RU

Ayxan Abasovun yeni tapıntıları - "Şamaxı"da maraqlı legionerlər

Məşqçilik peşəsində bir neçə vacib bacarığa malik olmalısan ki, bunlardan biri də seleksiyadır. Məşqçinin əlinin altında onun oyun üslubuna uyğun, yaxşı keyfiyyətlərə sahib futbolçular olması gərəkdir ki, o da ortaya iş qoya bilsin. 

"Qarabağ", "Neftçi", "Sabah" kimi klublarımızda bunun üçün skaut şöbəsi fəaliyyət göstərir və məşqçinin göstərişlərinə uyğun olaraq futbolçu axtarışlarına çıxırlar. Kiçik klublarda bu baxımdan vəziyyət fərqlidir. Baş məşqçi həm oyunçu tapmalı, həm də komandanı hazırlamalıdır. 

"Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasov bu mənada ölkəmizdə ən yaxşılardan hesab olunur. O, özündə iki keyfiyyəti birləşdirən mütəxəsissdir - həm yaxşı məşqçidir, həm də yaxşı skaut. "Turan Tovuz"da çalışdığı iki mövsümdə bölgə klubuna aşağı məbləğə xeyli sayda yaxşı futbolçular gətirmişdi - Aleks Souza, Serrano, Miller, Marandiçi, Runi Eva və başqalarının adlarını çəkə bilərik. Tovuz klubu Ayxan müəllimin gətirdiklərindən Otto Conu yaxşı məbləğə sataraq hətta pul da qazana bilmişdi. 

Elə onun indiki klubu da Ayxan bəyin hesabına irəli düşə bilib. "Şamaxı" Abbasovun "Turan Tovuz"dan özüylə gətirdiyi Beladji Pusini Rusiya klubuna 100 min dollara satmaqla büdcə imkanlarını artırmışdı. Əslində, daha bir yaxşı satış edə bilərdilər. Qışda Rikardo Fernandesə görə "Sabah"dan yaxşı təklif alsalar da, portuqaliyalı qapıçı ilə davam etmək qərarına gəlmişdilər. 

Lakin rəhbərlik də, Ayxan Abbasov da başa düşür ki, "qəpik-quruşa" oynayan yaxşı futbolçuları uzun müddət klubda saxlamaq çətindir. Ötən mövsüm bitəndən sonra Leroy Mikels, Konate kimi oyunçular müxtəlif səbəblər üzündən "Şamaxı"nı tərk etdilər. 

Buna baxmayaraq, Ayxan Abbasov üçün proses davam edir. "Şamaxı"da biriləri gedir, yerinə başqaları gəlir. Amma oyun dəsti-xətti, Ayxan Abbasov tərzi qalır. Ötən gün "Neftçi"yə qarşı bərabərliklə yekunlaşan oyun göstərdi ki, "Şamaxı" yenə Premyer Liqanın möhkəm/döyüşkən komandası olacaq. 

Bir neçə kəlmə də, Ayxan Abbasovun yeni tapıntıları barədə. Cərimə zərbəsindən gözəl qol vuran Karim Rossinin yaşı 30 üzəri olsa da, təcrübəsi hesabına kömək edəcək "Şamaxı"ya. Yenilərin ən fəalı 11 nömrəli Dioqo Balau idi. Birinci hissədə sol, ikinci hissədə sağ cinah vingeri funksiyasını yerinə yetirən portuqal yüksək sürətə malik olan, olduqca enerjili futbolçudur. Bir cinahda rumın Tırkoveano, o birisində Balau, onlarla rəqabətdə olan Edqar Adilxanov seçimi Ayxan Abbasov üçün yaxşı imkanlar açır. Digər yeni, dayaq yarımmüdafiəçisi Rikardo Apolinarionu da ümid verən oyunçulardan hesab etmək. 

Heç kimə sirr deyil ki, "Şamaxı" ucuz qiymətə olan legionerlərə üstünlük verir. Zamanla bu futbolçular barədə daha dolğun fikir yürütmək olacaq. Ancaq ilkin təəssüratlar budur ki, Ayxan Abbasov transfer çalışmalarında yenə hədəfə vurub. 

Həmid

saytlarin hazirlanmasi

Избранный
39
27
sportal.az

10Источники