AZ

“Rusiya bu durumu bizimlə yox, ABŞ və Ermənistanla çözməyə çalışmalıdır...”

“Trampın öz mövqeyində qeyri-ardıcıllığı həqiqətən də bəhs etdiyiniz riskləri yaradır. Bununla belə, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədən geri çəkilməməli, bacardığı qədər müqavimət göstərməlidir...”
 
Avqustun 8-9-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Sülh Bəyannaməsi hər iki ölkə üçün mühüm bir uğur kimi dəyərləndirilir. Artıq bu Sülh Sazişinin mətni də yayımlandı. Lakin bir sual hələ də cavabsız qalır: Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının sabahki mövqeyi nə qədər sabit ola bilər? Çünki keçmişdə Trampın bəzi mövqeləri tez-tez dəyişmiş, bəzən rəsmi sənədlərlə bağlı qərarlarında da qeyri-ardıcıllıq yaşanmışdır. Bu halda, onun Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan bu müqaviləyə verdiyi dəstək nə dərəcədə etibarlıdır? Xüsusilə, Rusiya diktatoru Vladimir Putinin bu ölkələr üzərində təsirini gücləndirməyə çalışdığı halda, Trampın mövqeyində dəyişiklik ola bilərmi?
 
Məsələyə dair Moderator.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz bu fikirləri ifadə edib:
 
“Trampın öz mövqeyində qeyri-ardıcıllığı həqiqətən də bəhs etdiyiniz riskləri yaradır. Bununla belə, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədən geri çəkilməməli, bacardığı qədər müqavimət göstərməlidir. Zira, Azərbaycan hakimiyyətinin mövqeyi istənilən dövlətin varoluş (ekzistensial) prinsiplərinə söykənir və kifayət qədər ədalətlidir. Rusiya da əvvəl-axır bunu anlamalı və qətiyyətli siyasətimiz qarşısında geri çəkilməlidir. Çünki varoluş problemi ilə üzləşən xalqlara qalib gəlmək mümkün deyil və bunu vaxtilə Əfqanıstan təcrübəsi yaşayan, hazırda isə Ukrayna bataqlığına saplanan Rusiya rəsmiləri də yaxşı başa düşürlər. Ukrayna savaşında onsuz da başı dərdə girən Putinin bir də Qafqazda ikinci cəbhə açacağına inanmıram...
 
Üstəlik, Rusiyanın əsas dərdi Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da sülh deklarasiyası imzalaması da deyil. Düzdür, Cənubi Qafqazı əlində saxlamaq istəyən Moskva bu müharibənin bitməsini arzulamırdı. Amma onun üçün budan daha vacib məsələ vardı: Zəngəzur dəhlizindən kənarda qalmaq və dünya ticarət yollarına nəzarət etmək imkanlarını itirmək. ABŞ-la bu müqaviləni isə biz yox, Ermənistan bağlayıb. Məntiqlə problem hesab etdiyi bu vəziyyəti də ABŞ və Ermənistanla çözməyə çalışmalıdır. Baxmayaraq ki, sözügedən iki dövlətin imzaladığı müqavilədə “üçüncü tərəflərlə” də əməkdaşlıq nəzərdə tutulur və böyük ehtimalla, bu tərəflərdən biri Türkiyə, digəri isə Rusiya olacaq. ABŞ-da yürüdülən görüşün yekunlarına dair yayılan Birgə Bəyannamənin 4-cü maddəsində də bu xüsusa eyham vurularaq bildirilir:
 
“4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində 'Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu' (“TRIPP”) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”...
 
Düşünürəm ki, Birgə Bəyannaməyə bu tezisin salınması Rusiyanın etirazlarını yumşaltmağa hesablanıb. Rusiya bununla kifayətlənəcəkmi, bunu zaman göstərəcək. Bütün hallarda “TRIPP” müqaviləsinə salındığını güman etdiyim bu maddə Rusiyanın aqressiyasını Ermənistanın ərazisinə aid olan Qərbi Zəngəzur bölgəsinə çəkəcək. Dünya ağalığı uğrunda kəllə-kəlləyə gələn ABŞ-la Rusiya Qərbi Zəngəzurda son kozırlarını oynayacaqlar. Nəticədə Azərbaycan rus aqressiyasından yalnız ticari zərbələr ala bilər və biz 1990-cı illərdən bəri onsuz da bu zərbəni alırıq. Yəni ən pis halda belə, bizim üçün dəyişilən heç nə olmayacaq...”
 
Heydər Oğuzun fikirlərinə əsasən, Trampın bu sənədə imza atması və sonradan mövqeyində dəyişiklik etməsi, yalnız Ermənistan və Azərbaycanın deyil, ümumilikdə Qafqazın gələcək siyasətini təsir edə biləcək bir məqam olaraq qalır. Beləliklə, həm Bakı, həm də İrəvan üçün ən vacib məsələ sabit bir siyasi mövqenin saxlanmasıdır.
 
Sultan Laçın
 
 
 
Seçilən
46
50
moderator.az

10Mənbələr