RU

Azərbaycan qazı artıq Suriyada

Türkiyə vasitəsilə göndərilən Azərbaycan qazı artıq Suriyadadır.

Far.Az "Haber Global"a istinadən xəbər verir ki, bu gün qazın nəqli ilə əlaqədar Türkiyənin Kilis şəhərində xüsusi tədbir keçirilib.

***11:30

Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.

Far.Az "Report"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al-Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.

Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1.2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda, Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

***11:06

Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Qətər dövlətinin dəstəyi ilə Türkiyə ərazisindən Suriyaya nəqli ilə bağlı tədbir keçiriləcək.

Far.Az Oxu.az-a istinadən tədbirə hazırlığın görüntüləri təqdim edir:

***

Avqustun 2-dən etibarən Azərbaycandan Türkiyəyə gələn təbii qaz Kilisdən Suriyaya ötürüləcək.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu marşrutla qaz tədarükü sayəsində hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq.

Xatırladaq ki, ötən ilin dekabrında Suriyada baş verən dövlət çevrilişindən sonra yeni hökumət Türkiyə ilə əlaqə qurub. Türkiyə hökuməti digər sahələrdə əlaqələri inkişaf etdirməklə yanaşı, enerji infrastrukturunun dirçəldilməsini üzərinə götürüb.

Suriyanın yeni hökuməti Azərbaycanla da diplomatik əlaqələri bərpa edib. Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. Bundan sonra Bakı Ankarayla birlikdə Suriyanın postmünaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib. Mayın 4-də isə Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. İyulun 12-də isə Bakıda İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaara ilə geniş tərkibdə görüşü olub.

Razılaşmaların nəticəsi olaraq iyulun 30-da Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Suriyaya təbii qaz ixracında Türkiyənin Azərbaycan və Qətərlə əməkdaşlıq edəcəyini açıqlayıb.

Qeyd edək ki, gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik edəcək Kilis-Hələb qaz xəttinin təmiri bu il mayın 21-də başa çatıb. Xəttin ötürmə qabiliyyəti ildə 2 milyard kubmetrə çata bilər.

Tədarük Hələbdəki təbii qaz stansiyasında elektrik istehsalı məqsədilə istifadə olunacaq və təxminən 1200 meqavat elektrikə çevriləcək. Beləliklə, hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq. Suriyada gündə 3-4 saat davam edən elektrik təchizatı bu dəstəklə 10 saata qədər çıxmış olacaq.

Elektrik dəstəyi yalnız təbii qazla məhdudlaşmır. Türkiyə Suriyanın şimalına elektrik ixracatını da artırmağı planlaşdırır. Mövcud xətlərlə 280 meqavat elektrik Suriyaya göndəriləcək.

Keçmişdə istifadə olunan Birecik-Hələb elektrik xətti də yenidən istifadəyə veriləcək. Təxminən 500 meqavat tutumlu bu xəttin də tamamlanması ilə, ümumilikdə, 900 meqavatlıq elektrik ixracatı mümkün olacaq. Beləliklə, təxminən 1 milyon 600 min evin elektrik ehtiyacı qarşılanacaq.

Избранный
21
31
far.az

10Источники