Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCAR neft bazasına hücumunu şərh edib.
"Bu, Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiyanın qəsdən hücumu idi. Yəni bu, bizim münasibətlərimizə, enerji müstəqilliyimizə zərbədir", - V. Zelenski öz Telegram kanalında yazıb.
Qeyd edək ki, 2025-ci il avqustun 18-nə keçən gecə Odessa vilayətində SOCAR-ın neft bazası Rusiyanın "Shahed" pilotsuz təyyarələrinin kütləvi hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, hücum bir sıra birbaşa zərbələr və yanğınla nəticələndi. Su anbarlarına, nasos stansiyasının binasına, operator və texniki otaqlara, həmçinin əsas hasara ziyan dəyib.
Neft anbarlarının ümumi həcmi 16 min kubmetrdən çoxdur. Hazırda dəymiş ziyanın miqyasının müəyyən edilməsi üçün ekspertizanın qiymətləndirilməsi, habelə təcili bərpa işləri aparılır.
Bu, artıq obyektə ikinci irimiqyaslı hücumdur. Bundan əvvəl, avqustun 8-də həmin neft bazasında qismən dağıntılara səbəb olan ona yaxın dron buraxılıb.
Faktla bağlı cinayət işi açılıb.