Son günlər ABŞ–Rusiya münasibətlərində yeni gərginlik siqnalları müşahidə olunur. Donald Trampın Putinin davranışlarına dair narazılığı və Kreml rəhbərinin Hindistanla yaxınlıq nümayişi diqqət çəkir. Bu addımlar yalnız diplomatik jest kimi deyil, həm də Qərbə ünvanlanan siyasi mesaj kimi qiymətləndirilir. ABŞ və Rusiya liderlərinin qarşılıqlı etimad mühiti formalaşdırmaqda çətinlik çəkməsi, Ukrayna məsələsindəki ziddiyyətli mövqelərlə də birbaşa bağlıdır. Belə şəraitdə Vaşinqtonun siyasətində dəyişikliklər ehtimalı gündəmə gəlir və bu, ikitərəfli münasibətlərin gələcəyini daha da mürəkkəbləşdirə bilər.
Mövzu ilə bağlı siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Trampla Putinin münasibətləri uzun müddət eyni xətt üzrə davam etməyəcək:
“Çünki onların rəhbərlik etdiyi dövlətlərin maraqları və geosiyasi kursları bir-birinə kəskin şəkildə ziddir. Tramp hər nə qədər yumşaq siyasət xətti seçsə də, bunun uğur gətirəcəyi real görünmür. Çünki Putin ölkəsinin mənafeləri naminə sərt və geri dönüşü olmayan xətt aparır. Nəticədə Tramp da sonda ABŞ-ın geosiyasi maraqlarına uyğun mövqedə dayanmağa məcbur olacaq.
Putinin müəyyən dövrlərdə Trampın yumşaq yanaşmasından istifadə etməsi təbiidir. Tramp hakimiyyətə gəldiyi ilk günlərdən Ukrayna məsələsində kompromisli mövqe sərgilədi və bununla da Putinə əlavə stimul verdi. Lakin Ukrayna beynəlxalq hüququn əsas prinsipləri – ərazi bütövlüyü və suverenlik üzərində mübarizə aparır. Bu reallığı nəzərə almadan aparılan siyasət Vaşinqton üçün davamlı ola bilməz.
Hazırkı mərhələdə Putinin həm Çin, həm də Hindistanla yaxınlaşması, Trampın gözləntilərini sarsıdır və ABŞ-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin başlaya biləcəyini göstərir. Analitikə görə, gələcəkdə iki lider arasında görüş baş tutsa belə, onun konstruktiv keçməsi ehtimalı çox zəifdir.
//Gülnarə Abasova, Editor.az