RU

Adi bir kəlmədən xoşbəxt olan insanam

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kütləvi İnformasiya Vasitələrinin hansı sahəsində işləmişəmsə, ünsiyyət quracağım insanların əsas peşəkarlığına üstünlük vermişəm. Və bir də qarşı tərəflə aramızdakı yaş fərqinin heç zaman fərqinə  varmamışam, baxmayaraq ki, bunu mənə irad tutub: "O ki dünənin uşağıdır" deyənlər də olub. Amma həmin o dünənin uşaqları zamanla elə peşəkarcasına ayaqlaşıb bizi heyrətləndirirlər ki, onlara təşəkkür etməklə kifayətlənmək azdır.

Biz 30 ilə yaxın torpaqları işğal altında olan, insanları təcavüzə məruz qalan bir ölkədə yaşasaq da, çox haqsızlıqlar görsək də, müharibə şəraitində olduğunu bilə-bilə inkişaf edən dövlətin vətəndaşlarıyıq. Demək olar ki, dünya bacardığı qədər bu münaqişəni unutdurmağa nail olduğunu düşündüyü, insanlarımızın ümidinin artıq itirdiyi bir vaxtda beş il əvvəl bir payız səhəri bizi illərlə gözlədiyimiz xəbərlə yuxudan oyatdı. Sülh deməkdən usanan və sonunda bezən bir dövlət əks-hücum əmri ilə bütün dünyanı silkələdi. Azərbaycanın bütün efir məkanları, sosial şəbəkələri, mətbuatı xəbər poliqonuna çevrildi bir anda. Və bir neçə saatdan sonra bütün Azərbaycan və Dünya azərbaycanlıları efirdən qəhər içində boğulan bir səslə xəbər eşitdi: "Bəzi  torpaqlarımız işğaldan azad olunub. Füzulinin dörd kəndi, Cəbrayılın iki kəndi işğaldan azad edildi. Gözümüz aydın olsun". Həmin ərəfədə onun bu çıxışı digər ölkə efirlərində də yer aldı. O vaxtdan beş il ötüb. Son zamanlar isə onun ölkəmizə qarşı dil uzadanlara qarşı sillə kimi cavabları bu cəsarət sahibi ilə həmsöhbət olmaq fikrimə bir təkan oldu. Şənbə qonağımız ARB24 kanalının "Nə baş verir?" siyasi-analitik verilişinin aparıcısı  Jalə Həsənlidir.

- Başlayaq müjdə xəbərli həmin gündən...

- Bu yaxınlarda böyük mobil operator şirkətlərindən biri mətbuatın 150 illiyilə bağlı reklam çarxı hazırlamışdı. Orada şəhid jurnalistlərlə paralel mənim görüntümü də yerləşdirmişdilər. Onlarla eyni sırada olmaq, onların davamçısı kimi görünmək mənim üçün böyük qürur və fəxrdir. Hər dəfə bu xəbər haqqında danışanda təzədən o tarixə, həmin saata qayıdıram, yenə həmin studiyada oluram. Həmin gün Prezidentin köməkçisi Hikmət Hacıyev brifinq keçirirdi və bütün kanallar canlı bağlantı ilə artıq ora qoşulmuşdu. Bizdə texniki problem yarandığından həmin vaxt qoşula bilmədik. Rejissor mənə bildirdi ki, növbəti xəbərləri oxu, brifinqdən vacib informasiya gəldikcə sənə çatdıracağıq. Digər xəbərləri oxuduğum anda birdən qulaqlıq açıldı və ilk olaraq efir otağındakı sevinc dolu təşvişi eşitdim. Xəbərləri çatdıra-çatdıra düşünürəm ki, görəsən, hansı xəbər gəldi ki, hamı belə sevinir. Ürəyim tez-tez döyünməyə başladı.

- Amma siz tək Azərbaycanın deyil, bütün dünyanın eşitdiyi ilk qələbənin müjdəçisi oldunuz...

