AZ

Kiçik addımlar sizi böyük uğurlara aparacaq…

Müstəqil Azərbaycanın gənclər siyasəti ölkəmizin gələcək inkişaf strategiyasının əsas dayaqlarından biridir. Dövlətimiz gənclərin təhsili, peşəkar bacarıqlarını inkişaf etdirməsi, ictimai həyatda fəal iştirakı üçün geniş imkanlar yaradır. Bu gün gənclər yalnız elm və təhsildə deyil, həm də ictimai fəaliyyət, könüllülük hərəkatı, mədəniyyət və innovasiya sahələrində mühüm uğurlara imza atırlar. Onlardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarında “Korreksiyaedici təlim” ixtisası üzrə təhsil alan, həm akademik, həm də ictimai həyatda fəallığı ilə seçilən Aydan Süleymanlıdır. Onun hekayəsi dövlət dəstəyinin və şəxsi əzmin uğur formulu olduğunu bir daha sübut edir.

-Oxucularımız sizi yaxından tanımaq istərdilər. Özünüzü necə təqdim edərdiniz?

– Mən, Aydan Süleymanlı, ADPU-nun SABAH qruplarında “Korreksiyaedici təlim” ixtisası üzrə təhsil alıram. Artıq ikinci kursumu uğurla başa vurmuşam. Təhsil həyatımla yanaşı, universitet daxilindəki ictimai fəaliyyətlərdə də fəal iştirak edirəm. 2025-ci ilin 23 may tarixində ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin sədri seçilməyim mənim üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir. 5 illik musiqi təhsilim var. Hazırda Təhsil Könüllüləri Tələbə Birliyinin nəzdində fəaliyyət göstərən Musiqi dərnəyində piano dərslərini tədris edirəm. Bundan əlavə, müxtəlif proqramlarda könüllü fəaliyyətlərdə iştirak etmişəm. Gələcəkdə bu sahədə peşəkar mütəxəssis kimi fəaliyyət göstərmək və defektologiya istiqamətində ixtisaslaşmaq məqsədindəyəm. Təhsil Könüllüləri Tələbə Birliyinin sədri kimi əsas hədəfim təşkilatın strukturunu və fəaliyyət mexanizmini daha da inkişaf etdirmək, həmçinin daha genişmiqyaslı və təsirli layihələrin həyata keçirilməsinə nail olmaqdır.

– “Korreksiyaedici təlim” ixtisasını seçməyinizin əsas səbəbi nə oldu?

– Bu ixtisası seçməyimin əsas səbəb cəmiyyətimizin bu sahədə ixtisaslaşmış, empatiya və peşəkarlıqla çalışan kadrlara ehtiyacını dərindən hiss etməyimdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək, onların fərdi bacarıqlarını üzə çıxarmaq və onları cəmiyyətə tam şəkildə qazandırmaq mənim üçün sadəcə peşə deyil, eyni zamanda mənəvi bir missiyadır. Bu yolda həm insani, həm də peşəkar inkişafımı təmin edəcək bir istiqamət tapdığıma əminliklə inanıram.

-Təhsil həyatınızda sizi ən çox dəyişdirən və inkişaf etdirən hansı an olub?

-Təhsil həyatımda məni ən çox dəyişdirən və inkişaf etdirən mərhələlərdən biri SABAH qruplarına qəbul olunmağım oldu. Bu proses yalnız akademik biliklər baxımından deyil, həm də şəxsi inkişaf baxımından böyük təsir göstərdi. Eyni zamanda, bəzi müəllimlərimin motivasiyaedici yanaşmaları və mənə verdikləri dəstək özümə inamımı artırdı. Onların tələbəyə fərdi yanaşmaları və mənəvi dəstəyi ixtisasımı sadəcə öyrənmək yox, sevmək və yaşamaq mərhələsinə daşıdı. Bu da mənim gələcəkdə seçdiyim sahəyə daha böyük məsuliyyət və sevgi ilə yanaşmağıma səbəb oldu.

– Təhsil Könüllüləri Tələbə Birliyindəki fəaliyyətiniz gənclərin, eyni zamanda,  sizin inkişafınıza necə fayda verir?

– Təşkilatımızın əsas missiyası gənclərin akademik və şəxsi inkişafını dəstəkləməkdir. Həftəlik piano, gitara, rəqs, SMM dərsləri və dil “conversation”ları təşkil edirik. Bu fəaliyyətlər gənclərə vaxtlarını səmərəli dəyərləndirmək, yeni bacarıqlar qazanmaq və potensiallarını kəşf etmək imkanı yaradır. Həmçinin, gənclərin maraqlarına uyğun seminarlar və görüşlər keçiririk ki, bu da onların ünsiyyət və əməkdaşlıq bacarıqlarını gücləndirir.

Təhsil Könüllüləri Tələbə Birliyi mənə liderlik bacarıqları, təşkilatçılıq, komanda işi, məsuliyyət paylaşımı, ünsiyyət və effektiv qərarvermə bacarıqları qazandırıb. Bu yol boyunca həm insanlara ilham vermək, həm də birgə məqsədlər uğrunda çalışmaq mənim üçün çox dəyərli təcrübələrdən olub. Üstəlik, bu fəaliyyətlər mənə həyatımda mühüm yer tutan dəyərli dostlar qazandırıb.

-5 illik musiqi təhsili həyatınıza və təhsil fəaliyyətinizə necə təsir edib?

