Ajans.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Vətən müharibəsinin ilk qazi şəhəri, iki ildir öz sakinlərini qoynuna alan Cəbrayılın mərkəzində qurulmuş səhnədə təqdim edilən konserti mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma yurda qayıtmış sakinlər izləyiblər.
Konsert proqramı F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Uzundərə” Azərbaycan xalq rəqsi (baletmeyster: Əməkdar artist Ceyhun Qubadov) ilə başlanıb.
Sonra solistlər Nurlana Abdullayeva Elza İbrahimovanın “Ey Vətən”, Humay Aslanova Səid Rüstəmovun “Bilmədin”, Fəxri Kazım-Nicat Polad Bülbüloğlunun “Azərbaycan”, Vəfa Vəzirova Rauf Məmmədovun “Yaşa mənim xalqım”, Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun “Cənnətim Qarabağ” və Əşrəf Abbasovun “Süfrə mahnısı”, Fehruz Səxavət Əlibaba Məmmədovun “Xudayar təsnifi” və “Tel oynasın” Azərbaycan xalq mahnısını ifa ediblər.