RU

Arif Əsədov: Bu mövsüm çempionluq uğrunda 4 komanda mübarizə aparacaq

Bakı, 18 avqust, AZƏRTAC

UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasında yeni mövsümün startı ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis AZƏRTAC-a açıqlamasında komandaların yeni "futbol ili"nə hələlik tam adaptasiya olmadığını bildirib: "İlk turda dörd oyun keçirilib. Nəticə və oyun baxımından xüsusi nəsə görə bilmədik. Bu da məlum məsələdir. Çünki ilk turlarda komandalar eyni səviyyədə mübarizə aparır. Qarşıdakı matçlarda fərqləri qabarıq şəkildə görəcəyik".

A. Əsədov çempionluq uğrunda 4 komandanın mübarizə aparacağını söyləyib: "Bunlar "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"dir. "Araz-Naxçıvan" ilə "Turan Tovuz" Konfrans Liqasına vəsiqəyə əsas namizəddirlər. Düşünürəm ki, "Şamaxı" və "Sumqayıt"ı da bu siyahıya əlavə etmək olar. Onların mövsüm ərzində liderlərə çətinlik yaşadacaqlarını fikirləşirəm. "Karvan-Yevlax", "İmişli", "Kəpəz" və "Qəbələ" isə Premyer Liqada qalmaq üçün mübarizə aparacaqlar. Əvvəl dediyim ki, 3-4 tur keçdikdən sonra bütün klublar barədə daha geniş danışmaq mümkün olacaq”.

Qeyd edək ki, I turun baş tutan 4 matçında “Turan-Tovuz” “İmişli”ni (1:0), "Sumqayıt" "Kəpəz"i (3:0) məğlub edib. "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" görüşlərində 1:1 hesablı heç-heçə qeydə alınıb. Turun “Sabah” - “Qarabağ” matçı təxirə salınıb. “Zirə” – “Araz-Naxçıvan” oyunu isə avqustun 19-da keçiriləcək.

Избранный
42
28
azertag.az

10Источники