ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Healwith” adlı innovativ layihəsi nüfuzlu "QS Təhsili yenidən təsəvvür et 2025” (QS Reimagine Education Awards 2025) beynəlxalq müsabiqəsində "Dayanıqlı Təhsil üzrə Fəaliyyət” nominasiyası üzrə qısa siyahıya salınıb.
AZXEBER.COM xəbər verir ki, müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 1 600-dən çox layihə təqdim olunub. 800-dən çox ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin qiymətləndirməsi nəticəsində "Healwith” qlobal miqyasda ilk 20 %-lik uğurlu layihələr sırasında yer alıb. Layihənin əsas məqsədi kənd təsərrüfatının dayanıqlığını gücləndirmək, fermerlərin rifahını artırmaq və Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. Layihə həmçinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 15 – Quru ekosistemlərinin qorunması istiqamətində əhəmiyyətli addım hesab olunur.
"Healwith” fermerlər və bitki yetişdiriciləri üçün nəzərdə tutulmuş mobil tətbiqdir. İstifadəçilər sadəcə bir şəkil çəkərək 100-dək geniş yayılmış bitki xəstəliyini erkən mərhələdə aşkarlaya və müalicə üzrə tövsiyələr ala bilirlər. Bu texnologiya pestisid istifadəsini azaldır, müalicə xərclərini hər hektar üzrə 60 AZN-dən 15 AZN-ə qədər endirir və məhsuldarlığı artırır.
Qeyd edək ki, "Təhsili yenidən təsəvvür et” müsabiqəsi nüfuzlu QS (Quacquarelli Symonds) təşkilatı tərəfindən keçirilir. QS dünyanın ən tanınmış ali təhsil reytinq agentliklərindən biridir və universitetlərin beynəlxalq reytinqlərinin hazırlanması ilə yanaşı, təhsil innovasiyalarını dəyərləndirən qlobal layihələri ilə də məşhurdur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.