RU

Arne Slot və Cek Qriliş – Premyer Liqada avqustun ən yaxşıları!

“Liverpul”un baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slot İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı seçilib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “qırmızılar”ın çalışdırıcısı karyerası ərzində ikinci dəfə İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi seçilir. O, 2024-cü ilin noyabr ayında da bu yarışın ən yaxşısı elan edilmişdi.

Xatırladaq ki, “Liverpul” Slotun rəhbərliyi altında avqust ayında “Bornmut”, “Nyukasl” və “Arsenal”ı məğlub edib.

Arne Slot 2024/2025-ci illər mövsümünün əvvəlindən “Liverpul”a rəhbərlik edir. 46 yaşlı mütəxəssis ötən mövsüm bu komandanı İngiltərə çempionu edib.

“Qarabağ” “Liverpul”la UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda İngiltərədə üz-üzə gələcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu da müəyyənləşib. “Everton”un şərəfini qoruyan Cek Qriliş ilk dəfə olaraq Premyer Liqada “ayın oyunçusu” mükafatını qazanıb.

“Mançester Siti”nin 30 yaşlı vingeri hazırda icarə əsasında “Everton”da çıxış edir. O, avqust ayında Premyer Liqada 3 oyun keçirib, 4 məhsuldar ötürmə müəllifi olub.

Qriliş mükafatı qazanmaq üçün Rikkardo Kalafiori (“Arsenal”), Huqo Ekitiike, Dominik Soboslay (hər ikisi “Liverpul”), Mark Qehi (“Kristal Pelas”), Erlinq Haland (“Mançester Siti”), Juan Pedro (“Çelsi”) və Antuan Semenyonu (“Bornmut”) geridə qoyub.

error: Məzmun qorunur!
Избранный
17
4
arena.az

10Источники