RU

MOK-da Albaniyanın idman rəsmiləri ilə GÖRÜŞ

Yazını böyüt
Yazını kiçilt

Avqustun 20-də Milli Olimpiya Komitəsində (MOK) Albaniyanın idman rəsmiləri ilə görüş olub.

MOK-dan hafta.az-a verilən məlumata görə, görüşdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Albaniya Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani və digər rəsmi şəxslər iştirak ediblər.

Görüşdə Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması məsələləri müzakirə olunub.

Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə ətraflı məlumat verib. O, söhbət zamanı Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyətindən danışarkən, bu idman növü üzrə də idmançılarımızın bayrağımızı yüksəklərdə dalğalandırdığını qeyd edib. O, həmçinin iki ölkə arasında memorandum imzalanmasından sonra yerli federasiyaların da daha sıx əlaqələr quracağına inandığını bildirib.

Albaniya Olimpiya Komitəsinin prezidenti Fidel İlli bildirib ki, ölkəmizə budəfəki səfərinin əsas məqsədi Azərbaycan Milli Olimpiya Komitəsi və federasiyaları ilə əməkdaşlıq imkanlarını genişləndirməkdir: “Bizim infrastrukturumuz sizin qədər geniş olmasa da, çox yaxşı əlaqələrimiz var. Bundan istifadə edərək əlaqələrimizi daha da genişləndirmək olar. Onu da qeyd etmək istəyirəm ki, biz bu görüşdən istifadə edərək, memorandumun imzalanma prosesini də müzakirə edə bilərik. Albaniya bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. İstərdik ki, birlikdə tərəfdaşlığımıza başlayaq və uğurla davam etdirək”.

Avropa Ağırlıqqaldırma Federasiyasının və Albaniya Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani də Bakıda olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycan və Albaniya arasındakı əlaqələrin, həmçinin Avropa Olimpiya Akademiyasının ağırlıqqaldırma üzrə fəaliyyətinin də genişləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının məsləhətçisi vəzifəsinə namizədliyi irəli sürülüb. O, eyni zamanda, Səbinə Rzayevanın isə beynəlxalq qurumun Gender Bərabərliyi Komissiyasının üzvlüyünə namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb.

Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay Azərbaycan Gimnastika Federasiyası ilə olan əlaqədən danışaraq son dörd ildə təmsilçilərimiz arasında treninqlərin həyata keçirildiyini qeyd edib. O, bu tərəfdaşlığın idmanın inkişafına və qarşılıqlı əlaqələrin genişlənməsində də böyük rol oynayacağını bildirib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda Gimnastika idman növünün də inkişaf etdiyini deyib. O bildirib ki, gimnastika üzrə qrup hərəkətləri komandamız ötən il keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci yeri tutub. “İnanıram ki, ağırlıqqaldırma ilə yanaşı, gimnastika üzrə də əlaqələrimiz genişlənəcək”, - deyə Çingiz Hüseynzadə bildirib.

Daha sonra MOK-un vitse-prezidenti memorandumda əks olunacaq məsələlərlə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd edib.

Избранный
37
7
hafta.az

10Источники