RU

Bu içkilər insanı 25 yaşında qocaldır – Həkimdən ŞOK XƏBƏRDARLIQ 

Yay günlərinin istisi insanı daha tez yorur, diqqəti yayındırır və halsızlıq hissi yaradır. Belə vəziyyətlərdə bir çoxları enerjini bərpa etmək üçün enerji içkilərinə üz tutur. Lakin mütəxəssislər xəbərdarlıq edir: bu qısa müddətli həll uzunmüddətli sağlamlıq problemlərinə yol açır və orqanizm üçün ciddi risk daşıyır.

Mövzu ilə bağlı diyetoloq-həkim Ləman Süleymanova Musavat.com-a danışıb:

"Ümumiyyətlə, yay fəsli elə bir dövrdür ki, bu mövsümdə insanların daha çox soyuq qidalara və sərinləşdirici içkilərə meyli artır. Qış fəsli ilə müqayisədə, yayda orqanizmdə su və maye mübadiləsi daha da aktivləşir, nəticədə insanın suya olan tələbatı yüksəlir. Bu proses günəş şüalarının təsiri ilə əlaqəlidir. Günəş şüaları altında müəyyən maddələr aktivləşir, bu isə insan orqanizminə birbaşa təsir göstərir. Nəticədə, insanda bəzi maddələr ifraz olunmağa başlayır, beyində xüsusi impulslar yaranır və onlar müxtəlif orqanlara ötürülür. Bu impulslar həm orqanizmin fəaliyyətinə, həm də insanın artan su tələbatına təsir edir".

Diyetoloq-həkim qeyd edib ki, bəzən insanlar yay fəslində artan susuzluqlarını təmiz su ilə deyil, qazlı içkilər, energetik içkilər və müxtəlif rəngli şirinləşdirilmiş içkilərlə ödəməyə çalışırlar ki, bu da orqanizm üçün olduqca təhlükəlidir:

"Xüsusən də gənclər arasında geniş yayılan energetik içkilərin istifadəsi ciddi sağlamlıq riskləri yaradır. Bu içkilərin reklamları televiziyada, radioda, sosial şəbəkələrdə, o cümlədən Instagram səhifələrində geniş şəkildə yayımlanır və əksər hallarda onların faydalı olduğu təəssüratı yaradılır. Reklamlarda tərkibinə guya “bitki ekstraktları”, “taurin”, “amin turşuları” və ya “kofein” daxil olduğu vurğulanır. Amma reallıqda bu içkilərin tərkibində çoxlu miqdarda şəkər, dadlandırıcılar və süni qatqılar olur.

Daha da təhlükəlisi odur ki, bəzi energetik içkilərin tərkibində orqanizmə asılılıq yarada biləcək maddələr mövcuddur. Bu maddələr bir növ sinir sisteminə narkotik tipli təsir göstərir, insanın psixoloji və fizioloji vəziyyətini dəyişir, ürək-damar sisteminə güclü təzyiq edir. Davamlı istifadə zamanı isə ürək ritm pozğunluqları, yuxusuzluq, əsəbilik, qan təzyiqinin yüksəlməsi kimi ağır fəsadlar müşahidə oluna bilər".

Ləman Süleymanova bildirib ki, energetik içkilər insan orqanizminin daxili orqanlarına son dərəcə zərərli təsir göstərir:

"Bu içkilər yalnız ürək-damar və sinir sisteminə deyil, həm də hormonal tarazlığa ciddi şəkildə mənfi təsir edir.

Kişilərdə energetik içkilərin həddindən artıq istifadəsi testosteron hormonunun fəaliyyətini zəiflədir, nəticədə cinsi zəiflik, reproduktiv problemlər və sonsuzluq halları müşahidə oluna bilər.
Qadınlarda isə bu içkilər yumurtalıqların normal fəaliyyətini pozur, hormonal balansı dəyişdirir, hətta erkən yaşlarda klimakterik dövrün başlamasına gətirib çıxara bilər. Yəni reproduktiv sağlamlıq üçün ciddi təhlükə yaradır.

Erkən yaşda — xüsusilə yeniyetmə qız və oğlanların bu içkilərdən istifadə etməsi gələcəkdə daha ağır nəticələr doğurur. Belə ki, orqanizm hələ inkişaf mərhələsində ikən qəbul edilən energetik içkilər 25–26 yaşında gəncin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Bu zaman daxili orqanlar sürətlə sıradan çıxır və insan özünü 55–60 yaşındakı kimi hiss edir.

Bundan əlavə, energetik içkilər sonsuzluq riskini artırır, baş ağrıları, yuxusuzluq və əsəbilik yaradır, tənəffüs problemlərinə, təngnəfəsliyə səbəb olur, sümük və oynaq ağrılarını gücləndirir.

Ən əsası isə qaraciyər və mədəaltı vəzinin fəaliyyətini pozaraq orqanizmi bərbad vəziyyətə gətirir.

Əslində, energetik içkilərin tərkibində asılılıq yaradan maddələr mövcuddur. Bu, narkotik təsirinə bənzər nəticələr doğurur: yuxu rejiminin pozulması, əsəb sisteminin zəifləməsi və orqanizmin getdikcə asılı hala düşməsi.

Təkcə energetik içkilər deyil, eyni zamanda bazarda tanınmış bir çox rəngli qazlı içkilər də sağlamlıq üçün eyni dərəcədə zərərlidir. Onların tərkibində yüksək miqdarda şəkər, dadlandırıcılar və süni qatqılar olduğundan, uzunmüddətli istifadəsi həm böyüklərdə, həm də uşaqlarda ciddi fəsadlara səbəb olur".

Избранный
65
49
referans.az

10Источники