- İndiyə qədər o anların, keçirdiyim hisslərin adını tapa bilmirəm. Birdən rejissorun səsi gəlir - Jalə, yaz-yaz, Füzulinin dörd, Cəbrayılın iki kəndi azad oldu, tez ol, yaz. Eşitdiyi xəbərin sevincindən əl-ayağı əsən Jalə kənd adı yaza bilər? Hiss edirəm ki, var gücümlə sevincimdən qışqırmaq istəyirəm. Çünki həm iyul hadisələrində, ondan əvvəl Aprel döyüşlərində hamımız bir sarsıntı yaşamışdıq və indi bizi nələrin gözlədiyindən xəbərsiz idik. Və birdən mənə azad olan ilk kəndlərin adlarını elan etməyimi deyirlər. Düşünün, mən torpağı otuz ilə yaxın işğal altında qalan bir torpağın vətəndaşı idim. Qanlı 20 yanvar gecəsində dünyaya gəlmişəm, Zəngilandan, Cəbrayıldan olan qonşularımız var idi, onların evlərinə sığmayan xeyli sayda qaçqının əzabını görmüşəm. Mərhum anamın böyük Şuşa sevgisi vardı. "Şuşanın dağları" mahnısını hər dəfə eşidəndə kövrəlirdi, Qarabağla bağlı xatirələri yada düşürdü, şuşalı rəfiqələrini xatırlayardı... Uşaqlığı bu xatirələrlə dolu olan bir aparıcıya qəfil deyirlər ki, torpaqlarımız azad olub. Canlı efir də olsa, o qələbəyə sevinmək bir vətəndaş olaraq mənim də haqqım idi. Sizcə, belə xəbəri sakit, emosiyasız çatdırmaq mümkün ola bilərdimi? Nə qədər özümü sıxsam da, sonda qəhərimi boğa bilmədim. Mən efirdən gözümüz aydın olsun demişdim, studiyadan çıxan kimi də hamı mənə gözaydınlığı verirdi. İllərin həsrətini geridə qoymağa başlamışdıq.

- Efirə qədər yol gələn Jalə Həsənlini tanıyaq...

- Vətənim üçün çox ağrılı qanlı yanvar gecəsində doğulmuşam və hər il doğum günümdə valideynlərim məni Şəhidlər xiyabanına ziyarətə aparırdı. Saat 12-yə qədər mütləq Şəhidlər xiyabanında olurduq. Bakının ən hündür nöqtəsindən şəhərə baxardım, fit verən gəmilərin səsini dinləyərdim. Bu vərdiş illər keçsə də, qorunub saxlanılan bir adətə çevrildi. Həm doğum günümdə, həm də Vətən müharibəsindən sonra hər həftənin cümə günü mən Şəhidlər xiyabanına gedirəm. Bunu özüm üçün bir qaydaya çevirmişəm. Onları unutmamaq, adlarını yaşatmaq üçün. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Efirə qədər yol gələn Jalədən danışmağımı istədiniz. Özümü ya səhnədə, ya da efirdə görmək istəmişəm həmişə. Arzum olub ki, tarixi-dramatik filmlərdə aktrisa kimi çəkilim, müxtəlif rollarım olsun. İncəsənətə olan marağı həmişə özümlə daşımışam. Anam jurnalist idi, gözəl şeirlər yazardı, qələmi çox gözəl idi. Bəzən satirik və kəskin yazırdı və bunu çox bəyənirdim. Məni tamaşalara aparardı, gözüm səhnədə olsa da, xəyallar qurardım. Düşünərdim ki, görəsən, nə vaxtsa mən də hansısa bir tamaşada oynaya biləcəyəmmi? Məni də tamaşaçı ayaq üstə alqışlayacaqmı? Məktəbdə müəllimlərim, sinif yoldaşlarım məni istəyimə doğru daima həvəsləndiriblər. Lakin qismət elə gətirdi ki, mən pedaqoji təhsil aldım.

