AZ

Ukrayna cəbhəsində SON DURUM - "Zelenski ya istefa verəcək, ya qaçacaq, ya da..."

"The Telegraph" nəşrinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün 8 aya yaxın diplomatik cəhdlər real nəticə verməyib.

İddiaya görə, Ağ Ev rəhbəri Donald Trampın səs-küylü bəyanatlarına və avropalı müttəfiqlərin çılğın diplomatiyasına baxmayaraq, vəziyyət faktiki olaraq donub.

"Trampın səs-küylü bəyanatlarından və avropalı müttəfiqlərin çılğın diplomatiyasından sonra həqiqət ondan ibarətdir ki, biz əvvəlki yerə qayıtmışıq. Son nizamlanma, hətta müvəqqəti barışıq - Trampın siyasi dirçəlişindən əvvəlki kimi bu gün də əlçatmazdır", - deyə nəşr qeyd edib.

kenan.jpg

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndən bəri müharibəni dayandırmağa çalışır:

"Bunun bir neçə səbəbi var. Birincisi, ABŞ müharibəni dayandırandan sonra Rusiya ilə iqtisadi əlaqələri genişləndirmək istəyir.

İkincisi, Tramp Ukraynaya investisiya qoymaq niyyətindədir.

Üçüncüsü, Şərqi Avropadakı müharibə bitəndən sonra rəsmi Vaşinqton diqqətini Çinlə münasibətlərə və Yaxın Şərqə yönəldəcək.

Dördüncüsü, Ağ Ev rəhbəri Nobel Sülh Mükafatına iddialıdır. O, başa düşür ki, müharibəyə son qoysa, bu mükafata layiq görülə bilər. Ancaq vəziyyət heç də Trampın düşündüyü kimi sadə deyilmiş. Bunu o, özü də başa düşdü.

Məsələ burasındadır ki, Şərqi Avropadakı müharibənin bitməsinə mane olan iki əsas məqam var. Bunlardan birincisi, Avropa və ABŞ-ın müharibə ilə bağlı fərqli siyasətidir. İkincisi isə Rusiya və Ukraynanın kompromisə getməyə hazır olmamasıdır. Belə ki, Avropa ABŞ-dan fərqli olaraq müharibənin bitməsini istəmir. Bunun əsas səbəblərindən biri odur ki, Avropa paytaxları hələ də Rusiyanı özünə təhdid olaraq görür. Üstəlik, Avropa Ukraynaya silah satmaqla pul qazanır. Odur ki, müharibənin davam etməsinə çalışır. Avropa Ukraynanı silahlandırır, onu müharibəni davam etdirməyə sövq edir. Rəsmi Kiyev buna qarşı çıxsa, Avropa silah yardımını dayandırmaqla Ukraynanı şantaj edəcək. Odur ki, Ukrayna müharibəni davam etdirməklə Rusiyanın adekvat davranmasına şərait yaradır. Bu isə ABŞ-ın planlarına, məqsədlərinə uyğun deyil.

İndi həm də Moskva ilə Kiyevin mövqeləri bir-birindən çox uzaqdır. Rusiya maksimalist davranır və hətta tam nəzarət etmədiyi əraziləri də istəyir. Ukrayna isə güzəştə getmək barədə düşünmür. Çünki bu, prezident Volodimir Zelenski hakimiyyətinin sonu deməkdir. Belə bir vəziyyətdə üfüqdə sülh görünməməsi təbii ki, tam təbiidir".

Politoloq qeyd edib ki, müharibə hələ yaxın vaxtda bitməyəcək. Bunun üçün iki tərəfdən biri geri çəkilməlidir.

Ümumiyyətlə, yəqin ki, Ukrayna tərəfdən mümkün sülh sazişinə qol çəkəcək tərəf prezident Volodimir Zelenski olmayacaq. Çünki mümkün sülh ərazi güzəşti deməkdir. Belə olsa, xalq dövlət başçısını bağışlamayacaq. Zelenski bu riskləri anladığına görə danışıqlara o qədər də isti yanaşmır. Böyük ehtimalla, mümkün sülh sazişinə qədər ya Zelenski istefa verəcək, ya qaçacaq, ya da öldürüləcək".

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
22
50
musavat.com

10Mənbələr