RU

ADNSU-nun “Healwith” layihəsi “QS Təhsili yenidən təsəvvür et 2025” müsabiqəsinin qısa siyahısına daxil olub

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Healwith” adlı innovativ layihəsi “QS Təhsili yenidən təsəvvür et 2025” (QS Reimagine Education Awards 2025) beynəlxalq müsabiqəsində “Dayanıqlı təhsil üzrə fəaliyyət” nominasiyası üzrə qısa siyahıya salınıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 1600-dən çox layihə təqdim olunub. 800-dən çox ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin qiymətləndirməsi nəticəsində “Healwith” qlobal miqyasda ilk 20 faizlik uğurlu layihələr sırasında yer alıb. Layihənin əsas məqsədi kənd təsərrüfatının dayanıqlığını gücləndirmək, fermerlərin rifahını artırmaq və Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. Layihə həmçinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 15 – Quru ekosistemlərinin qorunması istiqamətində əhəmiyyətli addım hesab olunur.

“Healwith” fermerlər və bitki yetişdiriciləri üçün nəzərdə tutulmuş mobil tətbiqdir. İstifadəçilər sadəcə bir şəkil çəkərək 100-dək geniş yayılmış bitki xəstəliyini erkən mərhələdə aşkarlaya və müalicə üzrə tövsiyələr ala bilirlər. Bu texnologiya pestisid istifadəsini azaldır, müalicə xərclərini hər hektar üzrə 60 manatdan 15 manata qədər endirir və məhsuldarlığı artırır.

“Təhsili yenidən təsəvvür et” müsabiqəsi nüfuzlu QS (Quacquarelli Symonds) təşkilatı tərəfindən keçirilir. QS dünyanın ən tanınmış ali təhsil reytinq agentliklərindən biridir və universitetlərin beynəlxalq reytinqlərinin hazırlanması ilə yanaşı, təhsil innovasiyalarını dəyərləndirən qlobal layihələri ilə də məşhurdur.

 

Избранный
21
5
azertag.az

6Источники