RU

"Vaşinqton səfəri Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir" - Deputat

"Azərbaycan son illərdə qazandığı tarixi uğurlar sayəsində dünyada nüfuzlu və etibarlı dövlətə çevrilib. Ölkəmizin mövqeyi ilbəil güclənir və beynəlxalq proseslərdə önəmli rol oynayır. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtona işgüzar səfəri isə həmin strateji kursun yeni və əhəmiyyətli mərhələsi kimi yüksək dəyərləndirilir".

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, bu səfər dövlətimizin regional və beynəlxalq müstəvidə təsir gücünün artdığını, həmçinin dünya siyasətində fəal və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir:

"Səfərin ən mühüm və əhəmiyyətli nəticələrindən biri Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən tarixi Sammit olub. Bu görüş nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bu sənəd Azərbaycan tərəfindən illər boyu irəli sürülən və müzakirə edilən sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və qəbul edilməsinin mühüm göstəricisidir. 

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması olub. Bu faktor sülh prosesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilib, gələcəkdə sülh sazişinin imzalanması və ratifikasiyası üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb.

Vaşinqton Sammitinin nəticələri arasında ən diqqətçəkən və strateji əhəmiyyət daşıyan addımlardan biri də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin rəsmi olaraq dayandırılması olub. Birgə Bəyannamədə regionun nəqliyyat sahəsində inteqrasiyasına xidmət edən mühüm məsələlər də qeyd olunub. Belə ki, sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və fasiləsiz bağlantının təmin edilməsi strateji bir prioritet kimi önə çəkilib. Bu amillər həm də regional iqtisadiyyatın inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün vacibdir. 

Səfər çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanan sənədlər ikitərəfli əlaqələrin yeni mərhələdə inkişafına böyük töhfə verəcəkdir. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələri əhatə edən geniş əməkdaşlıq perspektivlərini nəzərdə tutur. Səfər zamanı, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanması enerji sektorunda, xüsusilə ənənəvi və qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verəcəkdir. Bu da ölkəmizin enerji təhlükəsizliyi və iqtisadi inkişaf strategiyasının önəmli hissəsidir.

Nəticə etibarilə, Vaşinqton səfəri Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi kimi yadda qalacaqdır". 

 

Избранный
75
50
unikal.az

10Источники