- Yəni ixtisasca müəllimsiniz...

- Düzü, istəmədiyim bir fakültədə təhsil almalı oldum. Sıralamanı sinif yoldaşım yazmışdı və oradakı üçüncü yerə düşdüm. Lakin ikinci kursda oxuyarkən eşitdim ki, ATV kanalında gənclərə fürsət üçün bir  kastinq keçirilir. Fürsəti əldən buraxmayıb müraciət etdim. İlk olaraq seçilən otuz nəfərin arasına düşdüm və mərhələləri keçə-keçə sona qalan dörd nəfərdən biri oldum. Artıq on üç ildir televiziyadayam, efirdəyəm. Anladım ki, istək, həvəs nə qədər güclü olarsa, insan arzularını gerçəkləşdirə bilər. Yeddi-səkkiz ilə qədər ATV kanalında çalışdım, daha sonra İctimai televiziyanın ana xəbərinə dəvət aldım. Orada mənə geniş xəbər platforması təqdim olundu və onun sayəsində özümü tamaşaçıya həm də informasiya sahəsində təqdim edə bildim. Daha sonra ARB24 kanalı ilə yollarımız kəsişdi və bu günədək "Nə baş verir?" deyərək, tamaşaçılara ölkə və dünya siyasi gündəmindən xəbər verirəm.

- Tamaşaçı ilə ünsiyyətdən əlavə, onun rəğbətini qazanan Jalə aparıcının tərifini versin...

- Aparıcı cəmiyyətin mənfi və müsbətlərini göstərməli olan, həqiqətləri deməli olan tərəfdir. Aparıcı siyasi-sosial problemlərdə öz mövqeyini ortaya qoya bilən insandır. Hamı bilir ki, diktor yazılanı oxuyur. Mən efirə gələndə çalışdım ki, yazılan mətni olduğu kimi deyil, öz qavradığım kimi tamaşaçıya çatdırım, xəbərə münasibətimi, öz yanaşmamı qoyum. Aparıcı cəmiyyəti doğru istiqamətləndirə biləcək gücə sahib bir fiqurdur. Ona görə də efirdəki hər danışdığımıza, hər addımımıza diqqət etməliyik. Axı hər gün minlərlə insana örnək oluruq. Çətinliyi, məsuliyyəti çoxdur, bununla belə, işimi çox sevirəm.

- Amma siz sırf xəbər aparıcısısınız, özü də yaradıcılığı sevən bir insansınız. Xəbərlərdə isə yaradıcılıq yoxdur...

- Yaradıcılığı olmayan həmin xəbəri, onun studiyasını o qədər sevirəm ki... Xəbərdəki ciddiyyəti sevirəm, çünki xarakterimin simasını görürəm orada, yəni xəbərdəki insanam. Demirəm ki, xəbər aparıcıları rəsmiyyət donunda yaşayır. Onlar da deyir, gülür, əylənir. Lakin onların onların bir inandırıcılığı var və bunun üzərindən o, tam sərbəst ola bilmir. Xəbər aparıcısı qapını döyməyi arzuladığın qonaqdır. Mən bunu xüsusən Vətən müharibəsi dövründə daha çox hiss etdim. Düzdür, bu gün sosial şəbəkələr üzərindəki kanallar, səhifələr bizləri qabaqlayır. Növbə bizə gələnə qədər istifadəçilər xəbərlərdən məlumatlı olur. Amma sizi inandırıram ki, orada yazılan xəbərlə aparıcının tamaşaçıya çatdırdığı xəbər arasında böyük fərq var. Çox vaxt tamaşaçı xəbəri oxumaq yox, daha çox eşitmək istəyir. Xəbəri oxudum keçdim deyə bir şey yoxdur, onu duymaq lazımdır. Bəzən deyirlər ki, xəbər monoton olmalıdır, o, heç bir emosiya qəbul etmir. Mənə görə bu, sovet dövrünün dəsti-xəttidir. Hər gün yenilənən dünyamızda xəbərə yanaşma da dəyişir. Əlbəttə, hər xəbərdə münasibət bildirmək olmaz, rəsmi görüşlər, sərəncamlar, fərmanlar - bunlarda əlavə mimikaya ehtiyac yoxdur. Amma cəmiyyətin içindən xəbər verəndə, xüsusilə hansısa sosial problemlərdən danışanda tamaşaçı hiss etməlidir ki, sən də bu ölkənin vətəndaşısan və oxuduğun xəbər səni də ya sevindirir, ya kədərləndirir. Bir məqama da toxunum. 24 saat ərzində xəbər aparıcısının qarşısından sevincli xəbərlər kimi, ən sevdiklərinin acı xəbəri də keçə bilər. Məhz belə bir yükü daşıya biləcək efir simasıdır xəbər aparıcısı... Təəssüflər olsun ki, mən bunu yaşamışam.

