RU

Kurban Berdıyev: Çempionluq hədəfini yerinə yetirməyə çalışacağıq

BAKI. 16 avqust. TELEQRAF

"Təxmin etdiyimiz kimi, ilk oyun ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Yaxşı haldır ki, qələbə qazandıq".

Teleqraf xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Şamaxı şəhər stadionunda "İmişli"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib.

Türkmənistanlı mütəxəssis qol vurmaqda çətinlik çəkmələrini belə izah edib: "İlk matçlar həmişə çətin olur. Alexandro Serrano və İbrahima Vaci kimi bəzi oyunçularımız gec gəldilər. Hazır olmaları üçün vaxt lazımdır. Gələcəkdə hər şey qaydasına düşəcək".

Təcrübəli baş məşqçi oyun vaxtı futbolçulara tez əsəbiləşməsinin səbəbini də açıqlayıb: "Məşqlərdə bəzi kombinasiyalar üzərində işləmişdik. Amma oyunda onları etmirdik. Bununla əlaqədar idi".

Berdıyev klub prezidenti Ehtiram Quliyevin komanda qarşısında çempionluq hədəfini qoyduğunu təsdiqləyib: "Hədəf qoyulub. Çox ciddi hədəfdir. Yerinə yetirməyə çalışacağıq".

O, sol cinah müdafiəçisi axtarışında olduqlarını da diqqətə çatdırıb: "İnanıram ki, solaxay oyunçu tapacağıq. Artıq ilkin razılaşmamız var. Ammma hələlik irəli qaçmaq istəmirəm. Ümumilikdə 2 oyunçu transfer etmək istərdik. Görək, necə alınacaq".

Baş məşqçi Rəhim Sadıxovun pis oynaması fikri ilə razılaşmayıb. Əksinə, əlaqələndirici oyunçu kimi çox böyük iş gördü. Onun çıxışından razı qaldım".

Berdıyev ilk yay transferi David Taşareşin Türkiyə toplanışında zədələndiyini açıqlayıb: "Yavaş-yavaş sağalır. Güman edirik ki, gələcək oyunlarda kömək edə biləcək".

Təcrübəli mütəxəssis azarkeşlərlə problemi olan Veysəl Rzayevə də digər futbolçular kimi münasibət göstərdiyini bildirib: "Onun azarkeşlərlə münasibətlərini qaydasına salmağa çalışacağıq".

Kapitan Şəhriyar Əliyevin kənarda qalmasını rəqabətlə əlaqələndirən Berdıyev "Bu mövsüm daha çox rəqabətə davamlı heyət formalaşdırmışıq. Bu gün kim güclüdürsə, o da oynayır".

Избранный
79
15
teleqraf.com

10Источники