RU

Cəbrayılda "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı - FOTOLAR

Oktyabrın 4-ü müasir tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsinin ilk qazi şəhəri Cəbrayılın işğaldan azad olunduğu gündür. 

"Unikal" xəbər verir ki, beş il öncə bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad edib. Sonrakı günlərdə şanlı Ordumuz bir addım da geri çəkilmədən torpaqlarımızı yağıdan təmizləyib. 

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.
Oktyabrın 4-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Cəbrayılda Şəhər Günü keçirilir. 

Şəhər Günü çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunan "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma şəhərə qayıtmış Cəbrayıl sakinləri və media mənsubları iştirak ediblər.

Məlumat verilib ki, sərginin məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və dövlətimiz tərəfindən burada həyata keçirilən bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.

Sərgidə Vüqar İbadov, Arif Ələkbər, Kamran Əsədov, Fətəli Fətəliyev, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev, Teymur Məmmədov, Rəsul Rəhimov, Hörmət Ömərov, Elman Hüseynov və başqa fotoqrafların əsərləri nümayiş olunur. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrimizin və müasir inkişafın ahəngini əks etdirən kadrları təqdim edir. 

Sərgi məkanında həmçinin rəssam Məhərrəm Əliyev iriölçülü kətan tablo üzərində Cəbrayıla məxsus motivləri canlı olaraq əks etdirib. İnteraktiv formada hazırlanan bu əsər Cəbrayıl sakinlərinin iştirakı ilə tamamlanıb. Həm uşaqlar, həm də böyüklər rəssamın yaratdığı fon üzərində fırça ilə öz izlərini qoyaraq əsərin yaranma prosesinə qoşulmaq imkanı əldə ediblər. 
"Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi və yenicə tamamlanan rəsm əsəri ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Избранный
31
10
unikal.az

10Источники