-Bu təhsil mənə təkcə musiqini deyil, həm də intizamı, səbrli olmağı və özünüifadə bacarığını aşılayıb. Xüsusi qayğıya ehtiyacı olan şəxslərlə aparılan korreksiya və reabilitasiya proseslərində musiqi terapiyasının əhəmiyyətini nəzərə alaraq, bu sahədəki bilik və bacarıqlarımı gələcəkdə bir mütəxəssis kimi praktiki fəaliyyətimdə tətbiq etməyi qarşıma qoyduğum məqsədlərimdən biridir. İşimdə musiqi təhsilimi peşakar şəkildə istifadə edəcəyim üçün sevinirəm.

-Gənclərin müasir dövrdə sosial şəbəkələr və mobil texnologiyalardan istifadəsinə münasibətiniz necədir? Sizcə, bu alətlər onların inkişafına daha çox töhfə verir, yoxsa mane olur?

– Sosial medianı düzgün və məqsədyönlü istifadə etdikdə faydalı bir platforma olaraq görürəm. Burada informasiya mübadiləsi aparmaq, təhsil və inkişafla bağlı resurslara çıxış əldə etmək mümkündür. Lakin onun nəzarətsiz və vaxtsız istifadəsi diqqət dağınıqlığına, zaman itkisinə və məhsuldarlığın azalmasına səbəb ola bilər. Buna görə də bu məsələdə şüurlu və məsuliyyətli olmaq olduqca vacibdir.

– Mütaliə sizin üçün nə ifadə edir?

– Mütaliə mənim üçün həm intellektual, həm də ruhsal inkişaf vasitəsidir. Uşaqlıqdan kitab oxumağa marağım var və zamanla formalaşmış şəxsi kitabxanam bu marağı daha da gücləndirib. Daha çox detektiv, psixoloji və daxili inkişafa yönəlmiş əsərlərə üstünlük verirəm. Bu kitablar dünyagörüşümün formalaşmasına və xarakterimin inkişafına mühüm təsir göstərib.

-Sizcə, uğurlu tələbəni digərlərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

-Uğurlu tələbəni digərlərindən fərqləndirən əsas xüsusiyyətlər onun məsuliyyətli, məqsədyönlü və davamlı inkişaf etməyə meyilli olmasıdır. Belə tələbə dərslərinə ciddi yanaşır, vaxtını düzgün planlayır və qarşısına aydın məqsədlər qoyur. O, yalnız dərs materialları ilə kifayətlənmir, əlavə bilik axtarışına çıxır, yeni bacarıqlar qazanmağa çalışır. Bundan əlavə, uğurlu tələbə yaradıcı və tənqidi düşünmə qabiliyyətinə malikdir, öyrəndiklərini analiz edərək tətbiq edə bilir. O, komanda ilə işləməyi bacarır, ünsiyyətcil və əməkdaşlığa açıqdır. Ən əsası isə çətinliklər qarşısında ruhdan düşmür, motivasiyasını qoruyaraq məqsədinə doğru irəliləməyə davam edir. Məncə, tələbəlik illərində ölkəmizdə yaradılmış imkanlardan səmərəli şəkildə istifadə edən hər bir gənc artıq uğurlu tələbədir.

-Universitet gənclərinə uğura aparan yolu necə izah edərdiniz?

-Tövsiyəm odur ki, universitetdəki təşkilatlara və könüllülük fəaliyyətlərinə aktiv şəkildə qoşulsunlar. Həmçinin seminarlar, təlimlər və layihələrdə iştirak etsinlər. Bu, həm şəxsi inkişaf, həm də peşəkar əlaqələrin qurulması baxımından çox qiymətli bir platformadır. Uğura gedən yolda mənim üçün əsas prinsiplər fəallıq, dürüstlük, məsuliyyət və əməksevərlikdir. Gündəlik olaraq qarşıma real və ölçülə bilən məqsədlər qoyuram. Bu məqsədlər vasitəsilə davamlı inkişafa nail olmaq və özümü daim təkmilləşdirmək üçün çalışıram. Düşünürəm ki, insan nə istədiyini dəqiq bilməli və potensialını tanımalıdır. Bu, inkişafın təməl prinsipidir. Balanslı həyat tərzi qurmaq üçün planlı olmaq və prioritetləri düzgün müəyyənləşdirmək vacibdir. Məni ən çox motivasiya edən amillərdən biri insanların həyatına müsbət təsir edə bilməkdir. Komandamla birlikdə uğurlu layihələrə imza atmaq və bir ortaq məqsəd ətrafında birləşmək mənə həm ilham verir, həm də məsuliyyət hissimi artırır. Həmyaşıdlarıma demək istəyirəm ki, qorxmadan addım atın, özünüzə inanın və daim öyrənməyə açıq olun. Həyatda kiçik məqsədlərlə başlayın, çünki o kiçik addımlar sizi böyük uğurlara aparacaq. Özünüzü potensialınızdan aşağı qiymətləndirməyin və nə olursa-olsun — irəliləməyə davam edin.

-Gələcək üçün hədəf və planlarınızı necə təsvir edərdiniz?

-Gələcək hədəfim, bu sahədə müasir və innovativ yanaşmaları tətbiq etməklə xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişaf potensialını tam şəkildə ortaya çıxarmaqdır. Dünyada tətbiq edilən, lakin ölkəmizdə hələ geniş yayılmayan terapiya metodlarını araşdırmaq və onları Azərbaycanda tətbiq etmək istəyirəm. Bununla yanaşı, inklüziv cəmiyyət quruculuğu istiqamətində təşəbbüslərlə çıxış etmək və bu sahədə maarifləndirmə aparmaq da qarşıma qoyduğum əsas məqsədlərdəndir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
15
15
ikisahil.az

10Mənbələr