AZ

Vaşinqton görüşü Azərbaycan xarici siyasət tarixində mühüm səhifələrdən biri kimi qalacaq - RƏY

Vaşinqton görüşü ölkənin xarici siyasət tarixində mühüm səhifələrdən biri kimi qalacaq və Azərbaycanla ABŞ münasibətlərinin irəliləməsinə, daha da inkişaf etməsinə töhfə verəcək.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi, politoloq Sultan Zahidov deyib.

Onun sözlərinə görə, Vaşinqton görüşü ABŞ-nin Azərbaycana dəstəyini təmin etdi:

"Azərbaycanın istədiyi şərtlərlə Naxçıvana maneəsiz giriş-çıxış təmin olunması üçün Zəngəzur dəhlizi məsələsində mühüm nəticə əldə olundu. Eyni zamanda Vaşinqton razılaşmaları ilə ABŞ, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqları tanımış oldu. Məhz Azərbaycanın 2020-ci ildəki qələbəsi və 2023-cü ildə keçirilən birgünlük antiterror əməliyyatı Ermənistan-Azərbaycan münaqişəsini bitirdi. Bu da sülh sənədlərinin imzalanması üçün yol açdı və Ermənistanın geosiyasi istiqamətini dəyişməyə vadar etdi. Əks təqdirdə Paşinyan bu gün Vaşinqtonda deyil, Moskvada olardı".

Politoloq bildirib ki, Azərbaycanın yaratdığı geosiyasi mühit bölgədə kommunikasiya xətlərinin açılmasına, Cənubi Qafqazın öz potensialından istifadə etməsinə və əməkdaşlığın, sabitliyin, inkişafın təmin olunmasına imkan yaradır:

"2020-ci ildəki qələbə bu prosesin əsasını qoydu. 2022-ci ildə Azərbaycan sülh üçün beş bənddən ibarət təklif irəli sürdü, mətn razılaşdırıldı və 2025-ci il avqustun 8-də paraflandı. Demək olar ki, bu görüşün memarı Azərbaycan oldu. Zəngəzur dəhlizinin açılması yalnız ölkəmizə deyil, Türkiyəni Mərkəzi Asiya və Cənubi Qafqazla, Avropanı isə Çinlə birləşdirəcək. Eyni zamanda, Azərbaycan-Ermənistan sülh prosesinin inkişafı baxımından da mühüm addımdır. Əsas məsələ odur ki, Ermənistan bu razılaşmalara əməl etsin və konstitusiyasını dəyişdirərək prosesi dəstəkləsin".

Mütəxəssis vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qələbəsini həzm edə bilməyən bəzi qüvvələrin qarayaxmalara baxmayaraq, ölkənin atdığı ardıcıl və praqmatik addımlar sayəsində Cənubi Qafqazda canlanma başladı:

"Bu proses həm ABŞ-nin nüfuzunu artırır, həm də regiona əməkdaşlıq, ticarət və sabitlik gətirir. Əlbəttə, bəzi regional güclər Zəngəzur dəhlizinin açılmasını istəməyə bilər. Onların öz geosiyasi maraqları var və ABŞ-nin regionda olmasını arzulamırlar. Amma Azərbaycan Türkiyə, ABŞ və digər tərəfdaş ölkələrlə birlikdə bütün çətinliklərin öhdəsindən gələcək. Bu, Azərbaycanın həm hərbi, həm də siyasi meydanda qazandığı qələbənin aydın göstəricisidir".

Seçilən
57
50
report.az

10Mənbələr