19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq qurumları fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirir.
Manset.az ADSEA-ya istinadən xəbər verir ki, yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trassa boyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər.
Növbəti tədbir Səbail rayonunda olub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu tədbir barədə məlumat verərək bildirib ki, Agentlik Bakıda keçiriləcək növbəti Formula 1 yarışlarına ənənəvi olaraq hazırlaşır: “Biz hazırda Səbail rayon Sukanal İdarəsinin ərazisindəyik və burada İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin 3 sukanal idarəsinin bütün heyəti, texnikası, mal-materialları nümayiş olunur və Nəsimi Sukanal İdarəsi, Səbail Sukanal İdarəsi və Yasamal Sukanal İdarəsinin ərazilərindən keçən trass boyu dislokasiya yerləri müəyyənləşdirilir, texnikaya baxış keçirilir. Bu təlim-məşq toplanışı növbəti günlərdə də davam edəcək”.
Tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinin vəziyyətinə bir daha aydınlıq gətirilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov və Xidmətin nümayəndələri idarənin fəaliyyəti ilə yaxından tanış olublar.
Tahir Xəlilov təlim iştirakçılarına görülən işlər, mövcud vəziyyət, fəaliyyət planının icrası ilə bağlı ətraflı məlumat verib. Formula 1 yarışlarında tapşırıqların səmərəli və effektli icrasına nail olmaq üçün tövsiyələrini, təkliflərini bildirib, hər bir əməkdaşın öhdəsinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirməyə səsləyib. Qurumun Formula 1 yarışlarına məsul olan bütün əməkdaşlarının işlərin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu vurğulayaraq qeyd edib ki, təlim-məşq toplantısı yarışların keçirildiyi ərəfədə qüsursuz işləməyimizə təkan olacaq.
Səbail rayon Sukanal İdarəsinin baş mühəndisi Azad Murquzov qeyd edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu yarışla bağlı müvafiq işlərə yüksək səviyyədə hazırlaşır: “Biz bu gün də respublikada və Bakıda hər hansı mötəbər yarışların, tədbirlərin keçirilməsinə yüksək səviyyədə hazırıq”.
Qeyd edək ki, yarışlar zamanı xətlərin, şəbəkələrin təmizlənməsi, təzyiqlərin nəzarətdə saxlanlılması, baş verən hər hansı qəza hadisəsinin anındaca aradan qaldırılması və bu kimi işlər qurumun Operativ idarəetmə və mərkəzi mühəndis texnoloji xidmət, Su təchizatı sistemlərinin istismarı, Yağış suları və tullantı su şəbəkələrinin istismarı şöbələri tərəfindən idarə olunur.
Formula 1 yarışları ilə əlaqədar təlimlər mütəmadi olaraq davam etdiriləcək.
Xatırladaq ki, Bakıda hər il keçirilən Formula 1 yarışlarında su təchizatına uyğun dislokasiya nöqtələri təyin edilir. Həmin nöqtələrə müəyyən sayda işçi qüvvəsi, texnika və mal-material cəlb olunur. Dislokasiya nöqtələri olan ərazilərdən keçən təchizat sistemi nəzarətdə saxlanılır. Məqsəd hər hansı problemin yaranmasının qarşısını öncədən almaqdır.