- Çətin olmayacaqsa, qayıdaq həmin xəbərə...

- Çox sevdiyim Qənirə Paşayevanın acı xəbəri gələndə efirdə idim və bunu ictimaiyyətə mən çatdırmalı oldum.

- Əslində onunla bağlı sual var... El arasında sizi ikinci Qənirə Paşayeva adlandırırlar, eşitməmiş olmazsınız...

- Nə yaxşı o insana sağlığında dəyər verildi. Qənirə xanımı dövlət də sevirdi, millət də. Mən onu ANS-dəki vaxtlarından sevmişəm, sürətli danışığını, eyni zamanda səlis nitqini eşitmək zövq verirdi. Təbii ki, deyilənləri eşitmişəm. Bəlkə Allahın bir qismətidir ki, həm xarici görünüşümlə, həm çıxışlarımla, həm də səs tonumla məni ona bənzədirlər. O da vətənini çox sevirdi, ölkəsinə dil uzadanın ağzından vuraraq bildirirdi ki, mənim ölkəm, millətim haqqında  danışmaq sənin həddin deyil. Çox bağlı idim o insana, demirəm mütəmadi görüşürdük. Tədbirlərdə, verilişlərdə, müsahibələrdə üz-üzə gəlirdik. ATV səhər proqramında qonağım da olmuşdu və həmişə məni görəndə qucaqlayıb deyərdi ki, sən mənim qızımsan. Ona bənzədilməyimdən yalnız qürur duya bilərəm və onun adına layiq ola bilərəmsə, nə xoş mənə.

- Anladığım qədər efirdə rahatsan...

- Çox rahatam... Kameraların qarşısına çıxana qədər əlimizdə əvvəlcədən hazırladığımız xəbərlər olur ki, mütləq həmin mətnlərin üzərindən keçib onları özümükünləşdirirəm. Lap yeni, məni həyəcanlandıra biləcək bir xəbər gəlsə belə, ona hər zaman hazıram. Studiyaya daxil olub yerimi alandan, qırmızı işıqları görəndən sonra bilirəm ki, artıq efirdəyik. Mən isə elə zənn edirəm ki, studiyada deyiləm, hansısa bir tamaşaçının evindəyəm, onunla ünsiyyətə girirəm. Çalışıram ona çatdırım ki, bilirsən, bu gün Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq bir sıra addımlar atılır. Əziz tamaşaçı, bu artıq o deməkdir ki, növbəti mərhələdə dəhliz açılacaq. Yəni çalışıram ki, verdiyim xəbəri hər yaş kateqoriyasından olan tamaşaçıya çatdıra bilim.

- Yəqin ki, efirin də sevmədiyi nələrsə var...

 - Efir süniliyi sevmir, hörmətsizliyi sevmir, mədəniyyətsizliyi sevmir. Efir qışqıra-qışqıra danışmağı sevmir, belə insanları tamaşaçı da qəbul etmir...

