“Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibənin “əsas səbəbləri” ilə bağlı söylədikləri Vaşinqton üçün maraqlı deyil”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Dövlət katibi Marko Rubio “CBS News”a müsahibəsində səsləndirib.
Rubio qeyd edib ki, Putin “əsas səbəblər” deyərkən NATO-nun guya genişlənməsi ilə bağlı dəfələrlə səsləndirdiyi tarixi şikayətlərə istinad edir:
“Bu, yeni arqument deyil. O, bunları çoxdan deyir. Mən bu barədə danışmaq istəmirəm, çünki çox uzundur. Biz bu məsələyə fokuslanmayacağıq”, – deyə ABŞ rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, müharibənin həqiqi səbəbi Putinin Ukraynaya hərbi müdaxiləsidir və Vaşinqtonun məqsədi döyüşlərin dayandırılmasıdır.
Eyni zamanda Rubio bildirib ki, həm Moskva, həm də Kiyev müəyyən güzəştlərə getməli olacaq:
“Bu isə çox çətindir”, – deyə diplomat əlavə edib.
Xatırladaq ki, daha əvvəl Putin Ukraynanı “böyük ərazilər əldə etmiş süni dövlət” adlandırmışdı. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya lideri Alyaskada keçirilən görüşə ABŞ Prezidenti Donald Trampa Ukraynanın dövlətçiliyinin süni xarakterini “sübut edən” materiallar gətirib.
Sammitin yekununda Putin bildirib ki, tərəflər “böhranının genezisini və səbəblərini müzakirə ediblər” və “əsas səbəblərin aradan qaldırılması münaqişənin həllinin əsası olmalıdır”.
Bizim.Media