RU

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Vaşinqtonda Trampla Görüşəcək

BAKI, TurkicWorld

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb.

TurkicWorld xəbər verir ki, Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib.

"Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.

"Amerika və Avropalı dostlarımızla ortaq gücümüz Rusiyanı gerçək sülhə məcbur edəcək"

1994-cü ildə Ukraynaya verilən təhlükəsizlik zəmanətlərinin işləmədiyini vurğulayan Zelenski əlavə edib ki, "Əlbəttə, o vaxt Krımdan imtina edilməməli idi, necə ki, 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa və ya Xarkovdan imtina etmədilər."

O bildirib ki, ukraynalılar öz torpaqları və müstəqillikləri uğrunda mübarizə aparırlar. Sonda Zelenski Rusiyanın başladığı müharibəyə son qoymasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bu gün Ağ Evdə Zelenski və Avropa liderləri ilə keçirəcəyi görüşün əhəmiyyətini vurğulayıb. O, Avropa liderləri ilə birgə sülh prosesinə dair mühüm müzakirələrin aparılacağını qeyd edib.

“Zelenski istəsə, Rusiya ilə müharibəni dərhal bitirə bilər, ya da döyüşə davam edə bilər. Ancaq Krım artıq geri qaytarıla bilməz. Obama onu bir güllə atmadan Rusiyaya verdi”, – deyə Tramp bildirib. O həmçinin Ukraynanın NATO-ya daxil olmasının müzakirə mövzusu olmadığını vurğulayıb.

Избранный
98
50
turkic.world

10Источники