- Efirdən lazımi ünvanlara cəsarətli mesajları məharətlə çatdırırsınız... Deməli ki, xarakterinizdə cəsarət var...

- Qorxu bilməyən insanam, hətta evdə də mənə deyirlər ki, səndə dəli cəsarəti var. Məni valideynlərim bir qədər oğlansayağı böyüdüblər. Vaxtilə professional karate, kinqboksla məşğul olmuşam və bunların verdiyi cəsarət də vardı məndə. Amma zamanla, yaş üstünə yaş gəldikcə kənardan özünü izləməyi bacarırsan. Əgər əvvəl mən emosiyalarla hərəkət edirdimsə, indi daha təmkinliyəm, məni qıcıqlandıracaq bir məqama göz yummağı bacarıram, gülüb keçməyi bacarıram. Bununla belə, cəsarətim çoxdur. Heç kimin dövlətimin marağına zidd hər hansı bir ifadə səsləndirməyinə imkan vermərəm. Hər zaman dövlətimin yanındayam və istənilən cavabı verməyə hazıram. İstər Rusiya olsun, istər İran olsun, ya molla rejimi, ya da bir başqası, fərq etməz.

- Ciddiyyətdən çox danışdıq, amma efirdə fors majorlar da az olmur...

- Bir dəfə başıma gəlib, amma bir daha istəməzdim. Rəsmi xəbər oxuyuram. Bir dolu operatorumuz vardı, efir başlayandan sonra studiyaya daxil olanda ayağı ilişdi və yıxıldı. Hamı ilə birlikdə özü də səssiz gülür, mən isə canlı efirdə sərəncam oxuyuram. Var gücümlə əlimi sıxmışam ki, gülməyimi nəyin bahasına olursa olsun saxlaya bilim. Elə ki mətn bitdi və süjetə keçid oldu, mən də gülməyə başladım. Studiyadan çıxandan sonra gördüm ki, əllərimi necə möhkəm sıxmışamsa, dırnaqlarım ətimə keçib ovcumu qanadıb. Başa gələn hadisə tək bu olub.

- Jalə Həsənli həm bir evin xanımıdır, həm də anadır...

- Evdə olanda hamıya bayramdır. Mətbəxi çox sevirəm, çeşid-çeşid yeməklər bişirməkdən, şirniyyat hazırlamaqdan zövq alıram. Bakılı ailərində qız uşaqlarını erkən yaşından xəmirlə tanış edirlər. Qızlar onu yoğurmağı, yaymağı yaxşı bilirlər. Mən də onlardan biri olduğumdan xəmir yeməklərini həvəslə hazırlayıram. Mən adi bir kəlmədən xoşbəxt olan insanam. "Jalə, nə ləzzətlidir" kəlməsini eşitmək mənə bütün yorğunluğumu unutdura bilər. Mən övladımıza göstərdiyim diqqət və qayğıdan savayı, onun mənəviyyatının zəngin, tərbiyəsinin düzgün olmasında daha maraqlıyam. Çünki gələcəyimiz onların əlindədir. Çox arzu edirəm ki, yetişməkdə olan yeni nəslin yürüdüyü yolda nə ot-ələf bitsin, nə də qanqal. Bizim yaşadığımız ağır tarixlə bir daha üz-üzə qalmasınlar.

SÖZARDI: Onu dinlədikcə düşünürdüm ki, efirdən görünən sakit, təmkinli simanın arxasında zəngin mənəvi bir dünya var. Onun səsi, danışığına hopan səmimiyyət peşəkarlıqdan savayı, ürəkdən gələn sevginin işığıdır. Və inanırsan ki, Jalə Həsənli addımladığı yolda heç zaman özü olmaqdan vaz keçməyənlərdəndir.

Tamilla M-ZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
50
525.az

10Источники