RU

Vaşinqton Bəyannaməsi: Azərbaycanın diplomatik zəfəri və Cənubi Qafqazda yeni geosiyasi mərhələ ŞƏRH

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da imzaladığı sənəd regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasını müəyyənləşdirir. Avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginlik dövrünün başa çatması istiqamətində ən ciddi siyasi addımlardan biri kimi tarixə düşdü. Sənəd həm diplomatik mətn, həm də siyasi siqnal olaraq, tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsini təsdiqləyir.

Bunu AZƏRTAC-a açıqlamasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri, yazıçı-publisist Lamiyə İsazadə deyib.

O qeyd edib ki, Bəyannamənin ilk bəndində iki dövlət arasında sülh sazişinin ilkin imzalanması və onun tezliklə yekunlaşması ilə bağlı razılıq diqqət çəkir. Bu, illərlə davam edən danışıqların real sənəd forması alması deməkdir. Paralel olaraq, ATƏT-in Minsk prosesi və ona bağlı mexanizmlərin ləğv edilməsi ilə bağlı birgə müraciət, Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə formal olaraq bağlandığını göstərir. Bu addım, münaqişəni üçüncü tərəflərin gələcəkdə yenidən gündəmə gətirməsi imkanlarını minimuma endirir.

Sənəddə yer alan nəqliyyat əlaqələrinin açılması və dövlətlərin suverenliyinə hörmət prinsipi əsasında “maneəsiz” əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün bu, Naxçıvanla quru yolunun bərpası, Ermənistan üçün isə beynəlxalq ticarət marşrutlarına çıxış imkanının genişlənməsi deməkdir. Xüsusilə “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi, təkcə siyasi simvol deyil, həm də iqtisadi-logistik perspektivləri ilə diqqət çəkir. ABŞ-ın burada tərəfdaş və investisiya mərkəzi kimi rolu, layihəyə geosiyasi dəyər qatır.

Bəyannamənin 5-ci bəndində yer alan “qisasçılıq cəhdlərinin tamamilə rədd edilməsi” müddəası tərəflərin gələcəkdə silahlı toqquşmalara qapını bağlamaq niyyətini açıq şəkildə göstərir. Bu, eyni zamanda, daxili auditoriyalara verilən aydın siqnaldır ki, münaqişə səhifəsi artıq bağlanıb və yenidən açılmayacaq. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin vurğulanması, Alma-Ata Bəyannaməsi ilə möhkəmləndirilən hüquqi baza üzərində region üçün yeni təhlükəsizlik konsepsiyasının formalaşmasına zəmin yaradır.

“Eyni zamanda, Vaşinqtonda imzalanan Birgə Bəyannamə 2020-ci il noyabrın 10-da Rusiya Prezidenti V.Putinin iştirakı ilə imzalanmış üçtərəfli Bəyanatın siyasi ömrünü də, faktiki olaraq başa çatdırdı. 10 noyabr bəyanatı müharibəni dayandırmaq üçün zəruri olsa da, onun maddələrinin icrasında ciddi boşluqlar qalmışdı. Vaşinqton sənədi isə yeni reallıqlar fonunda Azərbaycanın bütün tələblərini əks etdirərək prosesə yekun nöqtə qoydu. Vaşinqton Bəyannaməsinin ən mühüm geosiyasi nəticələrindən biri Rusiya tərəfindən illərdir qorunan “postsovet məkanı” anlayışının real məzmununun dağıdılması oldu. İki əsr ərzində Avrasiyada mövcud olan, Moskvanın regional hegemonluğunu legitimləşdirmək üçün istifadə etdiyi bu konsepsiya ilk dəfə ciddi şəkildə beynəlxalq sənəddə əhəmiyyətsizləşdirildi.

ABŞ Prezidenti Donald Trampın diplomatik iradəsi və dövlətimizin başçısı İlham Əliyevin siyasi çəkisi nəticəsində Rusiya Qafqazda vasitəçilik missiyasından kənarlaşdırıldı. Bu, yalnız Azərbaycan-Ermənistan prosesində deyil, bütövlükdə Avrasiya regionunda geosiyasi xəritənin yenidən çəkilməsi deməkdir.

Vətən müharibəsində “Müzəffər Ali Baş Komandan” kimi tarixə düşən Prezident İlham Əliyev bu dəfə “Müzəffər Ali Baş Diplomat” titulunu qazandı. Vaşinqtonda imzalanan Bəyannamə Azərbaycanın diplomatik meydanda qazandığı ən mühüm uğurlardan biridir. Bu uğurun əsasında Qarabağ üzərində suverenliyin tam bərpası, yeni geosiyasi reallıqların yaradılması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır. Prezident İlham Əliyevin Vaşinqtondakı çıxışı bir daha göstərdi ki, Azərbaycanın mövqeyi dəyişməzdir: ədalətli sülh, bərabərhüquqlu münasibətlər və qarşılıqlı hörmət! Bu sözlər, sadəcə, diplomatik protokol ifadələri deyil, həm də xalqın illərlə gözlədiyi ümidin təcəssümüdür”, - deyə L.İsazadə qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton sənədi dövlətimizin növbəti qələbəsidir, çünki Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib. Bu isə o deməkdir ki, yekun sülh sazişi artıq zaman məsələsidir və proses yalnız Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə bağlıdır. Vaşinqton sənədinə “Tramp yolu” ifadəsinin salınması ilə bu marşrut beynəlxalq diplomatik leksikona rəsmən daxil oldu. Əvvəllər Rusiya nəinki “Zəngəzur dəhlizi” ifadəsini sənədlərə salmaq istəməmiş, hətta buna mane olmuşdu. İndi isə bu yolun beynəlxalq səviyyədə tanınması Azərbaycanın strateji məqsədlərinə yeni imkanlar açır. Bununla belə, Azərbaycan diplomatiyasının qarşısında növbəti vəzifə “Zəngəzur dəhlizi” ifadəsini də rəsmi beynəlxalq sənədlərə daxil etdirməkdir. Bu, tarixi ədalətsizliyə etirazın simvolu və milli mövqeyin təsdiqi olacaq.

Lamiyə İsazadənin fikrincə, Vaşinqton görüşü yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə dünya siyasəti üçün yeni mərhələnin başlanğıcını qoydu. ABŞ, Avropa İttifaqı və region ölkələrinin razılığı ilə formalaşan bu yeni reallıq, Azərbaycanın yalnız hərbi deyil, diplomatik gücünün də təsdiqidir. Bu, kiçik bir dövlətin böyük güclər masasında öz maraqlarını qorumaq bacarığının ən parlaq nümunəsidir.

“2025-ci il avqustun 8-i Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və diplomatik ustalığı sayəsində Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qalacaq. Bu mərhələ, təkcə Zəngəzurdan Naxçıvana uzanan bir yolun açılması deyil, həm də Qafqazdan başlayan yeni dünya düzəninə atılmış mühüm addımdır. Vaşinqton Bəyannaməsi Cənubi Qafqaz üçün yalnız diplomatik sənəd deyil, həm də siyasi yol xəritəsidir. Onun uğuru, tərəflərin verdiyi öhdəliklərə sadiqliyindən, regional güclərin destruktiv təsirlərinə qarşı dura bilməsindən və beynəlxalq dəstəyin davamlılığından asılı olacaq. Azərbaycan üçün bu sənəd dövlətin diplomatik mövqeyinin gücünü və regional liderlik statusunu bir daha təsdiqləyir”, - deyə QHT sədri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
122
50
azertag.az

10Источники