Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar öz bəhrəsini verir. Xüsusilə qeyri-neft-qaz sektorunda sənaye məhsulunun həcmi ildən-ilə artır. İstehsal olunan məhsulların bir hissəsi ölkənin daxili tələbatının ödənilməsinə sərf edilir, digər hissəsi ixraca yönəldilir.
Beləliklə, qeyri-neft-qaz sektorunun inkişafı ölkənin gəlirlərini artırır. Bu sektordan dövlət büdcəsinə daxilolmaların və vergi ödənişlərinin həcmində müsbət dinamika müşahidə edilir. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların səviyyəsi 51,9 faiz olmuşdur ki, bu da proqnozla müqayisədə 4,7 faiz artım deməkdir.
Qeyri-neft-qaz sektorunun inkişafı həm də dövlətə ödənilən vergilərin artmasında özünü göstərir. Hesabat dövründə bu sektordan dövlət büdcəsinə 8 milyard 703,7 milyon manata yaxın vəsait daxil olub. Bu da proqnoza 105,7 faiz əməl edilməsi və ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artım deməkdir. Cari ilin 6 ayı ərzində ödənilən vergilərin 73,8 faizi qeyri-neft-qaz, 26,2 faizi isə neft-qaz sektorlarının payına düşüb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın iyun sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-may aylarında ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 1,4 milyard dollar təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 14,4 faiz artaraq 417,7 milyon dollara bərabər olub. Yanvar-may aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nisbətən 45,9, şəkər 30,1, pambıq iplik 14,5, meyvə-tərəvəz 19,1, qara metallar və onlardan hazırlanan məmulatlar 11,3 faiz artıb. Sözügedən dövrdə aqrar məhsullar üzrə ixrac 17,2 faiz yüksəlib. Cari ilin yanvar-may ayları ərzində yeyinti məhsullarının ixracı 3, aqrar-sənaye məhsulları üzrə ixrac isə 5,9 faiz artıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14 faiz çoxalıb. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, pomidor ikinci, pambıq üçüncü yerdə qərarlaşıb. May ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) birinci, pambıq ikinci, qızıl üçüncü olub.
Cari ilin ilk beş ayında ən çox Rusiya Federasiyasına, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Ukraynaya qeyri-neft sektoruna aid mal ixrac edilib.
İlin ilk 6 ayında hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Avrora", "P-AQRO", "Export Stream", "Khan-El", "Azərbaycan Şəkər İstehsalat Birliyi", "Sahdag SY", "Green Tech" MMC-lər. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu MMC və "Azəripək".
2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 7 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac edib. Qeyd edək ki, yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. Həmin aylarda "Azərkosmos" tərəfindən dünyanın 40 ölkəsinə 7 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizinə bərabər olub. May ayında isə "Azərkosmos" dünyanın 33 ölkəsinə 1,4 milyon dollar dəyərində xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Türkiyə və Misir qərarlaşıb.
Rüstəm KAMAL,
"Azərbaycan"