Avqustun 2-dən etibarən Azərbaycandan Türkiyəyə gələn təbii qaz Kilisdən Suriyaya ötürüləcək.
Referans oxu.az-a istinadən xəbər verir ki, bu marşrutla qaz tədarükü sayəsində hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki
dəfə artacaq.
Xatırladaq ki, ötən ilin dekabrında Suriyada baş verən dövlət çevrilişindən sonra yeni hökumət Türkiyə ilə əlaqə qurub. Türkiyə hökuməti digər
sahələrdə əlaqələri inkişaf etdirməklə yanaşı, enerji infrastrukturunun dirçəldilməsini üzərinə götürüb.
Suriyanın yeni hökuməti Azərbaycanla da diplomatik əlaqələri bərpa edib. Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb
Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. Bundan sonra Bakı Ankarayla birlikdə Suriyanın postmünaqişə dövründə
bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib. Mayın 4-də isə Prezident İlham Əliyevin tapşırığı ilə baş
nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək
və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq
imkanlarını araşdırmaq məqsədi daşıyıb. İyulun 12-də isə Bakıda İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaara ilə geniş
tərkibdə görüşü olub.
Razılaşmaların nəticəsi olaraq iyulun 30-da Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Suriyaya təbii qaz ixracında Türkiyənin
Azərbaycan və Qətərlə əməkdaşlıq edəcəyini açıqlayıb.
Tədarük Hələbdəki təbii qaz stansiyasında elektrik istehsalı məqsədilə istifadə olunacaq və təxminən 1200 meqavat elektrikə çevriləcək. Beləliklə,
hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq. Suriyada gündə 3-4 saat davam edən elektrik təchizatı bu dəstəklə 10
saata qədər çıxmış olacaq.
Elektrik dəstəyi yalnız təbii qazla məhdudlaşmır. Türkiyə Suriyanın şimalına elektrik ixracatını da artırmağı planlaşdırır. Mövcud xətlərlə 280
meqavat elektrik Suriyaya göndəriləcək.
Keçmişdə istifadə olunan Birecik-Hələb elektrik xətti də yenidən istifadəyə veriləcək. Təxminən 500 meqavat tutumlu bu xəttin də tamamlanması
ilə, ümumilikdə, 900 meqavatlıq elektrik ixracatı mümkün olacaq. Beləliklə, təxminən 1 milyon 600 min evin elektrik ehtiyacı qarşılanacaq.