"Rusiya məqsədyönlü şəkildə Azərbaycanın Ukraynada yerləşən enerji təchizatı obyektlərinə hava zərbələri endirməkdə davam edir".
Bunu Manset.az-a açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, ötən həftə tarixi Vaşinqton görüşü keçirilən ərəfədə Rusiya hərbi hava qüvvələri tərəfindən belə bir hücum həyata keçirildi.:
"Bunun ardınca Azərbaycan və Ukrayna prezidentləri telefon danışığı zamanı Ukrayna ərazisində SOCAR şirkətinə məxsus neft anbarına və digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədli şəkildə hava zərbələrinin endirilməsini pislədilər. Dövlət başçıları bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini də vurğuladılar”.
Deputat qeyd edib ki, Azərbaycan müharibənin ilk günlərindən Ukraynada müharibənin ağır nəticələrinə məruz qalan mülki əhaliyə humanitar dəstək göstərib:
“2022-ci ilin fevralında vətəndaşlarımızın Ukrayna xalqına dəstək məqsədilə Bakıdakı Ukrayna səfirliyinin qarşısına toplaşaraq isti geyim və müxtəlif əşyalar toplamasını hamımız xatırlayırıq. Prezident İlham Əliyev də Prezidentin ehtiyat fondundan Ukraynaya humanitar yardım üçün 2 milyon ABŞ dolları ayırmışdı. Burada heç bir hərbi yardımdan söhbət getmir. Azərbaycanın humanitar dəstəyi beynəlxalq hüquq normalarına tam uyğundur və ölkəmizin humanizm, mənəvi dəyərlərə verdiyi önəmdən irəli gəlir”.
Millət vəkilinin sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara qarşı son dövrlər müşahidə olunan aqressiv davranışlar da ciddi narahatlıq doğurur:
“Yekaterinburq hadisələri, soydaşlarımıza qarşı aylardır davam edən etnik və milli zəmində ayrı-seçkilik, həmçinin mediada aparılan Azərbaycan əleyhinə kampaniyalar iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq ruhuna uyğun gəlmir. Gec-tez Rusiya da bunu anlamalı və münasibətləri normallaşdırmaq istiqamətində addımlar atmalıdır”.