logistikasına yüksək məbləğdə investisiyalar yatırması da ümumilikdə birləşmiş Qərbin türk dünyasına yaxınlaşmasının göstəricisidir. 

Çin türk dünyası ilə ən çox iqtisadi əlaqələr quran ölkədir. Bu ölkənin türk dünyasına maraq göstərməsinin bir səbəbi təhlükəsiz Avropa və dünya bazarına çıxış əldə etmək istəməsidir. Gələcəkdə Pakistanın, Əfqanıstanın, Tacikistanın və Gürcüstanın da Türk Dövlətləri Təşkilatına hansısa statusda qoşulması qaçılmazdır. Ən azından o səbəb ki, bu ölkələrin iqtisadi inkişafında və logistik imkanların qazanmasında türk dövlətləri önəmli rol oynayır. Gec və tez Ermənistanın da bu təşkilatla əməkdaşlığa can atmasının şahidi olacağıq. O ki qaldı Rusiya və İrana, artıq onların türk birliyinin yaranmasının qarşısını almaq gücünün tükəndiyini görürük. Biz bunu Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı Ermənistanla Azərbaycan arasında imzalanan sənədlərə müdaxilə edə bilməməsində gördük. 

Və nəhayət, Prezident İlham Əliyev Qəbələdə keçirilən Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının müasir geosiyasi məkandakı yerinə toxunaraq demişdir: "Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir...

Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.

Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.

Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir".

Rüstəm KAMAL,

"Azərbaycan"

Избранный
61
50
azerbaijan-news.az

10Источники